Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının keçmiş müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu vəfat edib.
Bu barədə yazıçı Vaqif Sultanlı məlumat yayıb.
O bildirib ki, T.Hüseynoğlu Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, Tofiq Hüseynoğlu 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində anadan olub. 1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib.
1976-cı ildən Bakı Dövlət Universitetinin "Müasir Azərbaycan ədəbiyyatı" kafedrasında işləyib. 121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir.