İnsanlar həyatı dərk etməyə başladığı zamandan etibarən cəmiyyətdə hər hansı bir mövqeyə sahib olmaq üçün çalışırlar. Bəziləri sona qədər mübarizə aparıb çətinliklərin öhdəsindən gəlsə də, bir qismi tez yorulub bütün işlərini yarımçıq qoyur, meydanı tərk edirlər. Hətta uğurun bir addımlığında hər şeydən imtina edənlərə də az rast gəlməmişik.
Həyatda uğursuzluğa düçar olmamaq üçün əvvəlcə uğurun sirrini tapmalıyıq. Bunun nə olduğunu öyrənmək üçün internetdə araşdırmalar edə və bu mövzuda çoxlu kitablar oxuya bilərik. Lakin araşdırmağa başladığımız zaman demək olar ki, kitabların biri-birinə bınzədiyini görürük. Onların hər birində göstərilib ki, uğurun sirri çox çalışmaqdadır. Nəzərə almaq lazımdır ki, "çox çalışmaq" ifadəsi insanlar üçün yetərli deyil. Çünki biz insanlar zəhmətimizin bəhrəsini görmək üçün səbrsizlənir, bu barədə daha dəqiq məlumatlar almaq istəyirik.
Oxuduğum onlarla kitabın içində axtardığım informasiyanı Malcolm Gladwellin "Outliers" adlı kitabında tapdım. Bu kitabın əsas hissəsi 10000 saat qaydasıdır. İsveçli psixoloqun araşdırmasına görə insan hansısa sahədə peşəkar olmaq istəyirsə, işini ustalıqla öyrənməsi üçün ona 10000 saat lazımdır. Məsələn, əgər siz peşəkar musiqiçi olmaq istəyirsizsə,10000 saat musiqi ilə məşğul olmalı, praktika etməlisiniz.
Kitabda örnək olaraq Bill Qeytsin adı çəkilmişdir. O hər gün evinin yaxınlığındakı kompüter laboratoriyasına gedib, orada 8 saat ara vermədən işləyirmiş. Bu qaydada praktika, öyrənməyə fokuslanmaq və düşünmə seansı çox əhəmiyyətlidir. Bəs düşünmə seansı nədir? Çalışdığımız saatlar içində düşünmək üçün ara verib, bir növ beynimizi məşq etdirməliyik. Bu düşünmə seansları hədəfimizə çatmaqda bizə yardımçı olacaq.
10000 saat insana çox uzun və yorucu gəlsə də, bir tərəfdən güvən verir, inam hissi oyadır. Bu araşdırma sayəsində dəqiq informasiyaya sahib olduqdan sonra günümüzü, neçə saat çalışmalı olduğumuzu rahatlıqla planlaşdırma imkanı əldə etmiş oluruq.
Uğurun sirri çox çalışmaq deyil, planlı şəkildə, ağıllı çalışmaqdır. Aydındır ki, məqsədə çatmaq üçün zamana ehtiyacımız var. Bizim öhdəmizə isə zamanı ağıllı şəkildə, öz xeyrimizə idarə etmək düşür.
Leyla Qurbanova,
Jurnalistika fakültəsinin IV kurs tələbəsi