"Bu rəqəm yalnız sevgidə bu qədər böyük ola bilər"
"Uşaq ədəbiyyatını böyük də oxuyub bir şey başa düşürsə, bu, əsl ədəbiyyatdır. Yox əgər yalnız
uşaq oxuyursa, deməli, bunun heç bir faydası yoxdur"
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Zahid Xəlilin adı türk oxucularına yaxşı
tanışdır. Türk dünyasında geniş yayılan "Temrin" dərgisi 86-cı sayını bütövlükdə onun
yaradıcılığına həsr edib. 2021-ci ilin ilk günlərində isə İstanbulun "Asmaaltı yayın evi" Zahid
Xəlilin "Qış nağılı" kitabını oxuculara təqdim edib.
Əsərləri türk dilinə tanınmış tərcüməçi Əbdülqadir Özqan və gənc şair-tərcüməçi Əbdürrəhim
Kiçik çeviriblər. Hər iki kitabın rəsmlərini tanınmış rəssam Şükran Ozqan çəkib.
Yazıçının fikrincə, "Qış nağılı" onun üçün ən yaxşı yeni il hədiyyəsidir.
“Şərq” yazıçı ilə söhbətləşib, digər suallara da cavab alıb.
- Uğurlarımız maqnit kimidir. Biri var olur, sonra digərlərini də özünə doğru çəkir. Zahid
müəllim, mənimlə razısız?
- Bəlkə də siz haqlısınız. Son zamanlar bizim "Qarabağ" zəfərimiz, bu yaxınlarda şahmat
aləmində Teymur Rəcəbovun qazandığı qələbə sanki bir-birini tamamladı. Ümumilikdə bütün
müvəffəqiyyətlər vəhdət təşkil edir. Burada müxtəlif sahələrdə idmanda, incəsənətdə,
ədəbiyyatda və s. də qazanılan uğurları bir-birinin davamı kimi götürə bilərik.
- Türkiyədə nəşr edilən "Yumru yumaq" kitabınızdan sonra 2021-in ilk günlərində "Qış nağılı"
kitabınızın nəşri sizdə necə təəssürat oyatdı?
- Bəli, 2020-ci ilin oktyabr ayında Türkiyədə mənim "Yumru yumaq" adında kitabım nəşr
olundu. Bu mənim üçün əlbəttə ki, çox sevindirici bir hadisə oldu. Mən bu kitabın da, yəni "Qış
nağılı" kitabımın da çıxacağını gözləyirdim. Çünki biz əvvəlcədən müqavilə bağlamışdıq.
Amma eyni zamanda tərəddüd də edirdim ki, hər hansısa hadisə baş versə çıxmaya bilər. Narahat
idim. Nəhayət, 2021-ci ilin ilk günlərindən birində kitabım işıq üzü gördü. Şübhəsiz, bu mənim
üçün çox gözəl xəbər oldu. Hələ də xəbərin xoş təəssüratları mənimlədir. Yəqin hələ bir müddət
də mənimlə olacaqlar.
- Nəyə görə "Qış nağılı"? Adın xüsusi səbəbi var, yoxsa....
- Kitabının adının "Qış nağılı" olmasının elə də xüsusi bir səbəbi yoxdur.
- "Yumru yumaq" kitabında 38 hekayəniz yer alıb. Bəs "Qış nağılı"nda nələri görmək olar?
- "Yumru yumaq" kitabında 38 hekayə, bu kitabda - "Qış nağılı" kitabında isə 15 hekayə yer
alıb. Bu hekayələrin hamısı müəyyən mənada bir-birinin davamı və inkişafı şəklində verilib.
- Bildiyimiz kimi "Yumru yumaq" kitabınızı Əbdülqadir Özqan və Əbdürrəhim Kiçik, "Qış
nağılı" kitabınızı isə Əbdürrəhim Kiçik türk dilinə tərcümə edib. Bu kitabların oxucular
tərəfindən sevilməsində tərcümənin rolunu necə qiymətləndirmək olar?
- "Yumru yumaq" kitabımı Əbdülqadir Özqan, "Qış nağılı" kitabımı isə Əbdürrəhim Kiçik türk
dilinə tərcümə edib. Əbdülqadir Özqan Türkiyənin tanınmış tərcüməçilərindəndir.
Azərbaycandan bir neçə roman da tərcümə edib. Mən onun qələminə yaxşı bələdəm. Türkiyədə
"Temrin" jurnal çıxmışdı. Bu jurnal bütünlükdə bir nömrəsinin 86-cı sayını mənə həsr etmişdi.
Orda Azərbaycandan göndərilən məqalələrin müəyyən hissəsini Əbdülqadir Özqan türk dilinə
tərcümə etmişdi. Mən gördüm ki, onun qələmi gözəldi. Biz onunla heç üz-üzə görüşməmişik
hələ də. Onun bu sahədə yaradıcılığına uzaqdan bələdəm və çox bəyənirəm. Azərbaycan ədibləri
də onu yaxşı tanıyırlar. İkinci kitabı ("Qış nağılı"nı) isə türk dilinə tərcümə edən Əbdürrəhim
Kiçikdir. Özü çox gənc biridir. Hələ Universitetdə sonuncu kursda oxuyur. Dəqiq deyə
bilmərəm, amma deyəsən, bu onun ilk tərcüməsidir. Bu da məni çox sevindirir. Bilirsiniz niyə?
Çünki əgər gənclik sənə qiymət verirsə, səndə böyük bir ruh yüksəkliyi olmalıdır ki, səni
sevirlər. Yaşlı nəsil çox vaxt bir-birinin qüsurunu demir, çalışır üstündən keçsin, amma gənclər
bu məsələdə daha ədalətli olurlar. Ona görə də Əbdürrəhim Kiçiyin "Qış nağılı" kitabımı
tərcümə etməyi məni xeyli sevindirdi. Onunla da hələ görüşə bilməmişəm. Bircə dəfə şəklini
görmüşəm. Deyim ki, əlbəttə kitabın tərcüməsindən çox şey asılıdır. Məsəl üçün, mən bunu
Rusiyada nəşr olunan kitablarımın tərcüməsindən görmüşəm. Belə bir məqam da var ki, nəsrdə
əsərin canında bir şey yoxdursa, hadisə maraq doğurmursa, tərcüməçi nə etsə də boşdur. Hər
halda tərcümə edən biri əsərə yeni bir hadisə bilməz ki. Tərcüməçi sadəcə sözləri doğru tərcümə
etməlidir. Mən kitabı diqqətlə oxudum gördüm ki, sözlər olduğu kimi yerində qalmaq şərtilə türk
dilinə tərcümə olunub. Çox da aydın başa düşülür. Heç bir dəyişiklik edilməyib. Belə də
olmalıdır. Yenə də qeyd edirəm tərcümənin böyük önəmi var. Amma nəsrin özündə də bir şey
olmalıdır.
- Türkiyədə nəşr olunan hər iki kitabdakı rəsmlərin müəllifi Şükran Ozqan olub. Sizcə, bu
kitablardakı rəsmlər nə qədər önəmlidir? Onlar şeirlərlə vəhdət təşkil edə bilibmi?
- Hələ kitab çap edilməmişdən əvvəl Əbdülqadir Özqan şəkilləri mənə göndərdi. Kitab
çapından öncə Şükran Ozqan hekayələrimi haradansa tapıb və onlara özü rəsmlər çəkib. Bu
rəsmləri görən kimi qeyri-ixtiyari olaraq həyəcanlandım. Mən gördüm ki, Şükran xanım mənim
ədəbiyyatdan nə tələb etdiyimi sanki başa düşür. Özü də rəsmlərdən onu tələb edir. Bu tələb
nədir : cansızları canlandırmaq, onlara həyat vermək, onları insan kimi danışdırmaq, rəsmlərdə
də onları canlı göstərmək. Şükran Ozqan bunları çox gözəl bilir. Mən sonradan onun haqqında
araşdırma apardım və gördüm ki, öz sahəsində tanınmış bir mütəxəssisdir. Hazırda Türkiyədə
universitetlərin birində bu sahə üzrə dərs deyir.
- Sizə görə uşaq ədəbiyyatının özəllikləri nələrdir?
- Bir şeyi xüsusi olaraq vurğulamaq istəyirəm. Bir az kobud səslənəcək amma deyəcəm. Bir
qisim insanlar uşaq ədəbiyyatını "uşaq-muşaq" ədəbiyyatı kimi başa düşürlər. Bunlar tamamilə
fərqli şeylərdir. Uşaq ədəbiyyatı yanlız uşaqlar üçün nəzərdə tutulmur. Bunu çox vaxt düzgün
anlamırlar. Uşaq ədəbiyyatı deyəndə biz "böyük uşaq ədəbiyyatını" nəzərdə tutmalıyıq. Məsəl
üçün, Canni Rodarinin, Qrimm qardaşlarının, Şarl Perronun əsərləri böyük uşaq ədəbiyyatıdır.
Yəni əslində uşaq ədəbiyyatının altında böyük sözaltı mənalar dayanır. Bu fikirlər həm də
böyüklərə aid olur. Uşaq ədəbiyyatını böyük də oxuyub bir şey başa düşürsə, bu, əsl
ədəbiyyatdır. Yox əgər yalnız uşaq oxuyursa, deməli, bunun heç bir faydası yoxdur.
- Bir yazıçı kimi ölkə hüdudlarından kənarda da sevilmək necə bir hissdir?
- Siz ölkə hüdudlarından kənarda sevilməyi soruşursunuz, amma elə ölkədə hüdudlarında da
sevilmək yazıçının ən böyük arzusudur. Yazıçı hiss edəndə ki, onu kimsə oxuyur, kimsə başa
düşür, kimsə sevir, sanki onun ömrü uzanır. Ona yeni bir ruh, yeni bir enerji gəlir. Bu enerji
oxucudan gələn enerjidir ki, onun da sayəsində yazıçı daha mükəmməl yazmaq istəyir. Əlbəttə,
bu çox gözəl bir hissdir. Mənim yadıma düşür ki, Moskvada radio proqramda çıxış etmişdim. Bir
həftə sonra məni çağırdılar. Mənə 25 min məktub göstərdilər. Onlar mənim üçün gəlmişdi. Yəni
25 min insanın səni sevməsi çox möhtəşəm bir hisdir. Onlar məndən bəzi sözlərin anlamını, hətta
bəzi bitkilərin adlarını belə soruşdular. Bu rəqəm yalnız sevgidə bu qədər böyük ola bilər. Birinə
nifrət edənlər qalxıb ona məktub yazmaq istəsələr heç vaxt bu rəqəmə yüksələ bilməzlər.
Ümumiyyətlə sevilmək gözəldir.
- Bundan sonrakı fəaliyyətinizdə nələri planlaşdırırsınız?
- Yazıçının planı nə ola bilər? Gündəlik fəaliyyət göstərsin, yeniliklər etsin, boş dayanmasın
bir növ kompüter kimi. Necə ki, kompüter günboyu lazım olmasa da açıq qoyulur, yazıçı da elə.
Bəzən bir gündə bir neçə yazı yazırsan, bəzən elə olur beş gün heç nə yazmırsan. Yazıçılıq
belədir. Mən bağ mövsümü olanda gündə üç-dörd şeir yazırdım. Özü də yaxşı şeirlər. Bağda
insanın zehni dirçəlir. Hazırda Bakıda olduğum üçün bəzən gündə bir şeir yazıram , bəzən də heç
nə yazmıram. Yazıçının işi planlı şəkildə getmir. Elə olsa idi bütün günü yazardım.
- Zahid müəllim, quyunun dibindəki adamdan (qeyd: Zahid Xəlilin "Quyunun dibindəki adam"
hekayəsində yaratdığı obraz nəzərdə tutulur) nə xəbər var?)
- Quyunun dibindəki adam hələ də ordadır (gülümsəyir). Mən güman edirəm ki, bu obraz hələ
yaşayacaq . Əgər bu gün o "quyunun dibindəki adam" sizi də narahat edirsə, onun taleyi sizi də
düşündürürsə, deməli, siz də o hadisəyə inanırsınız. Yazıçının ən böyük qələbəsi elə oxucunu
inandırmağıdır. Mən sizi inandıra bilmişəm. Bu gözəldir.
Günəş Mərdiyeva