Moskva və Kiyev güzəştə hazır deyil: Tramp müharibəni dayandırmaq üçün təzyiq siyasətini işə salacaq

Rusiyanın qarşısını kəsmək üçün ABŞ prezidenti neftin qiymətini 40 dollara kimi sala bilər

Rusiya Prezidenti Vladimir Putin Trampı aldatmağın yolunu bilir. Bu sözləri ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyib. Onun sözlərinə görə, bu, Ukrayna münaqişəsinin həlli üçün təhlükəli şərtlərlə doludur: “Tramp Ukrayna münaqişəsini və Yaxın Şərqdəki müharibəni geridə qoymaq niyyətindədir. Bunun Ukrayna üçün nə ilə nəticələnəcəyindən narahatam. Çünki nizamlanma şərtlərinin necə olduğu sizi maraqlandırmırsa, o zaman Putinin Trampa təsir göstərməyə çalışacağına şübhəm yoxdur. O, buna necə nail olacağını bilir. Putin Trampı necə aldatmağı bilir və hesab edirəm ki, bu, Ukrayna üçün çox təhlükəlidir”. Ukraynalı ekspert Pavel Qvozdenko isə deyib ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin mümkün görüşü çətin ki, Ukraynada müharibəni dərhal dayandırsın: "Amma Amerika Birləşmiş Ştatlarının qlobal geosiyasətdəki gücünü və çəkisini nəzərə alsaq, görünür, bəzi mexanizmlər var ki, müharibəni bir gündə olmasa da, kifayət qədər tez bir zamanda başa çatdırmaq olar". Ekspertin fikrincə, xüsusilə bu mexanizmlər iqtisadi xarakterli ola, təcavüzkarın resurs əldə etməsinə imkan verməyən sanksiyalar tətbiq edilə bilər: "Digər mexanizm isə Ukraynanı kifayət qədər silah və sursatla təmin etməkdir". İsveçrə Prezidenti Karin Keller-Zutter deyib ki, onlar Ukrayna ilə bağlı hazırlıq danışıqları aparmağa hazırdırlar, Kiyev də bu ideyanı dəstəkləyib: “Mən Prezident Zelenskini bu həftə Davos Forumunda keçirilən görüşdə əmin etdim ki, biz hazırlıq danışıqları aparmağa hazırıq. O da razılaşdı”. Onun sözlərinə görə, Ukrayna ilə bağlı yeni konfransın planlarına qərar verməzdən əvvəl İsveçrə amerikalıların planını bilməlidir: “Onlar sülh danışıqlarında əsas amildir və ABŞ-nin yeni administrasiyasının hara getmək istədiyi hələ bəlli deyil. Bundan əlavə, Rusiya da danışıqlar masasında olmalı və qlobal Cənub ölkələri də iştirak etməlidir”.

Siyasi şərhçi Zeynal Əmraliyev "Sherg.az"a  deyib ki, ABŞ Prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında Ukraynada müharibəni 24 saat ərzində dayandıracağını bildirmişdi. Düzdür, yeni prezidentin bu qədər qısa müddətdə Rusiyanı dayandıra biləcəyi gözlənilmirdi. Lakin artıq 3-cü ilinə yaxınlaşan müharibədə sülhün həm Moskvanın, həm Kiyevin qarşılıqlı şəkildə güzəştə getməsi ilə mümkün olacağı bəllidir: 
"Nə Rusiya, nə də Ukrayna rəhbərliyi güzəştin tərəfdarıdır. Hakimiyyətə qayıdışı zamanı dünyanın Trampdan ən çox gözlədiyi məhz bu dəhşətli müharibəni dayandırmasıdır. Əgər Tramp yaxın 4 ildə  bunu bacarmasa, həm ABŞ dövlət olaraq çətin vəziyyətə düşəcək, həm də 2028-ci ildəki seçkilərdə respublikaçıların qələbə şansı azalacaq. Buna görə Tramp hər iki tərəfə maksimum təzyiq siyasətindən istifadə etməlidir. Ukraynada Volodimir Zelenski hökumətini razı salmaq asandır. ABŞ Ukraynaya verdiyi silahlı dəstəyi kəssə, eyni zamanda Avropadakı müttəfiqlərini buna məcbur etsə, Kiyev müharibəni dayandırmağa məcbur olacaq. Düzdür, bu vəziyyəti nəzərə alaraq son zamanlar Ukrayna rəhbərliyi Trampın əsas qlobal rəqibi olan Çinlə müttəfiqlik əlaqələrinə maraq göstərir. Ancaq rəsmi Pekinin Moskva ilə münasibəti korlamaq bahasına Kiyevə güclü dəstək göndərəcəyi gözlənilən deyil. Buna görə də Ukraynanın müharibədəki taleyi hazırda daha çox ABŞ-nin qərarından asılıdır".

Analitik düşünür ki, müharibəni dayandırmaq üçün əsas məsələ rus ordusunu dayandırmaqdır: 
"Co Bayden son günlərdə qarşı tərəfə ağır sanksiya tətbiq etməklə Trampa bu məsələdə xeyli köməklik göstərdi. Yeni administrasiya Rusiyanın iqtisadi vəziyyətini daha da ağırlaşdırmağa çalışacaq. Eyni zamanda Trampın neftin qiymətini aşağı salmaq üçün hərəkətə keçəcəyi gözləniləndir. Rusiyanın qarşısını kəsmək üçün ABŞ prezidenti neftin qiymətini 40 dollara kimi sala bilər. Bu, eyni zamanda Donald Trampın seçkiqabağı təbliğatı səsləndirdiyi vədlərə də uyğun gəlir. Həmçinin, yeni prezidentin əsas müttəfiqi olan Elon Maskın da iqtisadi mənafeyinə uyğundur. ABŞ bunun üçün Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələrini razı salmalıdır. Nəzərə alaq ki, Trampın Ər-Riyadla gözəl münasibəti var və bu krallıq onun bölgədəki əsas dayağı sayılır. Tramp İsrail və HƏMAS arasında atəşkəsə nail olmaqla ərəb dünyasında öz nüfuzunu daha da artırdı. ABŞ-nin yeni sanksiyalarında əsasən neft sektorunun hədəf seçilməsi də buna hesablanmış addımdır. Tramp müharibəni dayandıra bilsə də, ümumi sülhdən danışmaq tezdir. Çünki dəhşətli müharibə tərəflər arasında etimad mühitini yoxa çıxarıb. Bunun üçün ciddi danışıqlara ehtiyac var. Ağ Ev rəhbəri danışıqlarda vasitəçiliyi ələ almağa çalışacaq. Biznesdə kifayət qədər uğurlu olan Trampın vasitəçi kimi nə qədər uğur qazanacağı bir qədər müəmmalıdır".