"Mən vətənəm" kitabı təqdim olunub - FOTOLAR

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində təqdimatı keçirilib. 

Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat,  Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, Vətən müharibəsi iştirakçıları, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.  
Tədbiri  giriş sözü ilə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açaraq, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif edib. Daha sonra fikrini davam etdirərək kitabın önəmini, ümumiyyətlə layihənin vətənpərvərliyin təbliği istiqamətində önəmli əhəmiyyət kəsb etdiyini vurğuladı. 
Sonra söz layihənin rəhbəri, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara verilib. İntiqam Yaşar layihə və kitab haqqında, Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyəti haqqında geniş məlumat verərək tədbirin təşkil edilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təqdimatı təşkil olunan kitabın aktuallığı, kitabda yer alan Vətən müharibəsi iştirakçısı olan yazarların yazılarının xüsusi əhəmiyyətə malik olduğu qeyd olunub. 

Daha sonra şair, Vətən müharibəsi iştirakçısı və kitabda şeirləri yer alan Həsən Kür, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Elməddin Nicat, Samux rayon milli qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin hərbi müəllimi ehtiyatda olan polkovnik-leytenant,  Qarabağ müharibəsində ağır artilleriya komandiri olmuş Elman Qurbanov, Mədəniyyət Mərkəzinin rejissoru Ramin Orucov, Vətən müharibəsi iştirakçısı, qazi Nurlan Qasımov  və başqaları kitab haqqında çıxış edərək  kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar. 
Çıxışlardan sonra məktəblilərin ifasında "Mən Vətənəm" kitabından ayrı-ayrı qazi şairlərin şeirlərindən parçalar səsləndirilib.

 Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəsürüatları, gənclərə tövsiyələri dinlənilib. Yekunda müzakirələrdə aktiv iştirak edən iştirakçılar diplomlarla təltif edilib. Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.