Han Kanq kifayət qədər maraqlı yazıçıdır -RƏY

“Ağ kitab”ında konkret hekayə yoxdur. Ağ it, şəkər tozu, ana südü və düyü vasitəsilə insanın acizliyini göstərir
 
Nobel mükafatı artıq çox məşhur yazıçılara yox, nisbətən az tanınan müəlliflərə verilir
 
 
 Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi koreyalı yazıçı Han Kanqa verildi. O, bu mükafata tarixi travmaları və insan həyatının kövrəkliyini üzə çıxaran poetik nəsrinə görə layiq görülüb.
“Han Kanq əsərlərində tarixi travmalar və görünməz qaydalar toplusu ilə qarşılaşır və hər bir əsərində insan həyatının kövrəkliyini ortaya qoyur. O, bədənlə ruhun, dirilərlə ölülərin əlaqəsini özünəməxsus dərk edir, poetik və eksperimental üslubu ilə çağdaş nəsrin yenilikçisinə çevrilib”, – Nobel Komitəsinin press-relizində belə yazılıb...
Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı alan ilk asiyalı qadın olan  Han Kanq 1970-ci ildə Cənubi Koreyanın Kvancu şəhərində, yazıçı Han Sınvonun ailəsində anadan olub, Yense universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb. Han Kanq Yonsei Universitetində Koreya Ədəbiyyatı üzrə təhsil alıb. Bu dövr onun yazı tərzinin formalaşmasında və mədəni mövzulara olan marağında mühüm rol oynayıb. Universitet təhsilindən sonra özünü yazıçılığa həsr edib.
Yaradıcılığa şair kimi başlayıb, sonra nəsr əsərləri qələmə alıb, 1994-cü ildə Seulda keçirilən ədəbi müsabiqənin qalibi olub. “Yesunun məhəbbəti” adlı ilk hekayələr kitabı 1995-ci ildə nəşr edilib. “Sənin soyuq əllərin”, “O gələn oğlan”, “Vegeterian qadın”, “İnsan əməlləri”, “Yunan dili dərsləri”, “Sevimli oğluma”, “Mən vidalaşmıram” kimi əsərləri bir çox dillərə tərcümə olunub. Çağdaş Koreya nəsrində impressionist üslubu ilə seçilir. Buker, Li San, Mediçi və s. ədəbi mükafatlara layiq görülüb. Seul universitetində yazı sənətkarlığından dərs deyir.
Qeyd edək ki, yazıçı ona məşhurluq gətirən “The Vegetarian” romanına görə 2016-cı ildə “Buker” mükafatına da layiq görülüb.
Lakin maraq doğuran bir məsələ var ki, Han Kanqın adı Nobelə layiq  olan yazarlar arasında ilk onluqda belə yox idi... Bəs, necə oldu ki, mükafat C.Koreya yazıçısına verildi?

 Yazıçı Cəlil Cavanşir “Sherg.az”a açıqlamasında ədəbiyyat üzrə Nobel mükafatı alan Han Kanqın "Booker" mükafatı  alan "Vegetarian" romanını oxuduğunu deyib: 
 “Kifayət qədər maraqlı yazıçı hesab edirəm. Bütün yaradıcılığından xəbərdar olmadığım üçün hökm vermək istəməzdim. Hər halda Nobel Komitəsi yüzlərlə yazıçının arasından Han Kanqı seçibsə, demək ki, yaradıcılığı ilə dünyanın diqqətini cəlb edə bilib. Nobeldən öncə Beynəlxalq "Booker" mükafatına layiq görülmüş yazıçının layiq olmadığını düşünmək yanlış olar. Ümumiyyətlə, ədəbiyyat üzrə Nobel mükafatını hər il sürpriz müəlliflərə verirlər. Görünür, yaradıcılıq faktoru bu mükafatda əsas meyar deyil”.

 Yazar Tural Cəfərov isə  qeyd edib ki, qlobal ədəbi prosesi izləmək çox çətin və bəlkə də, mümkünsüzdür:
 “Yüzlərlə ölkə, minlərlə müəllif, on minlərlə kitab var. Bələd olmadığım bir müəlliflə bağlı bir şey deyə bilmərəm. Ancaq əmin olduğum bir şey var, o da Nobel Mükafat Komitəsinin öz prinsiplərini, standartlarını, meyarlarını şəffaf şəkildə açıqlamasıdır”.
 Yazıçı Han Kanqanın  Nobelə nə dərəcə  layiq yazıçı olub-olmaması ilə bağlı “Şərq”in suallarını cavablandıran yazar Ülvi Bahadır hesab edir ki, Nobel Komitəsi artıq uzun müddətdir, çox məşhur yazıçılara yox, nisbətən az tanınan müəlliflərə mükafat verir. Bununla da belə müəllifləri aktuallaşdırır. Kanq bundan əvvəl “Vegeterian” romanına görə "Buker" mükafatı qazanmışdı.

 Han Kanqanın  “Vegeterian” və “Ağ kitab” romanlarını oxuduğunu vurğulayan yazıçı deyib ki, “Vegeterian” ortabab əsərdir:
 “Ancaq “Ağ kitab”ı çox bəyənmişdim.   “Vegeterian” romanında gördüyü qanlı yuxulardan sonra ət yeməkdən imtina eləyən, buna görə cəmiyyətin təzyiqi ilə üzləşən bir qadının yaşadıqlarından bəhs edir.
Oxuduğum digər əsəri olan “Ağ kitab”ın isə konkret hekayəsi yoxdur. Ağ it, şəkər tozu, ana südü və düyü vasitəsilə insanın acizliyini göstərir. Öyrəndiyim qədərilə müəllifin əsas əsəri "İnsan əməlləri”dir. Hələ ki, tanış deyiləm, ancaq ilk fürsətdə oxuyacağam”.

 Son zamanlarda Cənubi Koreya ədəbiyyatına marağın artdığını deyən Ü.Bahadır qeyd edib ki, xüsusilə də Cənubi Koreya kinosu çox populyardır: 
“Kanqın mövzuları da hazırda dünyanı maraqlandıran mövzulardır. Düşünürəm ki, ona Nobeli toxunduğu mövzular gətirdi.  Qalib gələcəyini gözləməsəm də, mən  Mişel Ulbekin qazanmasını istəyərdim. Ancaq Ernodan sonra daha bir fransıza verməzdilər".

Aqşin Yenisey isə söyləyib ki, desəm ki, mən, ümumiyyətlə, mükafatlarla, müsabiqələrlə yaxından maraqlanmıram, yəqin ki, bunu yekəxanalıq kimi qələmə verməzlər: 
"Mənim üçün mükafat ustalığı şübhə doğurmayan müəlliflərin dilindən adını eşitdiyim imzaları tanımaqdır. Bəzən bu dəyərləndirməmdə də yanılıram. Nobelə, Bukerə gedən yolda müəlliflərə nə qədər pul xərcləndiyini, nə qədər şəxsi münasibətlərin rol oynadığını, siyasi hesablamaların aparıldığını biləndən sonra sənətin o yerə yedəkdə gedib çıxması işləri korlayır. Nobel alıb unudulan onlarla yazıçının aqibətini yada salmağa ehtiyac varmı? Müsabiqə gözəli seçir, ədəbiyyat isə gözəlliyin tərəfindədir".