Professor: Həkimlərə sənədlərinin əsasında lisenziya verilmə sistemi yaradılmadan məsələ həll oluna bilməz

"Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb".
Bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər:
"Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq".


Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, ölkədə hər bir həkimə sənədlərinin əsasında lisenziya verilmə sistemi yaradılmadan bu məsələ həll oluna bilməz: 

“Yəni akkreditasiya sistemi olmalıdır. Həkim öz sənədlərini akkreditasiya komissiyasına təqdim edir və oradan ona fəaliyyət lisenziyası verilir. Hər ölkədə bu vaxtlar müxtəlifdir. Sonrakı dövrdə isə lisenziya təzələnir, həmçinin həkimin diplomunun qanuni olub-olmaması və uyğunluğu orada görünür. Bizdə nədir? Sadəcə sertifikasiya imtahanı mövcuddur ki, bu da tam mənasızdır. Dünyada heç bir analogiyası olmayan bir biabırçılıqdır. Ona görə də akkreditasiya sistemi olmalıdır. Yoxsa məsələlər bu cür həll olunacaqsa, müsbət nəticə gözləmirik”.