Niyə yazıçı satıcıya çevrilir? – Əsəd Cahagirə CAVAB:“Məsələni lağlağı ilə yox...”

 Əsəd Cahangir: "Ölkəmizdə təşkil olunan kitab sərgiləri yazıçıları satıcılara çevirib"

Aqşin Yensiey:"Məncə, yazıçının öz beyninin məhsulunu satması çox normal və dünyada qəbul olunmuş bir prosesdir. " 

Tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir kitab sərgiləri ilə bağlı səsləndirdiyi fikirlə diqqət çəkib. Onun sözlərinə görə, ölkəmizdə təşkil olunan kitab sərgiləri yazıçıları satıcılara çevirib.  

Məsələyə münasibət bildirən şair Aqşin Yenisey bu barədə “Sherg.az”a danışarkən söyləyib ki, Azərbaycanda yazıçıların öz kitablarını satması ədəbiyyatımızın bugünkü mənzərəsidir :

 “Məncə, yazıçının öz beyninin məhsulunu satması çox normal və dünyada qəbul olunmuş bir prosesdir. Ola bilsin ki, bunun forması bir az uyğun seçilməyib. Dünya ölkələrində yazıçıların kitablarını daha çox nəşriyyatın özünün satış mərkəzləri bazarlayır. Amma Azərbaycan reallıqları başqadır. 

Məsələn, sərgidə kitab satan yazıçıların əksəriyyəti həmin kitabları öz büdcəsi ilə çap etdirir. Maya dəyərini öz cibindən ödədiyinə görə istəyir ki, qazancı da özünə qalsın. Onlar öz kitablarını hansısa nəşriyyatın və ya sponsorun hesabına satmırlar. Əlbəttə, yaxşı olardı ki, bütün dünyada olduğu kimi bizdə yazıçıların kitabları nəşriyyatların kitab mərkəzlərində satılsın. 

Amma Azərbaycan ədəbiyyatının reallıqlarını görməzdən gəlib, şairlərin, yazıçıların guya bu işə can atması təəssüratını da yaratmaq doğru deyil. Mən bir neçə ölkədə ədəbiyyat sərgisində olsam da, belə mənzərəyə rast gəlməmişəm. Əslində bizim yazarlar imkansızlıqdan bu yola əl atırlar. Burdan əldə olunan gəlir isə inanın, onların heç gündəlik məişət xərclərini belə ödəmir. Əsəd Cahangir və ya bu fikirdə olan digər adamlar problemin kökünə nəzər salıb, onun həllinə çalışsalar daha gözəl olar”. 

A.Yeniseyin fikrincə, indi Azərbaycan yazıçısı niyə küçədə kitab satır? Niyə nəşriyyat sistemi bu vəziyyətdədir?- kimi suallara cavab tapmaq və belə ciddi məsələni gündəmə gətirib həllinə çalışmaq lazımdır:

 “Məsələdə həqiqət payı da var. Bir yazıçının soğan, kartof əkicisi kimi piştaxta arxasında durub öz kitablarını satması təbii ki, xoşagəlməz bir şeydir. Bu kitabın nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Şairin, yazıçının cəmiyyətdəki obrazına da xələl gətirir. Problemi ironiya, lağlağı ilə yox, daha fundamental şəkildə qabardıb həll etməliyik”.