Qondarma "erməni soyqırımı": Paşinyandan etiraf, həqiqətlər üzə çıxır

Hökumət başçısı səviyyəsində açıqlamalar göstərir ki, İrəvan qondarma "erməni soyqırımı" təbliğatından geri çəkilmək niyyətindədir

Ermənistan Baş naziri Nikol Paşinyan İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı növbəti dəfə qondarma "erməni soyqırımı" barədə danışıb. Baş nazir deyib ki, “erməni soyqırımı”nın tarixinə qayıtmalı, nəyin nə üçün baş verdiyini başa düşməliyik. O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirib: “Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1939-cu ildə bu mövzudan ümumiyyətlə heç yerdə bəhs edilmir, amma 1950-ci ildə anidən gündəmə gəlir? Aydınlaşdırılmalıdır”. 
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə “erməni soyqırımı” iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini demişdi. Bir neçə ay öncə xarici işlər naziri Ararat Mirzoyan da bəyan etmişdi ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil: “Erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın xarici siyasət gündəmində prioritet deyil. Tarixin faciəli səhifələri tarixçilər tərəfindən öyrənilməlidir”. Erməni mətbuatının iddiasına görə, Paşinyan 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verib və həmin illərdə ölən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Paşinyanın bu təşəbbüsünü "çox təhlükəli" adlandıranlar da var. Müxalifətçilər iddia ki, bu, inkar tezisidir. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini "Türkiyədən tapşırıq almaqda" ittiham edənlər də az deyil.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında deyib ki, ermənilərin yüz ildən artıq bir dövrdə apardıqları “erməni soyqırımı” ideologiyası iflasa uğrayıb. Professorun sözlərinə görə, bu iddiaların əsassız olduğu ortaya çıxır və ermənilərin bir dövlət kimi varolma məsələsində onlara maneçilik törədilir:
 "Başa düşürlər ki, belə davam edə bilməz. Paşinyan son müsahibəsində Ermənistanın gerbindəki Ararat (Ağrı dağı) simvolokasından danışarkən deyib ki, belə bir simvol ilə hansısa dövlətlə əməkdaşlıq edə bilməzlər, bu, ciddi dövlət anlayışını şübhə altına alır. Paşinyanın İsveçrədə, “Niyə 1939-cu ildə erməni soyqırımı haqqında danışmırdılar” sualının aydın cavabı var. Bu, Sovet İttifaqının Türkiyəyə qarşı qurama bir ittihamıdır. 50-ci illərdən etibarən elə rus tarixçilərinin özlərinin də yalan üzərində qurulduğunu etiraf etdikləri bir uydurmadır. Paşinyan tarixçi olmadığından bunun səbəblərini açmaqda çətinlik çəkə bilər. Amma adi uşağa da aydındır ki, Türkiyənin 50-ci illərdə NATO-ya daxil olmasından sonra SSRİ Türkiyəni rəqib dövlətlər sırasında görürdü. Ona görə də Türkiyəyə qarşı ideoloji olaraq mübarizədə yenə erməni faktorundan istifadə etməyə başlamışdı. 1950-ci illər bunun başlanğıcıdır. Erməni və digər millətlərdən olan müəlliflər rahat şəkildə Türkiyənin əleyhinə kitablar yazıb nəşr etdirir və filmlər çəkmək üçün start verilirdi. 1965-ci ildə İrəvan yaxınlığlındakı Sərdarabadda “erməni soyqırımı” abidəsinin qoyulması da, SSRİ-nin Türkiyəyə qarşı siyasətinin nəticəsi idi".

Alim vurğulayıb ki, o tarixə qədər erməni millətindən olan siyasi xadimlər bu iddianın əsassız olduğunu irəli sürürdülər: 
"Ermənistan Respublikasının ilk Baş naziri Hovhannes Kaçaznuni Daşnak Partiyasının 1923-cü ildə Buxarestdə keçirilən konfransına təqdim etdiyi raportda imperialist dövlətlərin Osmanlı torpaqlarında dövlət qurma vədiylə erməniləri aldatdığını vurğulamışdı. Törədilən fəlakətdə erməni siyasi təşkilatlarını, o cümlədən başçısı olduğu Daşnaksütyun Partiyasını qınamış və çox önəmli etiraflarda bulunmuşdu. Ümumiyyətlə, keçən əsrin 20-30-cu illərdə heç vaxt illərdə ermənilərin "itkisi" ilə bağlı hansısa rəqəm dilə gətirilməyib. Sadəcə, Mikoyan bir dəfə 300-500 erməninin öldürülməsində Daşnaksütyun Partiyasının günahının olduğunu demişdi. Ondan sonrakı illərdə ermənilər rəqəm uydurmağa başladılar. Son illərdə Ermənistanda bu da bir diskussiya halına gəlmişdi. Hətta parlamentin sədr müavini A.Koçaryan dedi ki, onların əlində 1915-ci ildə və ondan sonrakı tarixlərdə öldürülən ermənilərin siyahısı yoxdur. Bu etiraf da ermənilərin "soyqırım"la bağlı iddialarını şübhə altına alır. Yəni ermənilərin 1.5 milyon ermənilərin guya "soyqırıma məruz qalması" iddiasını tamamilə çürüdür. Bir ermənişünas kimi deyim ki, ümumiyyətlə, 1914-cü il statistikasında Osmanlı dövlətində 1.2 milyon erməninin olduğu göstərilir. Belə halda 1.5 milyon erməninin guya "öldürülməsi" iddiası təbii ki, absurddur". 

Q.Çaxmaqlıya görə, bunun uydurma olduğunu bütün dünya bilir və əslində, ermənilər də reallığın fərqindədir: 
"Ağıllı ermənilər qondarma "soyqırımı" təbliğatının zərərli olduğunu da anlayırlar. N.Paşinyan da bu fikirləri gündəmə gətirir. Amma baş nazirin dirənişlə, müqavimətlə rastlaşacağını düşünürəm. Çünki Paşinyan ABŞ-yə səfərində, şübhəsiz, erməni diasporunun nümayəndələri ilə görüşəcək. Görüşdə bu məsələ gündəmə gətirilməlidir. Erməni lobbisi Paşinyanı bu məsələdə ittiham edirlər. Erməni "soyqırımı" deyilən yalan ideologiya erməni millətinin varlığı ilə bağlıdır. Dünyaya öz mədəniyyəti, başqa milli keyfiyyətləri ilə çıxa bilməyən ermənilər qondarma məsələlər üzərindən siyasətlərini aparırlar. Ermənilər öz cinayətlərini ört-basdır etmək üçün qondarma "soyqırımı" nağılını uydurublar. Uydurmalar da gec-tez ifşa olunur, həqiqətlər üzə çıxır. Hökumət başçısı səviyyəsində etiraflar da göstərir ki, İrəvan bu məsələdə geri addım atmaq niyyətindədir. Belə layihələrlə Ermənistanı gələcəyə daşımaq qeyri-mümkündür. Erməni "soyqırımı"nın ayrı-ayrı dövlətlər tərəfindən tanınmasının heç bir hüquqi əsası yoxdur. Türkiyənin üzərinə heç bir məsuliyyət qoymur. Çəkinmədən bu məsələnin üzərinə getmək lazımdır".