Sentyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan “I Türkoloji Qurultayı arxiv sənədlərində” adlı kitabının təqdimatı keçirildi.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, professorlar Sayalı Sadıqova, Asif Rüstəmli, İlhami Cəfərov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, dosent Dilqəm Əhmədov, Qətibə Mahmudova, Qətibə Quliyeva, Elçin İsmayılov, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova və digər alimlər iştirak ediblər.


Tədbirdə çıxış edənlər 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın Azərbaycan və bütövlükdə Türk dünyasının elmi, mədəni və ictimai fikir tarixindəki əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, kitabda müxtəlif arxivlərdən toplanaraq sistemləşdirilən sənədlər qurultayın təşkili, iştirakçıları, müzakirə olunan məsələlər və dövrün ictimai-mədəni mühiti barədə yeni məlumatların öyrənilməsi baxımından mühüm mənbədir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli I Türkoloji Qurultayla bağlı arxiv materiallarının üzə çıxarılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, kitab üzərində aparılan araşdırmalar zamanı yalnız Azərbaycan arxivlərində deyil, müxtəlif ölkələrdə qorunan sənədlər də tədqiq edilib. Bu materialların elmi dövriyyəyə gətirilməsi qurultayın keçirildiyi dövrün daha geniş kontekstdə araşdırılmasına imkan yaradır.
Professor qurultay iştirakçılarının sonrakı taleyinin də ayrıca araşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, qurultayda iştirak edən bir sıra alim və ziyalıların sonrakı illərdə repressiyalara məruz qalması ilə bağlı məsələlər müxtəlif arxiv sənədləri əsasında daha ətraflı öyrənilməlidir. Nadir Məmmədli, həmçinin dil və əlifba məsələlərinin qurultayın əsas müzakirə istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Professor Asif Rüstəmli kitabda toplanmış sənədlərin Azərbaycan mədəniyyət və mətbuat tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, nəşr yalnız türkoloqlar üçün deyil, tarixçilər, ədəbiyyatşünaslar və mətbuat araşdırmaçıları üçün də dəyərli mənbədir. Asif Rüstəmli Bakı şəhərinin I Türkoloji Qurultayın keçirildiyi məkan kimi Türkoloji fikir tarixində xüsusi mövqeyə malik olduğunu qeyd etdi.
Professor Sayalı Sadıqova çıxışında qurultayın dilçilik tarixindəki rolundan danışdı. O, arxiv sənədlərinin tədqiqinin həmin dövrün dilçilik elminin inkişaf istiqamətlərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.

Professor İlhami Cəfərov kitabın arxiv mənbələri əsasında hazırlanmasını yüksək qiymətləndirdi. Nəşrin I Türkoloji Qurultay haqqında elmi təsəvvürlərin genişləndirilməsinə töhfə verdiyini qeyd etdi.
Dosent Dilqəm Əhmədov tarixi sənədlərin qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışdı.
Professorlar Qətibə Mahmudova və Qətibə Quliyeva isə kitabda əksini tapan materialların elmi əhəmiyyətini vurğuladılar.
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova çıxışında nəşrdə qurultayın təşkili, əlifba məsələləri, mətbuatda işıqlandırılması və dövrün ictimai-siyasi mühiti ilə bağlı materialların yer aldığını bildirdi. O qeyd etdi ki, müxtəlif arxiv sənədlərinin bir nəşrdə sistemləşdirilməsi tədqiqatçılar üçün mühüm imkanlar yaradır və həmin dövrün ictimai, siyasi və mədəni mənzərəsinin daha dolğun öyrənilməsinə şərait yaradır.




Çıxışlarda qurultaydan əvvəl təşkilat komitəsinin fəaliyyəti, iştirakçı siyahıları, dövrün mətbuat materialları və digər arxiv sənədlərinin tədqiqat üçün əhəmiyyəti də diqqətə çatdırıldı. Bildirildi ki, 1926-cı ildə qəbul edilən qərarların və müzakirə olunan məsələlərin sonrakı taleyi də ayrıca araşdırma mövzusudur.
Tədbirdə, həmçinin kitabın müəllifi Akif Aşırlının Azərbaycan mətbuat və ictimai fikir tarixinin, eləcə də Türk dünyasının elmi-mədəni irsinin araşdırılması istiqamətində fəaliyyəti qeyd edildi. Onun Həsən bəy Zərdabi irsi, Azərbaycan mətbuat tarixi və Türk dünyası ilə bağlı araşdırmaları diqqətə çatdırıldı.
Sonda kitabın müəllifi Akif Aşırlı çıxış etdi. Müəllif kitab üzərində iş zamanı müxtəlif arxivlərdə saxlanılan sənədlərin araşdırılması, sistemləşdirilməsi və müqayisəli şəkildə öyrənilməsi barədə məlumat verdi.
Akif Aşırlı vurğuladı ki, kitabın əsas məqsədi 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixini mümkün qədər çoxsaylı ilkin mənbələr əsasında təqdim etmək, arxiv sənədlərini geniş oxucu və tədqiqatçı auditoriyasına çatdırmaqdır. Müəllif bu istiqamətdə araşdırmaların gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etdi. Kitabın ərsəyə gəlməsində elmi məsləhət və dəstək göstərən alimlərə, arxiv əməkdaşlarına və digər şəxslərə təşəkkürünü bildirdi.


