“Xəbəri eşidəndən şokdayam”


Nigar Köçərliyə elə bir orden verildi ki, çaşıb qaldı

“Həyatımda aldığım ilk mükafatdır. Bu günə qədər nəinki beynəlxalq, heç ölkə daxilində belə hansısa bir fəxri adla təltif olunmamışam”


  "Əli və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli Fransanın yüksək ordeninə layiq görülüb. Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) Cəngavər rütbəsi ilə təltif olunub.
Biz də “Şərq” olaraq “Cəngavər” rütbəsi münasibəti ilə  Nigar xanımı təbrik etmək və təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxladıq. 
  Belə bir yüksək ordenə layiq görüldüyü üçün həddindən artıq sevincli  olduğunu vurğulayan N.Köçərli xəbərin  gözlənilməz olduğunu deyib: “Yəqin ki elə buna görə də çox sevinib. Bilirsiniz ki, Fransa ordeni ölkənin ən yüksək mükafatlarından biridir və adətən müxtəlif ölkələrin ən görkəmli və tanınmış ədəbiyyat, incəsənət xadimlərinə, şair və yazıçılarına verilir.
Mənə də məhz ədəbiyyat sahəsindəki xidmətlərimə görə verilib.
  Ötən günlərdə Azərbaycandan bu mükafat “Qanun” Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu və “Xalça” muzeyinin direktoru Şirin Məlikovaya verilmişdi. Sözün düzü, təşəbbüs kimdən gedib, necə olub, hansı prinsiplərə görə məhz məni seçiblər heç bir məlumatım yoxdur və mənə açıqlama da verilmədi. Sadəcə olaraq Fransanın Azərbaycandakı səfirliyindən mənə bildiriş gəldi ki, Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülmüşəm. Sözün düzü, xəbəri eşidəndən şokdayam. Mənim üçün kifayət qədər böyük hadisədir. Hətta deyərdim ki, həyatımda aldığım ilk mükafatdır. Bu günə qədər nəinki beynəlxalq, heç ölkə daxilində belə hansısa bir fəxri adla təltif olunmamışam.
  Fransanın müxtəlif nəşriyatları ilə işləyib, fransız dilli kitabların satışını təşkil etsək də, Fransa dövləti ilə heç bir rəsmi əməkdaşlığım olmayıb. 
Görünür, Azərbaycan ədəbiyyatının təbliği, mütaliə mədəniyyətinin inkişafı istiqamətindəki xidmətlərimə görə bu qərara gəliblər. Etimada görə Fransa dövlətinə təşəkkür edirəm”.
  N.Köçərli “Cəngavər” ordeninin təqdimetmə mərasiminin  mayın 4-də Fransanın Azərbaycandakı səfirliyində baş tutacağını deyib.