"Elə yapışıblar ki, istintaq sənədlərində “S.R” imzası var. Bəlkə Sabit Rəhmandı, bəlkə Süleyman Rəhimovdu?"
"Məmməd Araz o fotonun qurbanı oldu, "xəstəlik tapdı"
Təsəvvür edin, sizə “Azərbaycan” adlı xəzinənin açarlarını verib, “içəri daxil ola bilərsən”, deyirlər. Sən də daxil olursan və nələr görürsən; tarix, ədəbiyyat, incəsənət, görkəmli şəxsiyyətlər... hamısı burda! Oğul gərək ki bu xəzinəyə xəyanət etməyə, onu qoruya, faydalana və başqalarının da – ümumən xalqın faydalanması üçün çalışa, xidmət göstərə. Söhbətin nədən getdiyini yəqin təxmin edər, oxucumuz.
Azərbaycan Milli Arxiv İdarəsindən danışırıq. İdarənin foyesində stenddəki fotolar ölkəmizin zəngin tarixinin yalnız bir hissəsi idi. Bu hesabla arxivin rəflərində - arxivin arxivində görün nələr var!.. Həmsöhbətimiz də çox maraqlı, ensiklopedik biliyə malik şəxsdir - Dövlət Tarix Arxivinin direktoru Aslan Kənan (Aslan Qasımlı). Bir insanın ki, əlinin altında qalın tarix yatsın. Maraqlı olmazmı?!
Aslan müəllimlə müsahibəyə hazırlaşanda ona “niyə Kənan?” sualını da verəcəyimi yaddaşımın bir kənarına yazdım. Bu haqda, bir qədər sonra. Əvvəlcə, əlinin altındakı xəzinənin Aslan müəllimə nə qazandırdığını öyrənməliyəm. Şühbəsiz, 30 il arxivdə çalışan alimin qazancı çox böyük olmalıdır. Aslan müəllim asta-asta, sanki 30 il əvvələ qayıdıb, təkrar o yollarla gəlirmiş kimi danışmağa başladı:
- Dövlət Tarix Arxivinin direktoru təyin edilməzdən əvvəl çox vəzifələrdə çalışmışam. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra müəllim işləmişəm. Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşam, Ədəbiyyat və İncəsənət Arxivində elmi işçi, şöbə müdiri, direktor müavini və sonra da Dövlət Tarix Arxivinin direktoru... Arxivşünas olmuşam, tədqiqatlar aparmışam. Bu işə həvəsim vardı, istəyirdim, bilinməyən imzaları, tanınmayan şəxsləri üzə çıxarım. Azərbaycanda yaşayan şair, yazıçılar haqqında tədqiqat aparırdım, həm də Azərbaycandan kənarda yaşamış şair və yazıçılar haqqında. Belə tədqiqatların birində təsadüfən qarşıma “Rana” təxəllüslü yazıçının əsəri çıxdı. Kitabın adı beləydi - “Onlar türklərdir”. Kitab 1950-ci ildə Ankarada çap olunmuşdu.
- Bəs bu hadisə nə vaxt olmuşdu, yəni sizin tapıntınız?
- Bu, təxminən 1992-ci illər idi. Kitabın ön sözünün müəllifi A.Anar idi. Mən bu kitabı Azərbaycan tükcəsinə uyğunlaşdırdım. Çünki kitab Osmanlı türkcəsində yazılmışdı. Əsər 2 hissədən ibarət idi. 3-cü hissə haqqında müəllif yazırdı ki, “o, qan içində olduğundan oxuna bilməyib”. 3-cü hissə yox idi, olmadı. Bəlkə də bu, yazıçının ədəbi priyomu idi, əsər maraqlı olsun deyə. Ya da bəlkə həqiqətən də 3-cü hissə əzəldən olmayıb. Bu əsər İkinci Cahan savaşında iştirak etmiş azərbaycanlılar haqqında idi. Müəllif yazır ki, müharibənin gedişində bir çanta tapıb, bu əsər də o çantanın içindəymiş. Görünür, partlayış olub, ya güllə atılıb, çantanın sahibi həlak olub, çanta da, içindəki əlyazmalar da qana bulanıb. Çantanı və içindəki əsəri tapan şəxs o yazılı dili anlamadığından bir türkə göstərib, türk bu yazının türkcə olduğunu deyib. Beləliklə, əsər nəşr edilib. Belə bir əhvalat qeyd edilir əsərin müəllifi tərəfindən. Amma mən yenə də düşünürdüm ki, bu müəllif kimdirsə, yəqin kimliyini gizli saxlamaq istəyib. Və belə bir üsuldan istifadə edib. Sonra mən özüm də o kitaba ön söz yazdım, kitab Bakıda nəşr olundu. Və böyük maraqla qarşılandı. Amma əsərin müəllifinin kimliyi məni rahat buraxmırdı. Hətta Ankaradakı Azərbaycan Kültür Dərnəyinin başqanı olmuş Məhəmməd Kəngərliyə məktub da yazdım ki, Rana təxəllüslü yazıçı barədə məlumatları varmı? Cavab gəlmədi. Təxminən 1995-96-cı illər olardı. Mənim dostum, Allah rəhmət eləsin, böyük ictimai xadim Ramiz Abutalıbov bir gün dedi ki, sənə məktublar verəcəyəm, onlarla tanış ol. Məktubları oxuyanda, Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu çıxdı qarşıma. Məktubda Düdənginski yazır ki, bizdə istedadlı bir yazıçı var, “Onlar türklərdir” əsərinin müəllifidir – Mirzə Abay Dağlı. Onda bildim ki, Rana təxəllüsü ilə əsər yazan Mirzə Abay Dağlıdır. Əsl adı da Cəmil İbrahim oğlu Ağayevdir. Mirzə Abay Dağlı haqqında Xalq yazıçısı Anarın da “Ədəbiyyat” qəzetində böyük məqaləsi dərc olunmuşdu. Amma Anar Rana təxəllüsü barədə heç nə yazmamışdı. Sonra bir alimimiz, adını çəkmirəm, demişdi ki, guya Rana təxəllüslü yazıçının kimliyini o tapıb. Professor Abid Tahirli mənə dedi ki, sən elə bir sübut ortaya qoya bilərsən ki, bu yazıçının kimliyini sən tədqiq etmisən? Mən də tapdım, göstərdim.
- Aslan müəllim, dəqiqləşdirim, zəhmət olmasa. Deməli, “Onlar türklərdir” əsərinin müəllifi Rana təxəllüslü Mirzə Abay Dağlı – Cəmil Ağayevdir. O, xaricdə yaşayıb?
- Bəli. Şəkillərini də tapmışdım, ailəsiylə. Qəzetə də verdim fotolarını. Çoxlu əsərləri, pyesləri var...
- Deyirsiz, başqa birisi öz adına çıxmaq istəyirdi, sizin tapıntınızı...
- Qoy istəsinlər. Bilirəm, mənə qarşı həmişə qısqanclıq var. Mən şöhrət “xəstəsi” deyiləm. Mən o yazıçının kimliyini Ramiz Abutalıbovun sayəsində tapdım...
- Sizə qarşı qısqanclıq olar da... Xəzinənin içindəsiniz... Nahaq soruşmadım, bu xəzinə sizə nə qazandırıb. Deməli,başqalarının qısqanclığı ilə də üzləşmisiniz...
- Özümə qarşı qısqanclığı, ədalətsizliyi çox görmüşəm. Eybi yoxdu... Qoy desinlər... Ədəbiyyat və İncəsənət Arxivində işləyəndə Yusif Vəzir Çəmənzəminlinin bir əsəri üzərində professor, türkoloq alim Tofiq Hacıyevlə birgə işləyirdik. Səhv etmirəmsə, “Tarixi, coğrafi... Azərbaycan” əsəri idi. Kitab nəşr olunanda baxdım ki, mənim adımı qeyd etməyiblər. Etiraz elədim, dedim, axı biz bu kitabı birgə işləmişik. Rəhmətlik, hardasa məqalə ilə çıxış edib mənə cavab yazıbmış. Gec bildim, dedim, xəbər etsəydiniz, mən də cavab yazardım. Sonra boş buraxdım...
- Adam baxır, bizim bəzi alimlərin, tədqiqatçıların arasında qısqanclıq, bir-birini qəbul etməmək, intriqa, başqasının zəhmətinə nəinki şərik çıxmaq, hətta oğurlamaq, elm oğurluğu... Ona görə elmimiz irəli getmir.
- Nə bilim, vallah! Gəlirlər, arxivlərdə işləyirlər, elə adam gəlir, arxiv nə olduğunu bilmir. 4 divar arasından kənara çıxmayıb. Dərd budu. İşgüzar, “rabotyaqa”ları da görmüşəm, “darmoyed”ləri də. Eləsi var, çalışır hər işi öz adına bağlasın, birinci olsun. Eh, olursan ol də... Təki elmə xeyri dəysin. Mən indiyədək heç kimə yarınmamışam. Yarınsaydım, fəxri ad da alardım, vəzifə də alardım. Daxilimdə yoxdu, yaltaqlıq, yarınmaq. Bunu Allah xatirinə mütləq deməliyəm ki, Əsgər müəllim (AR Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov - red.) rəis təyin olunandan işləmək üçün hər cür şərait yaradıb. Türkoloq alimdi. Şükür Allaha, daha stresdən xilas olmuşam. Yol göstərir, dəstək verir.
- Aslan müəllim, ürək də eləmirəm, amma yenə də cürət edib soruşacam. Niyə Kənan soyadını götürmüsünüz?
(Aslan müəllim duruxdu. Susdu. Cavabı gecikirdi... Zənn etdiyim kimi idi deyəsən. Yenə də özümdə cəsarət axtardım)
- ...Övladınızla bağlıdı? Nəsə bir qəza, faciə?..
(Başını azacıq tərpətdi. Gözləri dolmuşdu... Səsi qırıla-qırıla)
- Gəlin bu məsələnin üzərindən keçək...
- Baş üstə!.. (Bir qədər fasilə verməli olduq) Aslan müəllim, Ədəbiyyat və İncəsənət Arxivində işləyəndə də yəqin görkəmli şəxsiyyətlərin, tanınmış insanların bilinməyən tərəflərini üzə çıxarmısınız, cəmiyyətə məlum olmayan faktlarla rastlaşmısınız...
- Mən burda işləyə-işləyə 2 kitab nəşr etdirdim. Biri “XX əsrdə repressiya qurbanları”, biri də “30-cu illərin günahsız qurbanları” kitabları. Bu kitabları həm Yazıçılar İttifaqının sənədləri, həm də ozamankı Dövlət Təhlükəsizlik Komitəsinin arxiv sənədləri əsasında yazdım.
Belə deyim, Azərbaycan Yazıçılar İttifaqında 1928-ci ildən 1970-ci ilədək baş vermiş hadisələrin hamısıyla tanışam. Bu sənədləri tədqiq edə-edə bilinməyən adları, faktları üzə çıxardım. Mənə dedilər ki, niyə bu adları açıqlayırsan? Siz də o dövrdə olsaydınız, belə edərdiniz. Dedim, mən heç kimi qınamıram, heç kimi günahlandırmıram. Bəli, “NKVD”-nin “podvalı”nda, zopa altında dözmək hər oğulun işi deyil. Zopa altında çoxları bir-birinin üzünə durub. Dəhşətə baxın, Hacı Kərim Sanılını döyə-döyə öldürüblər. Əhməd Triniç olub, əslən Osmanlıdır. Atatürkün yerlisi. Cümhuriyyət dönəmində Nuru Paşanın yavəri imiş. Qafqaz İslam Ordusu Bakıya daxil olanda mauzerini qaldırıb havaya güllə atır ki, şükür, Bakı daşnaklardan xilas oldu. Ziyalı insan olub, bolşevik hakimiyyətində hətta bir müddət “Kommunist” qəzetinin baş redaktoru işləyib. Sonra onu da bolşeviklərin düşməni kimi həbs ediblər, işgəncə veriblər, güllələyiblər. Bacısını da güllələyiblər. O vaxt Stalinin belə bir qərarı varmış ki, güllələnmə hökmü çıxarılanların ailələri də sürgün olunsun. Amma kimlərə ki, həbs cəzası verilib, onların ailəsinə toxunulmasın. Amma görürük ki, hətta həbs olunanların da ailələri təqib edilib, məhrumiyyətlərə məruz qalıblar. Mikayıl Müşfiq həbs olunanda dayısı oğlu Əlihüseyn Dağlı da həbs edilib. Əlihüseyn Dağlı çox sonralar, 83 yaşında vəfat etdi. O, “NKVD”-nin zirzəmisində baş verənlərdən danışardı.
- Aslan müəllim, DTK arxivlərinin açılıb-açılmaması həmişə müzakirə predmeti olur. Kimisi deyir, açılsın, bilək kim kimdi, kimisi də etiraz edir ki, lazım deyil. “Hamı”ya xain damğası vurulmasın. Siz hansı fikirdəsiniz, bilinməlidir həqiqətlər?
- Mən yenə deyirəm ki, heç kəsi günahlandırmıram. Mən ev davası, vəzifə, fəxri ad davası “döyənləri” tənqid edirəm. O adamları günahlandırıram ki, öz dərisini qorumaq üçün başqasını satıb, yoluna daş qoyub. Ona görə bu adları açıqlayırdım ki, hər kəs kim olduğunu bilsin. Sussun, danışmasın. Təsəvvür edə bilirsiniz, İslam Səfərlini Yazıçılar İttifaqından xaric etmişdilər. “Ağ xalatlı qız” əsərinə görə.
- “Ağ xalatlı qız” “Göz həkimi” deyil? Tamaşaya qoyulan pyes.
- Bəli, odur.
- Niyə? Nə var ki, o əsərdə?
- Nə bilim... Kiminsə xoşuna gəlməmişdi. Tənqid eləyiblər, özünü də Yazıçılar İttifaqından xaric ediblər. Rəhmətlik Məmməd Arazı bir fotoya görə vəzifədən çıxardılar. Halbuki onun heç bir günahı olmamışdı. Nəriman Nərimanovun heykəlinin açılışı olacaqmış, açılış olmamış, abidənin fotosu “Ədəbiyyat” qəzetində dərc olunub. Məmməd Araz o vaxt qəzetdə baş redaktorun müavini işləyirmiş. Atıblar onun üstünə ki, guya fotonu o verib.
- Fotonu dərc edəndə nə olur ki?
- Olmaz da. Gərək əvvəlcə açılış olsun, sonra foto yayılsın. Məmməd Araz bundan sonra xəstəlik tapdı... Haqsızlığa uğraması xəstə saldı o boyda kişini. Sizə deyim, indi Süleyman Rüstəmin adını çəkən yoxdur. Elə bil belə şair heç olmayıb. Amma sizə əminliklə deyirəm, Süleyman Rüstəm yeganə adamdı ki, 1937-də heç kimi satmayıb. Heç kimin üzünə durmayıb. Nə olsun, başlayırlar ki, “layka ham-ham elədi”, filan... “Oxuma, tar” yazıb. Nə olsun? Özü deyirdi ki, o vaxt “Oxuma, tar” yazmışdım. Amma tar evdə başımın üstündədi. Mən Süleyman Rüstəmin oğlunu tanıyıram. Bir dəfə ona dedim ki, bilirsən sənin atanın ən böyük günahı nədi? Atanın günahı odur ki, səni şair, yazıçı eləməyib. Yoxsa indi onun da əsərləri cild-cild nəşr olunardı, yubileyləri keçirilərdi. Elə yapışıblar ki, istintaq sənədlərində “S.R” imzası var. Bəlkə Sabit Rəhmandı, bəlkə Süleyman Rəhimovdu? Niyə ancaq Süleyman Rüstəmi düşünürsünüz?! Bəzilərinin bəxti ona görə gətirdi ki, övladları şair, yazıçı, bəstəkar, millət vəkili, tədqiqatçı, tərcüməçi... oldular. Mənə deyirlər, Səməd Vurğundan nə istəyirsən, böyük şairdi. Bəli, böyük şairdi, hətta dahi şairdi. Amma o da mədhiyyə yazıb. “Rəhbərə salam”, “Stalin” ...
- Yenə sizə qarşı çıxacaqlar...
- Olsun. Mən öyrəşmişəm. Heç kimdən də qorxmuram. Soruşursunuz, DTK arxivləri açılsın, açılmasın. Sizə bir hadisə də danışım. Mən Cəmşid Əmirovun çap olunmamış əsərlərini tədqiq etmişəm, onun haqqında filmin senari müəllifiyəm. Bir dostum vardı, istintaqçı idi. Mənə dedi ki, Aslan müəllim, biz istintaqçıların casusları var. Onlar bizə xəbər gətirirlər. Bilirik kim nə işlə məşğuldur. O vaxtı daxili işlər naziri vardı, Arif Heydərov. Çox gözəl insan idi. Bacarıqlı da orqan işçisiydi. Şəhərdə təkbaşına, piyada gəzərdi. Onu kabinetində güllələdilər. Əslində, onu güllələməyə gəlməyibmiş o adam. Onun müavini vardı, Kazımov. Kimdənsə rüşvət alıb işə düzəltmək üçün, amma düzəltməmişdi. Bu adam da qisas almaq üçün daxil olub kabinetə, həmin vaxt da taleyin işidi, Arif Heydərov da orda olub. Müavini də vurub, naziri də. Təsəvvür edin ki, daxili işlər nazirinin seyfindən cəmi 64 rubl pul çıxmışdı, müavinin seyfindən isə 7 min rubl! A.Heydərov tapşırıq veribmiş ki, narkomanlara güzəşt olmayacaq. Dostum danışırdı ki, casusluq edən adamı tutublar narkotik üstə. Deyir, getdim, nazirin qəbuluna, dedim, yoldaş general, bu adam mənim “sağ əlimdi”. O da güzəştə getdi, bu mənada ki, bir nəfər içəridə yatacaq, 10 nəfər bayırda “öz” işiylə məşğul olacaq, bu, düzgün olmaz. Bir nəfəri buraxaq, 10 nəfəri “gətirsin”. Bunu ona görə danışdım ki, yəni casuslar, “agentlər” həmişə olub, var. Onsuz da məni istəməyənlər çoxdu. Mənim Firudin Şuşinski haqqında da kitabım var. Muğamın yeganə tədqiqatçısı rəhmətlik Firudin Şuşinski idi. Əyilən adam deyildi, rəhmətlik. Sözünü də düz üzə deyərdi. Kitabda bəzi məqamlara toxunmuşam. Bir kamança çalan var, Abasqulu Nəcəfzadə. Mənə etiraz elədi ki, niyə belə yazmısan, dedim, rəhmətlik Azad Mirzəcanzadənin zamanı olsaydı, səni Ali Attestasiya Komissiyasının qapısından içəri buraxmazdılar. Amma o yoxdu, sənə alimlik dərəcəsi veriblər.
- Aslan müəllim, sonda arzunuzu, istəyinizi bildirərdiniz.
- Arzum özümlə bağlı deyil. İstərdim, Milli Arxiv İdarəsinin yaranma günü qeyd edilsin. Bütün peşələrin, demək olar, peşə günləri qeyd edilir. Arxiv işçilərininsə peşə günü yoxdur. Əslində Milli Arxiv İdarəsinin 100 illiyi qeyd olunmalıydı. Qeyd olunmadı. Arxiv Azərbaycanın güzgüsüdür. Ona ögey münasibət bəslənməsin. Başqa nə arzulaya bilərəm?.. Şükür Allaha, torpaqlarımız işğaldan azad edildi. Bundan sonra əmin-amanlıq olsun.
Söhbətləşdi: Məlahət Rzayeva