Zelenskinin müharibəni dayandırmağa gücü yetmir
Ukrayna yaxın və orta perspektivdə geosiyasi qarşıdurmanın mərkəzi olaraq qalacaq
“Bizim uşaqlarımız uçan ulduzları yox, uçan raketləri çəkir. Musiqiçilərimiz smokinq əvəzinə zirehli gödəkçə geyinir”. Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Qremmi” mükafatlandırma mərasimində videomüraciətlə çıxış edərkən deyib. Zelenski bildirib ki, Qərb ölkələri müharibə haqqında həqiqəti söyləməlidir: “Bizi hər cür dəstəkləyin, amma susmaqla deyil. Sülh o zaman gələcək”. Prezident vurğulayıb ki, NATO ölkələri Kiyevi hərbi təyyarələrlə təmin etməyəcək:
“Qırıcı və ya bombardmançı təyyarələrə gəlincə, istənilən təyyarə bizə çox kömək edə bilərdi. Onlar insanların həyatını xilas edərdi və Rusiyanın səmada üstünlüyü olmazdı. Təəssüf ki, biz bunu əldə edə bilmirik”. Zelenski Kiyevə əlavə Sovet və ya Rusiya istehsalı silahların veriləcəyinə ümid etdiyini bildirib: “Mən bu tip silahların bizə verilməsində problem görmürəm. ABŞ və digər ölkələr tərəfindən istehsal edilən daha böyük sistemlərə gəlincə, biz, şübhəsiz ki, bu cür dəstəyi səbirsizliklə gözləyirik, lakin təəssüf ki, onlarla bağlı vəziyyət daha mürəkkəbdir”.
“ABŞ təhlükəsizlik zəmanəti vermir”
Zelenski təəssüflə bildirib ki, ABŞ Kiyevin istədiyi formada təhlükəsizlik zəmanəti verməyə razı deyil: “Mən Birləşmiş Ştatlara və ABŞ Prezident Administrasiyasına ikitərəfli dəstəyə, bizim üçün etdikləri hər şeyə görə təşəkkür etmək istərdim. Lakin buna baxmayaraq, Birləşmiş Ştatlar bizə təhlükəsizlik zəmanəti vermədi. Bunu başa düşmək lazımdır. Hələ ki, biz bu zəmanəti heç kimdən almamışıq”.
“Dialoqdan başqa yol yoxdur...”
Ukrayna Prezidenti Putinlə görüşün əsas şərtini açıqlayıb. O deyib ki, bunun üçün ilk növbədə tam atəşkəsə nail olmaq lazımdır: “Görülənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma bir Prezident kimi mən bunu etməliyəm”. Ukrayna Prezidentinin sözlərinə görə, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq üçün müharibəni dayandırmaq üçün dialoqdan başqa yol yoxdur: “Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, amma atəşlər davam edərkən bir araya belə gələ bilmirəm. Ona görə də əvvəlcə atəş dayandırılmalıdır. Onda görüş keçirə bilərik”. Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, görüşün baş tutması üçün iki nümayəndə heyəti tərəfindən ideyalar toplusu deyil, konkret yazılı sənədin hazırlanmalı olduğunu bildirib.
“Putinin məğlub olması üçün əlimizdən gələni edəcəyik”
Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib ki, London Putinin uğursuzluğa düçar olması üçün əlindən gələni edəcək: “NATO üzvləri 73 il əvvəl azadlıq və suverenlik uğrunda birləşdilər. Bu inam bu gün də davam edir. Ukrayna xalqı da həmin azadlıq uğrunda mübarizə aparır”.
“Polşa, Latviya, Litva, Estoniya sərhədlərini Rusiya və Belarusa bağlayır”
Ukrayna infrastruktur nazirinin müavini Mustafa Naim bildirib ki, Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiya və Belarusa məxsus yük maşınları üçün quru yolları tamamilə bağlayacaq. Bununla da Rusiyanın tam təcridi həyata keçəcək: “Ötən həftə biz rəsmi şəkildə Rusiya və Belarusun istənilən avtomobil yollarının bağlanması ilə bağlı müraciət etmişdik. Müraciətimizə dərhal reaksiya verilib. Yekun nəticəni gözləyirik”. Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bununla belə, Rusiya daşınmalar quru yolu ilə gerçəkləşdirilir.
Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqlayıb
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin heç vaxt Ukrayna prezidenti ilə görüşdən imtina etməyib. Ancaq konkret yazılı sənəd hazırlandıqdan sonra növbə ona çatacaq: “Putin heç vaxt belə görüşdən imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür, lakin bunun baş tutması üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd. Sonra belə bir görüşün növbəsi gələcək”. Jurnalistin “Minsk razılaşmaları üzrə 7 illik təcrübənin olduğunu nəzərə alaraq, bu sənədin həyata keçiriləcəyinə inam varmı” sualına cavabında Peskov belə deyib: “Bizim bu təcrübəmiz var, onu xatırlayırıq, çox yaxşı xatırlayırıq və buna uyğun hərəkət edirik. Əminəm ki, hərbi əməliyyatımızın məqsədləri tam şəkildə həyata keçiriləcək. Ümid edirəm ki, Rusiya-Ukrayna danışıqları baxımından aparılan gərgin səylər nəticəsində biz də müəyyən sənədin imzalanmasına gələcəyik və bu, vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq”.
“Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək”
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bəyanatında bildirib ki, Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək: “Avropa İttifaqı Rusiya silahlı qüvvələrinin işğaldan azad edilmiş Ukraynanın bir sıra şəhərlərində daha əvvəl törətdiyi vəhşəti ən sərt şəkildə pisləyir. Çox sayda mülki əhalinin ölümü, həmçinin mülki infrastrukturun dağıdılması ilə bağlı dəhşətli görüntüləri Rusiyanın Ukraynaya və onun xalqına qarşı apardığı amansız işğalçılıq müharibəsinin əsl simasını göstərir. Buça şəhərində və Ukraynanın digər şəhərlərində törədilən qətliamlar Avropa torpaqlarında törədilən vəhşiliklər siyahısına salınacaq”. Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, baş verənlərə görə Rusiya hakimiyyət orqanları məsuliyyət daşıyır: “Müharibə cinayətlərinin və digər ciddi pozuntuların təqsirkarları, habelə məsul dövlət rəsmiləri və hərbi rəhbərlər məsuliyyətə cəlb olunacaqlar. Avropa İttifaqı Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynada insan hüquqlarının pozulmasına və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyəti təmin etmək üçün bütün tədbirləri dəstəkləyir”.
AP Ukraynaya 3 məsələ ilə bağlı vəd verdi
Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Metsola 3 məsələnin təminatı ilə bağlı Ukrayna liderinə söz verib. O, Rusiyaya sanksiyaların davam edəcəyini, AB-yə üzvlük üçün müraciət edən Ukraynanı bu prosesdə dəstəkləyəcəklərini və ukraynalılara evlərinə qayıdana qədər yardımların ediləcəyini bildirib.
“Rusiyanın şuradakı iştirakı “komediya”dır”
ABŞ Rusiyanın BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq. Bu barədə Amerikanın təşkilatdakı səfiri Linda Tomas-Grinfild deyib. O, Rusiyanın şuradakı iştirakının “komediya” olduğunu bildirib: “Rusiyanın İnsan Haqları Şurasında iştirakı komediyadır. Bu, şuranın və BMT-nin etibarına böyük zərbə vurur. Bu yanlışdır və ona görə də biz inanırıq ki, BMT Baş Assambleyasında onun kənarlaşdırılması üçün səsvermənin vaxtıdır. Ukrayna, Avropa ölkələri və BMT-dəki digər tərəfdaşlarımızla birlikdə biz Rusiyanın BMT İnsan Haqları Şurasından kənarlaşdırılmasına çalışacağıq”.
Ukraynada geosiyasi hesablaşma: dünya yenidən bölünür
Ukraynanın işğalı məqsədilə hücuma keçəndən təxminən iki həftə sonra Rusiya Ukraynada gözləmədikləri mənzərə ilə qarşılaşdı. Siyasi planlarda ciddi korrektlər olmasa da, hərbi plan baş tutmamış kimi görünür. Bu, Qərb cəbhəsindən daha çox, Böyük Britaniyanın müharibənin gedişinə təsir edən dəstəyinin nəticəsidir. Burada uzlaşan maraqlar olmaqla yanaşı, hər kəsin öz oyununun olduğu da gerçəkdir. Böyük Britaniya Rusiya təhlükəsi üzərindən NATO-nu birləşdirmək, Fransa və Almaniyanı cəzalandırmaqda maraqlı olsa da, Çinin Orta dəhlizdə yolunun kəsilməsində maraqlı deyil.
Türkiyənin NATO ölkəsi olmasına baxmayaraq, Rusiya əleyhinə sanksiyalara qoşulmaması, Rusiya-Ukrayna danışıqlarında aparıcı qüvvə olması həm də buradan qaynaqlanır. Müharibədən öncə Rusiya ilə genişçaplı müqavilələr imzalayan Pekin II Dünya müharibəsindəki ABŞ-ı xatırladır.
Nəticənin nə olacağını görmək istəyir və mümkündür ki, siyasətini buna uyğun quracaq, müharibənin ilk günlərində fərqli, sonrakı günlərində fərqli mövqelər sərgiləməsi də bunu deməyə əsas verir.
Rusiyanın “qan itkisi” Çinin, xüsusilə Mərkəzi Asiyada yolunu aça bilər. Ukraynanın taleyinin Finlandiyanın taleyi ilə oxşar olacağı ehtimalı böyükdür.
Yəni torpaq itkisi hesabına olsa belə, Rusiyadan xilas olur, daha xoşbəxt və rifah ölkəsinə çevrilir. Hərçənd, Ukrayna yaxın və orta perspektivdə “soyuq müharibə”ni xatırladan geosiyasi qarşıdurmanın mərkəzi olaraq qalacaq. Çünki hər kəs istəyinə hələ tam nail olmayıb”.