Şahbaz Xuduoğlu: "Şərif Ağayarın açıqlaması “Qanun”un mövqeyi kimi qələmə verilməli deyil"
Xalq yazıçısı Çingiz Abdullayev Konkret.az-a müsahibəsində ona edilən tənqidlərə münasibət bildirib: “Təbii ki, məni hər kəs sevə bilməz. Amma həqiqətən mənə təsir edir ki, Ermənistanda məni oxuyurlar, amma Azərbaycanda mənə qarşı axmaq tənqidlər var”.
Almaniyanın Drezden şəhərindəki erməni klublarında belə onun əsərlərinin sevildiyini vurğulayan Ç.Abdullayev deyib ki, Azərbaycanda fəaliyyət göstərən “Qanun” nəşriyyatının baş redaktoru haqqımda: “Abdullayev bu qədər kitabı özü yaza bilməz. O, mafiya başçısıdır, kimsə ona yazmaqda kömək edir” kimi sözlər deyib. Halbuki, onun nəşriyyatı Azərbaycan dilində mənim 78 kitabımı nəşr edib: “Mən onu yığıb xahiş elədim ki, yazın ki, mən pis adamam, yazın ki, kitablarım çıxmır, kitablarımı oxumurlar, yazın ki, ümumiyyətlə, məni qəbul etmirlər, amma belə deməyin. Axı siz belə deyəndə məni yox, Azərbaycan xalqını biabır edirsiniz. Çünki onda bizim qonşular və digərləri deyəcək ki, bunların yazıçısı, Yazıçılar Birliyinin Birinci katibi fırıldaqçıdır, kitablarını özü yazmır. Azərbaycanlılar belə xalqdır, bizi aldadırlar. Halbuki, Ermənistanda hamı məni oxuyur, 32 dilə kitablarım tərcümə olunub. Nə edək ki, bizdə paxıllıq var?!”.
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında Çingiz Abdullayevin şəxsiyyətinə və yaradıcılığına çox böyük hörmət etdiyini və onun kitablarını sevə-sevə oxuduğunu deyib: “Biz bu barədə Çingiz Abdullayevlə bir neçə dəfə söhbət etmişik.:
“Çingiz Abdullayev bu qədər kitabı özü yaza bilməz” sözünü illər əvvəl yazıçı Şərif Ağayar deyib. Aradan illər keçib, amma nəyə görəsə Çingiz müəllim bu sözləri unuda bilmir. Onu da deyim ki, Şərif Ağayar bu sözləri deyəndə “Qanun”da baş redaktor deyildi. Təbii ki, indi də dediklərinin üzərində dayanır. Yəni “Qanun”da baş redaktor işləyir deyə biz onun fikirlərinə, düşüncələrinə məhdudiyyət qoyası deyilik ki? Şərif Ağayar bir yazar olaraq həmkarı Çingiz Abdullayev haqqında düşüncələrini paylaşıb və bu onun öz işidir. Bu açıqlama “Qanun”un mövqeyi kimi qələmə verilməli deyil. Şəxsən nəşriyyat sahibi olaraq mənim Çingiz Abdullayevə qarşı münasibətim çox müsbətdir. Onun yazdıqları da, danışdıqları da çox rəngarəngdir. Onun bütün açıqlamalarına məmnuniyyətlə qulaq asıram. Hətta bir dəfə özünə də demişəm ki, sizin yazdıqlarınıza şübhə edənlər, danışığınıza nə deyirlər!? Burada ki, şübhəyə yer yoxdur”.
Bir naşir olaraq Ç.Abdullayevdən razılığını dilə gətirən Ş.Xuduoğlu onun sadəliyi və səmimiliyindən danışıb:
“Heç bir dəvətimi geri çevirməyib. Çağırdığımız bütün tədbirlərdə ürəklə iştirak edib. O, gələcəm deyib, min bir bəhanə uyduran yazarlardan deyil. Həmişə sözünün ağası olub. Ola bilsin, “Qanun” Nəşriyatında işləyən birinin onun haqqında tənqidi fikirdə olması ona xoş gəlmir. Özünün də qeyd etdiyi kimi, bizim nəşriyyat onun yaradıcılığına yüksək qiymət verir. Onlarla kitablarını Azərbaycan və rus dillərində nəşr etmişik. Həm də dediyim kimi, Şərif Ağayar bu sözləri “Qanun”dan əvvəl deyib".