Şair Söhrab Tahir həmişə güneyli-quzeyli torpaqlarımızın, xalqımızın ağrı və qayğıları ilə nəfəs alıb
Söhrab Tahir dünyada azadlıq və öz millətinin istiqlalı uğrunda mübarizə aparan ən nəhəng ədəbiyyatçıları sırasındadır
Güney Azərbaycan, bölünmüş vətən mövzusu əsrlər boyu ədəbiyyatımızın əsas motivini təşkil edib. Bu yolda yorulmadan mübarizə aparan, Cənubi Azərbaycanda milli azadlıq yolunda çarpışan şairlərdən biri də özünəməxsus poetik dünyası ilə seçilən Söhrab Tahirdir. Bir çox cənublu soydaşlarımız kimi onun da taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlib. Doğulduğu yurddan, əzizlərindən ayrı düşən şair ömrünün sonuna kimi vüsal həsrəti çəkib:
Mənim qollarımı iynə-sap edin
Tikin Astaranı biri-birinə.
Çayları, yolları iynə-sap edin
Tikin Culfaları biri-birinə.
“Mən od oğlu - Azəriyəm” deyən S.Tahirin yaradıcılığı sarsılmaz inqilabi ruh, aydın milli təfəkkür işığı, coşqun vətənpərvərlik, azadlıq düşmənlərinə alovlu nifrət və humanizm üzərində köklənib.
Şirin dil, dolğun təşbehər, mənalı, oynaq xalq ifadələri, vətənpərvərlik hisslərinin ümumbəşəri ideyalarla qaynaqlanması Söhrab Tahir yaradıcılığının qiymətli xüsusiyyətlərindəndir. 1947-1951-ci illərdə onun bir sıra şeir və hekayələri müxtəlif almanax və toplulara, o cümlədən “Cənubi Azərbaycan antologiyası”na daxil edilib.
“Çöpü də ikiyə bölmərəm daha” şeirindən dillər əzbəri olmuş misralar Söhrab Tahir yaradıcılığının rəmzinə və himninə çevrilib:
Azad qardaşım var, onunla xoşam
Mən gərək, sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.
Şair güneyli-quzeyli torpaqlarımızın, xalqımızın ağrı və qayğıları ilə nəfəs almış və dönə-dönə ayrılıq və birlik, multikultural dəyərlər mövzusuna müraciət edib:
İki vətən olub bir xalqımızdan,
İki sərhəd olub vətənə bir çay.
Elə gülməlisən, danışmalısan,
Nə o tay incisin, nə də ki, bu tay.
Bir ömür boyu Güneylə Quzeyin birləşəcəyinə inam hissi ilə yaşayan şair vətəninin gələcək taleyi ilə təsəlli tapıb:
Ömrümdən qürbətlər, yadlar qovulsun,
Keçmişim yiyəsiz qaldı, qoy olsun!..
Ancaq gələcəyim mənimki olsun,
Mən onu ömrümdən silmərəm daha!
Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirlərində yurd sevgisinin yaratdığı bir sıra məqamları görür, müəllifin vətəndaşlıq hisslərinin qədərsizliyinə, əbədiliyinə şahid olursan.
S.Tahirin “Azərbaycan” poeması Azərbaycan xalqının varlığını danan, onun qəhrəman keçmişinə, tarixinə kölgə salmaq istəyən şovinistlərə cavab olaraq yazılıb. Epik janrda yaranan əsərlərin zirvəsində dayanan ”Azərbaycan” poemasında Şair xalqının gələcəyinə nikbin baxışını bu cür ifadə edib:
Yüz il də keçərsə bu ayrılıqdan,
Öz birlik haqqını bu xalq alacaq.
Bir gün mənim xalqım birləşən zaman,
Dünyada ən zəngin bir xalq olacaq.
Şairin “Qardaş torpağında”, “Sevgi əfsanəsi”, “Valeh qəzəl oxuyurdu”, “Yaralı xatirələr”, “Anasız”, “Sevgi yağışı”, “Səttarxan”, “Vətənlə sevgi arasında”, “Yaxşılıq”, “Bir il azadlıqda”, “Fədai”, “Tale ulduzu” və s. poemaları klassik Azərbaycan şeirinin mütərəqqi ənənələri ilə qidalanmış və cağdaş şeirimizin ən gözəl, ən qabaqcıl nümunələri səviyyəsinədək yüksəlib.
Həm də istedadlı nasir olan S.Tahirin “Kəniz qızın hekayəsi” mübarizə ruhu ilə aşılanmış şairin nəsr janrında yazdığı ilk qələm təcrübəsidir. S.Tahir ilk nəsr əsərlərini “Daşqın” təxəllüsü ilə yazıb. Dövri mətbuatda bir-birinin ardınca çap olunan “Şəlalə və qaya”, “Ağac”, “Yol” və başqa hekayələri XX əsrin ikinci yarısında yaranan Azərbaycan nəsrinə yeni nəfəs, yeni mövzu gətirib. “Dəniz nəğmələri”, “Ölümdən güclü, həyatdan uca”, “İşsizlərin içində”, “Təbiət danışır”, “Qəribə adamlar”, “Qardaş torpağında”, “Kakə-həmə” və digərləri müəllifin şahlıq istibdadına qarşı mübarizə yolunda şəhid, məhbus və sürgün olmuş yoldaşlarına ithaf edib.
Ədib “İki sevgi, iki güllə” əsərini isə 1941-ci ildə Güney Azərbaycanda baş verən hadisələrə, xüsusilə həmin dövrdə aparılan bəzi hərbi-kəşfiyyat əməliyyatlarına həsr edib.
Onun “Sonuncu şah” romanı İran tarixinin demək olar ki, yarım əsrlik bir dövrünü və həmin müddət ərzində baş verən ən mühüm ictimai-siyasi hadisələri əhatə edir. Ümumiyyətlə, azadlıq fədailərinin gənclik yaşlarından başlayaraq mübarizə yollarını izləyən müəllif zindanlardan, məhbəslərdən, sürgünlərdən keçən mübarizlərin azadlığın şirin dadını duyana qədərki dövr olmaqla xalqımızın mübarizə ruhunun epik təsvirini qələmə almaqda çox mahir ustad olduğunu irili-xırdalı nəsr əsərləri ilə bir daha sübut edib.
Xalq şairi Sabir Rüstəmxanlının da dediyi kimi, S.Tahir həm nasir, həm də şair kimi bütöv Azərbaycanın min ildə yetirdiyi ən nadir qələm sahiblərindən biri olub. S.Rüstəmxanlı müsahibələrinin birində qeyd edib ki, Söhrab Tahir 1945-1946-cı ildə Azərbaycan milli hökumətinin Bakıya göndərdiyi və hərbiçi kimi yetişməsini arzuladığı gənclərdən biri idi. Amma tale, zaman dəyişdi, o milli hökumət yıxıldı. Bundan sonra Söhrab Tahir ölkəsinə qayıda bilmədi, Azərbaycanda qalıb, bütün taleyini Bakıya bağladı: “Burada Güney-Quzey Azərbaycan şairlərinin, yazıçılarının yaxın silahdaşlarından birinə çevrildi. Bizim nəslin nümayəndələri "Əmi" deyirdi. Hətta Məmməd Araz da ona "Əmi" deyirdi. Ona öz yaşıdları da hörmət əlaməti olaraq elə müraciət edirdilər. Söhrab Tahir gecə-gündüz, nəfəs dərmədən işləyən bir qələm əhli idi. 19 roman yazıb, 50-dən artıq poema, 100-lərlə şeirin müəllifidir. Bundan əlavə 70 min misradan ibarət olan monimental "Ata" poemasının müəllifidir. Mən son görüşümüzdə ona dedim ki, "Ata" "Şahnamə"dən də böyükdür.
Söhrab Tahirin həm də Cənubi Azərbaycan ədəbiyyatının, daha doğrusu, Cənubi Azərbaycan mövzusunun Azərbaycanda geniş yayılmasında, milli faciəmizin gənclər arasında təbliğində, tantımında, dərkində misilsiz xidməti var. Vaxtıykən mən ona və Balaş Azəroğluna həsr olunmuş bir poema yazmışdım. Orada qeyd etmişdim:
Başında ağ saç gördüm,
Amandır, Söhrab əmi,
Belə vaxtsız tələsmə saçları ağartmağa,
Ömürdən möhlət gərək,
Arzulara çatmağa...
Pasportun rəngi ayrı,
Qəlbimizin qanı bir!
Qanı, ruhu, tarixi,
Kağız ayıran deyil,
Saziş ayıran deyil!
Söhrab Tahir əslində, mənim gözümdə dünyada azadlıq və öz millətinin istiqlalı uğrunda mübarizə aparan ən nəhəng ədəbiyyatçıları sırasındadır. O, mənim yaxın dostum idi. Bütöv Azərbaycanı iki-üç adamla dəfələrlə dolaşmışıq. Onların biri Söhrab Tahir idi. Bu dərdləri dəfələrlə ikilikdə müzakirə etmişik.
Qeyd edək ki, Xalq şairi Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub, 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-nin Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.
Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnı Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu İdarə Heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. Xalq şairi 4 may 2016-cı ildə dünyasını dəyişib.