Zelenski: ABŞ-dən Ukraynaya hərbi dəstəyi yavaşlatmaq üçün siyasi qərar qəbul edilib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ senatorlarından Donald Tramp administrasiyasına təzyiq göstərməyi və kəşfiyyat məlumatlarının mübadiləsinə və silah tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb etməyi xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşrin əldə etdiyi görüşün stenoqramına əsasən, respublikaçı Tom Tillis və demokrat Riçard Blumentalın rəhbərlik etdiyi bir qrup senator ilə onlayn söhbət zamanı Zelenski Ukraynanın üzləşdiyi problemlərdən danışıb. Xüsusilə, Ağ Evin əksini bildirən açıqlamalarına baxmayaraq, “Starlink” və “Starshield” peyk sistemlərinin hələ də müəyyən məhdudiyyətlərlə işlədiyi qeyd olunub.

“Biz hələ də bununla bağlı heç bir izahat almamışıq. Təəssüf ki, yalnız müxtəlif qəribə hekayələr eşidirik”, - Ukrayna lideri senatorlara bildirib. O əlavə edib ki, bu vəziyyət Ukraynanın Rusiyanın hücum dronlarını vurmaq imkanlarını çətinləşdirir.

Ukrayna Prezidenti qeyd edib ki, ötən həftə ərzində Ukrayna üç dəfə Rusiyanın ballistik raket hücumları barədə ABŞ-dən əvvəlcədən xəbərdarlıq almayıb. O, bunun kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyətlərdən xəbər verdiyini ehtimal edib.

“Vaşinqtondan bunun niyə baş verdiyinə dair heç bir aydın izahat almamışıq”, - Zelenski əlavə edib.

Dövlət başçısı ABŞ-nin müharibə naziri Pit Heqsetin NATO ölkələri artıq ödəniş etsələr də, “Patriot” sistemləri üçün raket əleyhinə tutucuların və NASAMS hava hücumundan müdafiə sistemi üçün AIM-9X raketlərinin tədarükünə icazə vermədiyini bildirib.

“Amerikalı tərəfdaşlarımızdan aldığımız “Patriot” tutucuları demək olar, tükənib. Bütün bunlar Ukraynaya dəstəyi yavaşlatmaq üçün hansısa siyasi qərarın qəbul edildiyini göstərir. Nə baş verdiyini, niyə baş verdiyini və bütün bunların nəyə gətirib çıxaracağını anlamaq istəyirik”, - Volodimir Zelenski vurğulayıb.