Gəncəvini fars şairi adlandırmaq, qatığa qara deməyə bərabərdir
Dahi Azərbaycan şairinin şəxsiyyəti, milliyyəti insafını gözardı etməyən heç bir tədqiqatçıda şübhə doğurmur
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli kimliyinin saxtalaşdırılması cəhdləri yenidən aktuallaşıb. N.Gəncəvinin əsərlərinin mövzu seçimi və fars dilində yazmasının səbəbləri
barədə mütəxəssislər dəfələrlə izahat versə də, İran, şairi “farslaşdırmaqdan” əl çəkmir.
Dərin və əhatəli araşdırmalar isə bir daha təsdiqləyir ki, Nizami poeziyasının cismi - dili, mətni farsca olsa da, ruhu – məramı, ideyası türkcədir. Nizami türk əsrinin, türk minilliyinin şairidir. Nizaminin “fars şairi” olduğunu qəsdən və qərəzlə ortaya atıblar. Ara qarışdıranlar Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin X Qlobal Bakı
Forumunun keçirildiyi bir vaxtda İranda “Nizami həftəsi” keçirməklə, guya, dahi şairə “məhəbbətlərini” göstərir, əslində isə ölkəmizə düşmənçiliklərini sərgiləyirlər.
Şair Aqşin Yeniseyin izahına görə, Oğuzdan əmələgələnlər Anadoluda Bizans, İran coğrafiyasında Sasani mədəniyyətinə yiyə durdular. Bizansda mədəniyyət soyuqqanlı idi, daha çox memarlıqda ifadə olunurdu. Sasanilər isə sözə, dastana, yəni basıb-bağlamağa önəm verirdilər: "Ona görə Anadoluda Memar Sinanlar yetişdi, biz tərəfdə Nizamilər, Füzulilər.
Nizamini fars şairi adlandıran farsın gərək milli qüruru olmasın. Birincisi, Nizaminin dövründə sənət xalqa yox, saraya məxsus idi. Sarayda kim otururdusa, şair də onun idi.
İndiki dövrə fikriniz getməsin, kommunizm tərbiyəsi görmüş və ən azı, yazıb-oxumağı bilən xalqımız şairini öz yanında görmək istəyir, görməyəndə üzünə tüpürür. Nizaminin zamanında xalq yazıb-oxuya bilmirdi, ona görə də Nizaminin öz dövrünün xalqı üçün iki girvənkə mərci qədər dəyəri yox idi. O dövrdə şair "saray şairi" olmağa məhkum idi, çünki oxucu da saray oxucusu idi.
Nizami Gəncəvinin də, demək olar ki, ən böyük əsərləri türk hökmdarların sifarişi ilə yazılıb.
İkincisi, Nizaminin farslara münasibətidir. "İsgəndərnamə"ni oxuyanlar bilir. Bu əsər Makedoniyalı İsgəndərin Əhməni şahı Daranı məğlub etdiyi tarixi dövrü əhatə edir. Və əsərdə Nizami Gəncəvi Daranı yıxıb-sürüyür. Daranı bütün dövrlərin ən pis insani sifətlərinə sahib bir adam kimi təsvir edir. Nizami Gəncəvi fars sarayının şairi olsaydı, belə yaza bilərdimi?
Farsların özlərinin də "İsgəndərnamə" adlı bir kitabı var. Abbasqulu Ağa Bakıxanov bu kitaba istinadən yazır ki, İsgəndər bu coğrafiyaya gələndə indiki Bakı şəhərində yurd salır, qədim bakılılar onu bütün günü lülə, tikə, qaban əti və tut arağına qonaq edirlər. Gənc İsgəndər də yeyib-içən oğlan olduğuna görə uzun müddət Bakıda qalası olur. Yerli əhali ilk dəfə dünyaya elm yaymaq üçün səfərə çıxan bir şahla qarşılaşır İsgəndərin simasında.
Nizami Gəncəvi də "İsgəndərnamə"də məhz yerli xalqın yaddaşına istinad edir. Əhməni şahı Daranı elmə dəyər verməyən zırrama bir hökmdar kimi tənqid və təqdim edir. Fars sarayında belə farsdilli şair yetişə bilərdimi?".
Yazar Fərid Hüseyn isə "Şərq"ə açıqlamasında deyib ki, Nizami Gəncəvinin şəxsiyyəti, milliyyəti insafını gözardı etməyən heç bir tədqiqatçıda şübhə doğurmur: "Sadəcə orta çağda fars dilinin hegemonluğu, ədəbi elitar mühitə inteqrasiyası bir sıra şairləri o dildə yazmağa vadar edib. Artıq əsrlərdir ki, o dil ədəbi elitarlıq mövqeyini itirib, o dil bəşəri ədəbi dil olmaqdan çıxıb. Zaman-zaman da o elitarlığa xiffət qonşularımızı məcbur edib ki, “Nizami mənimdir” desinlər. Nəticədə bu məsələ həllolunmaz şəkil alıb. Üç il öncə Paşinyan da “Qarabağ Ermənistandır” deyirdi. Deməklə deyil ki, görün axırı necə oldu?!
Ötən il “Nizami Gəncəvinin əsərlərinin el variantları” adlı kitabı çapa hazırladım. O nəşrdən aydınca görünür ki, Nizami türk təfəkkürü ilə yazıb, o kitabda həm Nizami yaradıcılığındakı türk folkloru, həm də ədibin vəfatından sonra onun yaratdığı əsərlərin türk folkloruna təsiri nağıl və dastanların köməyi ilə üzə çıxır. O kitabdan sonra Nizamini fars şairi adlandırmaq, qatığa qara deməyə bərabərdir. O səpkidə başqa dəyərli kitablar da var.
Nizami indiki İran ərazisinə köçüb farsca yazsaydı, onda ona fars şairi demək olardı, amma o daim vətənində yaşayıb, əsər yazmaq üçün sifariş aldığı hökmdarlar türk hökmdarlarıdır. Bu gün dünyada yaranan ədəbiyyatın çoxu ingilis dilində yaranır, gələcəkdə o qədər yazıçıya ingilis yazıçısı demək olarmı? Absurddur. Haçansa Nizaminin ərəbcə də divanı tapıla bilər, onda deyək ki, Nizami ərəb şairidir? Qərəz, Nizami türk və Azərbaycan şairidir".