Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 45003:2024 “Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə - İş yerində psixoloji sağlamlıq və təhlükəsizlik - Psixososial risklərin idarə edilməsi üzrə rəhbəredici göstərişlər”, AZS ISO 45004:2024 “Əməyin təhlükəsizliyi və gigiyenasının idarə edilməsi - Fəaliyyətin qiymətləndirilməsinə dair göstərişlər” dövlət standartlarını qəbul edib.
Bu barədə "APA-Economics"ə AZSTAND-dan bildirilib.

Sözügedən dövlət standartları əməyin təhlükəsizliyi və gigiyenası (ƏTG) üzrə fəaliyyətin qiymətləndirilməsi zamanı müvafiq göstəricilərin hazırlanması da daxil olmaqla monitorinq, ölçmə və təhlil prosesləri üzrə təlimatlar və prosedurları əhatə edir. Həmçinin təşkilatlara iş qəzalarının və peşə xəstəliklərini minimuma endirməyə və ya qarşısını almağa imkan yaradacaq.

Qeyd edək ki, sözügedən dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.