Yunanıstanlı nazir Avroqrupun sədri seçilib

Yunanıstanın iqtisadiyyat və maliyyə naziri Kiriakos Pierakakisin Avroqrupunun sədri seçilməsi ölkə və qitə üçün rəmzi hadisədir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu bəyanatla iqtisadi məslələr üzrə avrokomissar Valdis Dombrovskis çıxış edib.

"Biz Yunanıstanın məruz qaldığı dərin iqtisadi və maliyyə böhranını xatırlayırıq. Hətta həmin vaxt Yunanıstanın avrozonada üzvlüyü müzakirə predmeti olmuşdu", - Dombrovskis bildirib.

Onun sözlərinə görə, Yunanıstan avrozonanın ən yaxşı iqtisadiyyata malik ölkələrindən biridir: büdcə kəsiri yoxdur, maliyyə naziri isə Avroqrupun sədri seçilib.

Avrozonanın maliyyə nazirlərini birləşdirən qeyri-rəsmi, lakin əhəmiyyətli qrupun yeni rəhbəri əvvəlki sədr – İrlandiya hökumətindən ayrıldıqdan sonra postunu tərk edən Paskal Donohonun yerinə seçilməli olub.

Yunanıstan naziri Avroqrup sədri postu uğrunda "yarışda" Belçikanın Baş nazir müavini Vinsent van Peteqemi qabaqlayıb.

Avroqrup Avrozonanın maliyyə nazirlərinin qeyri-rəsmi forumu olsa da, bu vəzifə böhranların, xüsusilə Yunanıstanın suveren borc böhranının aradan qaldırılmasında açar rol oynayıb.