Türkiyədə 3 400 il əvvələ aid kral arxivi aşkarlanıb

Türkiyənin Sivas vilayətinin Kayalıpınar ərazisində aparılan arxeoloji qazıntılar zamanı Het kralı II Tudhaliya dövrünə aid 131 mixi yazılı lövhə və lövhə parçası aşkar edilib. Əvvəlki mövsümdə tapılanlarla birlikdə arxivdəki nümunələrin sayı 184-ə çatıb.

Sherg.az-ın məlumatına görə, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bu tapıntılar XXI əsrdə aşkarlanan ən geniş həcmli Hetdilli arxiv hesab olunur. Təxminən 3 400 il əvvələ aid sənədlər dövlət idarəçiliyi, hərbi hadisələr, dini inanclar və kral ailəsinin həyatı barədə mühüm məlumatlar verir.

Arxivdə ən diqqətçəkən sənədlərdən bəziləri şəhərdən-şəhərə yayılan, xüsusilə uşaqları və körpələri təsirləndirən yüksək hərarətli epidemiya ilə bağlıdır. Lövhələrdə körpə şahzadənin xəstəliyi, onun vəfatı və dəfn mərasimi barədə qeydlər də yer alır.

Tapıntılar Het dövlətinin hərbi vəziyyətinə də işıq salır. Qərbi Anadoludakı Het sərkərdələrinin krala ünvanladığı məktubda düşmən təhlükəsi qarşısında əsgər, at və döyüş arabalarının göndərilməsi tələb olunur. Sənəddə yardım gəlməyəcəyi təqdirdə ordunun məhv ola biləcəyi barədə xəbərdarlıq da yer alır.

Arxivdə quşların uçuşunu müşahidə etməklə gələcəyi yozan kahinlərin qeydləri də aşkarlanıb. Bu sənədlər Hetlərin falçılıq ənənələri, dini ayinləri, dilinin inkişafı və katiblik mədəniyyəti haqqında yeni məlumatlar təqdim edir.

Qeyd edək ki, Kayalıpınarda qazıntılar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə 2021-ci ildən Koç Universitetinin müəllimi, dosent Çiğdem Manerin rəhbərlik etdiyi elmi qrup tərəfindən aparılır.