Mövlud Süleymanlı: "Belə bir şəxsiyyətin evinin muzey kimi rəsmiləşdirilməsi sorğu-sual yaratmamalıdır"
"Onun xarakteri, dili, miqyası çox geniş və sanballı idi"
İsa Muğannanın ev muzeyinə rəsmi status verilməsi təklif olunub. Bu təkliflə professor Nizami Cəfərov Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında çıxış edib. Onun sözlərinə görə, İsa Muğannanın ev muzeyinin rəsmi statusu yoxdur: "Dünya şöhrətli yazıçımızın yaşadığı həmin evə rəsmi ev muzeyi statusu verilməlidir".
Bir müddət əvvəl isə bu məsələni mərhum yazıçının qızı, Sevinc Muğanna da mediada qabardıb, ölkə başçısına müraciət etmişdi: “Atam İsa Muğannanın Ağstafada ev muzeyinin yaradılması ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə yazılı şəkildə müraciət etdim. Onlar isə müraciətimlə maraqlanmadan, sadəcə bunun “mümkün olmadığını” bildirən cavab məktubu göndərdilər”.
S.Muğannanın sözlərinə görə, Ağstafa Rayon İcra Hakimiyyətindən bir nəfər belə olsun mərhumun qızının müraciəti ilə maraqlanmadan, müraciətə yazılı sürətdə rədd cavabı verməklə kifayətləniblər:
“Hətta cavab məktubunda konstitusiyadan və qanunlardan sitatlar gətirərək, bunun mümkünsüzlüyünü izah etməyə çalışıblar. Bu mənə ona görə təəccüblü göründü ki, mən onlardan mümkünsüz heç nə istəməmişəm. Həm ev, həm də ora yığılacaq kitab və eksponatlar hazır şəkildədir ki, bunu reallaşdırmaq Ağstafa Rayon İcra Hakimiyyətindən elə də böyük maddi vəsait və qüvvə tələb etmir. Mən ki onlardan atamın adına xiyaban və park salınmasını deyil, sadəcə, yaradıcı materiallarını qorumaq üçün ev muzeyinin yaradılmasını istəmişəm”.
Açıqlaması zamanı Sevinc Muğanna bildirib ki, mərhum yazıçının doğma kəndindəki ev muzeyinin yaradılması İsa Muğannanın özünün də arzusu olub: “İsa Muğanna sağlığında mənə məhz o evdə əlyazmalarının və kitablarının qorunub saxlanmasını vəsiyyət etmişdi. Atam vəfat etdiyi zaman mən ona Muğanlıdakı ev muzeyində əlyazmalarını qoruyacağımla bağlı söz verdim. Amma görürəm ki, indi tək başına bunu bacarmayacağam”.
Mərhum yazıçının qızı həmçinin böyük yazıçı İsa Muğannanın ev muzeyinin yaradılmasına haqqı çatan sənətkarlardan olduğunu bildirərək, aidiyyəti qurumları sənətkarın xatirəsinin əbədiləşdirilməsində ona kömək etməyə çağırıb: “Başda hörmətli prezidentimiz İlham Əliyev cənabları olmaqla, Mədəniyyət Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinə görkəmli yazıçının Muğanlıda ev muzeyinin yaradılması ilə bağlı müraciət edirəm. Xüsusilə də 2023-cü ildə görkəmli yazıçımız İsa Muğannanın 95 illik yubileyi tamam olur. Düşünürəm ki, ədibin 95 illik yubileyinin keçirilməsi ilə də bağlı dövlətimiz öz dəstəyini əsirgəməyəcək. İsa Muğanna sağlığında dövlət tərəfindən bütün mükafatlara haqlı olaraq layiq görülmüşdü. Vəfat etdikdən sonra xalq yazıçısının xatirəsinin əbədiləşdirilməsi baxımından ev muzeyinin yaradılması İsa Muğanna yaradıcılığına verilən ən böyük qiymət olardı”.
Xalq yazıçısı Mövlud Süleymanlı isə “Şərq”ə açıqlamasında İsa Muğannanın ev muzeyinə rəsmi status verilməsi təklifini alqışalayiq hesab edib:
“O, Azərbaycan ədəbiyyatı üçün xüsusi bir çəkisi, yeri və rolu olan yazıçıdır. Biz bir yerdə işləmişik. Hər mənada böyük insan olub. Onun xarakteri, dili, miqyası çox geniş və sanballı idi. Onu deyim ki, İsa Muğannanın yaradıcılığı vaxtında layiq olduğu qiyməti almayıb. O, dünyaya çıxarılası bir yazıçıdır. Onun yaradıcılığında ədəbiyyatın heyrətedici, sarsıdıcı gücünü, havasını duymuşam. İsa Muğanna haqqında deyilən söz bu gün üçün yox, sabahlara, ən azı yüz il, min il sonralara deyilməlidi.
İsa Hüseynovun yaradıcılığı heç şübhəsiz, Azərbaycan bədii nəsrinin ən möhtəşəm zirvəsində yer tutan əsərlərlə müşayiət olunur və açığını etiraf edək ki, bu əsərlər olmasaydı, ədəbiyyatımızda böyük bir boşluq, dərin bir çat yaranardı. Çünki bu əsərlər təkcə ideya-bədii məziyyətləri ilə deyil, həm də ədəbiyyata, xüsusilə yeni nəsil ədəbiyyatına təsir etmək mənasında da böyük bir missiyanı yerinə yetirdilər.
Belə bir şəxsiyyətin evinin muzey kimi rəsmiləşdirilməsi sorğu-sual yaratmamalıdır. İsa Muğannaya ev verilməsi məsələsinin qanun-qayda ilə nə əlaqəsi?! Burada konstitusiyalıq nə var ki?!
Bu birbaşa mənəviyyat, qanacaqla tənzimlənən məsələdir. Məndən olsa, günü sabahdan onun evinin muzey kimi rəsmiləşdirilməsinə qərar verərəm. Amma görünür, mənim kimi adamların mövqeyi həlledici rol oynamır. İsa heç vaxt özünü reklam edən biri olmayıb. Çox qəribə bir xüsusiyyəti vardı, ancaq gecələr yazırdı. Heç vaxt xüsusi imtiyaz arxasınca qaçmazdı”.