Yeni Zelandiya hökuməti bu gün deportasiya, sığınacaq və immiqrasiya qaydalarını sərtləşdirəcək qanunvericilik aktını təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hökumət bildirib ki, dəyişikliklər ciddi cinayətkarlıq, miqrantların istismarı və qanun pozuntuları iddiaları ilə mübarizə aparmaq üçün zəruridir.
Yeni Zelandiyanın immiqrasiya naziri Erika Stenford bildirib ki, dəyişikliklər sistemin ədalətliliyini, funksionallığını və effektivliyini təmin etməklə yanaşı, hakimiyyət orqanlarına immiqrasiya risklərini idarə etmək üçün mütənasib vasitələr təqdim edəcək.
Qeyd etmək lazımdır ki, qanun layihəsi vətəndaşın ağır cinayət törətdiyinə görə deportasiya edilə biləcəyi müddətin 10 ildən 20 ilə qədər, miqrantların istismarına görə maksimum cəzanın yeddi ildən 10 ilə qədər artırılmasını, immiqrasiya prosesi zamanı verilən yalan və ya yanlış məlumatlara qarşı tədbir görmək səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.