Klassik ədəbiyyatımıza baxıb görürsən ki, bir sıra nümayəndələr var ki, onların bu gün bir imza kimi yaşamasının əsasında tək sənətkarlıq faktoru yox, həm də məişət, cəmiyyət problemlərinin eləcə xammal şəklində qabardılması faktoru dayanır. Hətta bir çox hallarda əsərlərdəki mövzu sənətkarlığı üstələyir ki, bu da sənətin bir ayrı məğlubiyyətidir.
Məsələn, Sabirin, Mirzə Cəlilin...istedadı, ədəbi təfəkkürü maarifçilik xüsusiyyətlərindən, prinsiplərindən, xarakterindən qat-qat zəif olub. Bütün zamanlarda da o zəiflik onların ziyalılıq görkəminin kölgəsində gizlənə bilib.
Doğrudur, istənilən bədii mətnin yaranmasında mövzu mütləqdir.Bu öz yerində...Amma sənətkarlıq o zaman meydana gəlir ki, belə demək mümkünsə, sən o mövzunu öz istedadının süzgəcindən keçirib emal edə bilirsən. Əks halda, sən sadəcə maarifçi, təbliğatçı...və ya ədəbiyyatla heç bir əlaqəsi olmayan bu kimi "vəzifə"lərin daşıyıcısısan...
Məsələn, Sabirin yaradıcılığının əksər məqamında mövzu xammaldır, sənət erasına keçə bilməyib. Ona görə də bu gün Sabir sənətdən çox kütlənin təfəkküründə "diri" qalıb.
Əgər ədəbiyyatın öz ixtiyarına buraxılsaydı ədəbiyyat sənət arenasında Nizamini, Sabiri, Mirzə Cəlili...sözün yaxşı mənasında öz "dəyirmanında" çoxdan "əridib" yox etmişdi. Sadəcə kütlə (və ya kütlələşmiş ədəbi toplum), siyasət imkan vermir.
Bu məqamda unutmayaq ki, xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir...
Emil Rasimoğlu