"Məni üzü Təbriz sarı basdırın"


Süleyman Rüstəm parçalanmış ürəyin ədəbi simvoludur

Güneyin səsi
  Cənubi Azərbaycan mövzusu  bir çox şair və yazarlarımızın yaradıcılığında nisgilli mövzu kimi yer alıb. Süleyman Rüstəm  poetik yaradıcılığında Güney Azərbaycan problemi mühüm yer tutub. Şair bir vətəndaş kimi doğma xalqının və Vətənin ikiyə parçalanmasına hər zaman etiraz səsini ucaldıb.
  Cənub həsrəti, Cənub nigarançılığı – Süleyman Rüstəm şeirinin və lirikasının canı və ruhudur. Bu hiss böyük şairin poeziyasına xas vətəndaşlığın ayrılmaz, üzvü keyfiyyətidir. Son şeirlərinin birində də yazdığı kimi:
İçdiyim andımı pozan deyiləm,
Pozarsam, deməli ozan deyiləm.
Təbriz deyildimi, susan deyiləm
Torpaq altında da dinəcəyəm mən.
  XX əsrdə vahid şimallı-cənublu Azərbaycan ədəbiyyatı, “O tay bu tay”, “O sahil bu sahil”, “Bakılı, təbrizli”, “Vətənin birliyi”, “Bütöv millət” kimi anlamlarının elmdə, ədəbiyyatda yaşamasının, dillər əzbərinə çevrilərək beyinlərimizə, şüurumuza nüfuz etməsinin əsas səbəbkarlarından biri və birincisi məhz S.Rüstəm olub. Yaradıcılığında S.Rüstəm qədər cənub mövzusunda əsərlər silsiləsi yaradan ikinci bir ədib yoxdur desək, yanılmarıq.
  II Dünya müharibəsi illərində İranda, Cənubi Azərbaycanda olan S.Rüstəm qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrini gözləri ilə görüb, imperializm əleyhinə mübarizənin canlı şahidi olub.
  Süleyman Rüstəmin Cənub qoşmalarında lirik “mən”i xalq kədərinin və qəzəb hissinin tərcümanı səviyyəsinə yüksəlirdi. Qoşmaların poetik xüsusiyyətləri ən çox bu qoşmalardakı lirik qəhrəmanın xarakteri və əhvali-ruhiyyəsi ilə bağlı idi. O, öz qoşmalarında  cənublu azərbaycanlının ümumiləşmiş obrazını təmsil edirdi. “Qardaşımın dərdi”, “Getmə” kimi qoşmalarda cənublu qardaş özü danışır, könül aləmini açır, şəxsi taleyi vasitəsilə Cənubi Azərbaycan xalqının həsrət və ümidlərini pıçıldayırdı. Belə qoşmalarda Süleyman Rüstəm ənənəvi xalq şeiri formasını ümumxalq əhvali-ruhiyyəsinin, tarixi taleyinin ifadə vasitəsinə çevirə bilirdi. “Qardaşımın dərdi” qoşması formaca bir nəfərin şəxsi taleyinin lirik hekayətidir:
Dərdim bir olsaydı, olmazdı dərdim,
Gör nə günə saldı zəmanə məni.
Ey hər gün saç yolub, ağlayan ana,
Nə üçün gətirdin cahana məni.
Süleyman Rüstəm “Öz Gülüstanım” şeirində isə vətəninin özgə torpağından gözəl olduğunu söyləyir. Vətəni yolunda candan keçməyə hazır olan şairə özgə torpağı lazım deyil. Vətən həsrəti bu şeirin hər bəndində nəzərə çarpır.
Qəm-qüssə çəkməzdim bəlkə də bunca,
Təbrizi görsəydim bir də doyunca.
Vüsal həsrətilə, Araz boyunca,
Yolları yollara yamayan canım!
  Filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadənin  araşdırmasına görə, Süleyman Rüstəm bütün yaradıcılığı boyu əlində qələm Cənub cəbhəsində yaradıcılıq istedadını, bacarıq və şücaətini səfərbər edərək yenilməz bir əsgər kimi döyüşmüş sənətkardır. Məhz buna görə də şairin əsərlərini tədqiq edən alimlər, onun yaradıcılığının məziyyətlərindən bəhs edən tənqidçilər cənub şeirlərini Süleyman Rüstəm irsinin şah əsərləri adlandırmış və sadə dəmirçi oğlunun bu əsərlərində daha böyük olduğunu vurğulayıblar. Süleyman Rüstəm Cənub mövzusunda cənublulardan da yanıqlı yazmış, şimalda cənubu – Cənub həsrəti və Cənub problemini ədəbiyyat səhifələrində daha ciddi işıqlandırmış və yaşatmışdır. XX əsrdə də vahid – şimallı-cənublu Azərbaycan ədəbiyyatı anlamının elmdə yaşamasının əsas səbəbkarlarından biri məhz Süleyman Rüstəm olub.
 Kitabımı Arazdakı körpü üstdən assınlar,
 Gənc nəsillər unutmasın bu şairin şərtini: 
Tez köçərsəm bu dünyadan baş daşıma yazsınlar, 
İki yerə parçalanmış ürəyimin dərdini. 
  Süleyman Rüstəm kimi istedadlı sənətkarın o dönəmdə – Sovet rejiminin qəddar anlarında ən böyük nailiyyəti, sözsüz ki, dövlət siyasətini bacardığı qədər xalqımızın arzu və niyyətlərinə doğru yönəltmək qabiliyyəti olub. İstək və arzularını daha da xəlqiləşdirmək məqsədi ilə dramaturgiyaya müraciət edən, sənətinin ecazkar təsirinə inanan şair tarixi hadisələrin fonunda da Cənub həsrətini canlandırır, “Qaçaq Nəbi” əsərində baş qəhrəmanı cənuba gətirərək onun dili ilə deyir:
Unutmaq olarmı bu haqqısayı,
Arazın o tayı, istər bu tayı.
Bir duyan, bir vuran saf bir ürəkdir,
Onun hər dərdinə dərman gərəkdir!
  S.Rüstəmin cənub mövzusunda yazdığı əsərlərinin şahı, mnifesti  “Təbrizim”  şeiridir. Şair burada Azərbaycanın qədim paytaxtlarından biri, inqilablar beşiyi, elm, mədəniyyət, sənətkarlıq mərkəzi olan, hüsnünə, gözəlliyinə baxmaqdan doymaq mümkün olmayan gözəl Təbrizə xitab edir. Təbrizə öz dərin, sonsuz, məhəbbətini bildirən şair ürək sözlərini, duyğularını ustalıqla dilə gətirir:
 Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman, Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
  Qəlbi nisgildən sızlayan şair Təbrizlə görüşündən hədsiz dərəcədə sevinc duyduğunu, gözəlliyindən vəcdə gəldiyini, eyni zamanda Təbrizin başında qara dumanın olmasından rahatsızlığını ifadə edib.
  Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırladan şair şeirdə vətənin birliyi, bölünməzliyi ideyasını, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırır. Şeirdə dilimizin zənginliyi, bir-birindən təsirli ifadə vasitələri böyük ustalıqla seçilmişdir:
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!

  Cənub mövzusunda yazmaqla, Azərbaycan poeziyasına yeni bir poetik çələng bəxş edən S.Rüstəm digər şeirlərində də cənub dərdini, nisgilini böyük ürək ağrısı ilə təsvir edirdi. Hər dəfə şeirlərində qəlbində çiçəklənən yaranı, o sahildə keçirdiyi xoş günlərini, orada gəzdiyi bağları, qoxladığı çiçəkləri, gəzərək söz qoşduğu elləri, mahnıları oxunduğu Ərk qalasını, qana dönmüş ürəyində qalmayacaq arzu-kamı, könüllərdə mütləq günəşin doğmasını, qəmli zindanların işıqlandıqlarını böyük ustalıqla, poetik ifadələrlə qələmə almışdır. Araz qırağına gəlib həsrətlə o tayı seyr edən şair ürək sözlərini misralara köçürərək təsəlli tapırdı:
 
Ömür keçdi, hicran quşu can evimdən köçmədi,
Arazından iki qardaş yan-yana su içmədi.
Heç özüm də bilmədim ki, necə oldu qardaşım,
Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi!
Qan qardaşım, gül üzünə bir də baxım doyunca,
Bəlkə bir də bu yerlərdən mənim yolum düşmədi!

  Şairin böyük narahatlıq hissi ilə qarşıladığı problemlərdən biri də Cənubi Azərbaycanda yaşayan bəzi soydaşlarımızın öz ana dillərini bilməmələri və burada doğma dildə danışmamaları idi.
  Şeirlərindən birində dil probleminə toxunan sənətkar “dəymə” nidası ilə Cənubi Azərbaycanda keçirilən farslaşdırma siyasətini tənqid etmiş, eyni zamanda Vətənin şimalındakı ruslaşdırmaya da qarşı çıxmışdır. Şair “Dəymə” şeirini bu alovlu misralarla başlayır:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!
  Ayrılıq dərdini, qovuşmaq həsrətini illərlə qəlbində yaşadan qocaman şair ömrünün ahıl çağlarında da bu dərddən yazır, əsrlərlə xalqımızın başına gətirilən bəlaları şeirin dili ilə gənc nəslə danışır:
Dinlə şairini, Təbrizli gözəl,
Yenə həsrətinlə alışır sinəm.
Tarixi uzundur bu ayrılığın,
Əzizdir qəlbimə, doğmadır bu qəm.
  Uzun illərin ayrılıq dərdini yaşadan qoca şair Süleyman Rüstəm cənublu qardaşının mənəvi sarsıntılarına, işgəncələrinə dözə bilmir və sazını sinəsinə basıb ürək ağrısını hayqıran dastan qəhrəmanları kimi belə ifadə edir: Aman, nə uzunmuş bu hicran yolu, Gedirəm, mənzilə çata bilmirəm. 
  Qəlbim məharətlə, ümidlə dolu, Bunsuz bir addım da ata bilmirəm. Ayrıla bilmirəm düşüncələrdən, Qardaşım göz açmır işgəncələrdən. Keçirəm qaranlıq dar küçələrdən, Gecələr sübhədək yata bilmirəm. 
  Cənub mövzusunu şimalda ən gözəl işıqlandırmağa müvəffəq olan qoca şairin ən ümdə, lakin reallaşmayan arzusu o taylı qələm dostu, şair Şəhriyarla görüşmək, onunla dərdləşmək idi. “Şair qardaşıma məktub” şeirində Süleyman Rüstəm bu görüşün baş tutmamasından gileylənir, yaxın yolun uzadılmasından şikayət edirsə də, ümidini gələcək nəslə bağlayır:

Beşikdəki quş yuxulu körpələr,
Dodaqları süd qoxulu körpələr,
Babaları dağdan ulu körpələr
Bizi əvəz edəcəklər, Şəhriyar,
Yolumuzla gedəcəklər, Şəhriyar.

  Vaxtı ilə böyük proletar şairi adlandırılan Süleyman Rüstəm Cənub şeirlərində, öz ülvi arzularında, Şəhriyyar şeirinin ölməz misralarında yaşayıb, gələcəyə ümidlə baxır və şimallı-cənublu vahid vətən eşqi ilə mübariz bir əsgər kimi amalı uğrunda döyüşüb:
Göz yaşımdan yaratmışam bu çayı,
Məni üzü Təbriz sarı basdırın,
Qibləm olsun Arazımın o tayı.
Ancaq yalnız bircə bunu etməyin,
Gözlərimin qapağını örtməyin.