"Növbəti təxribat da digərləri kimi gözlənilən idi. Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsi bağlanmayıb".
Bunu "Sherg.az"a ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatdan danışarkən deyib. Onun sözlərinə görə, atəşkəsin elan edilməyi müharibənin bitdiyi anlamına gəlmir:
"Tərəflər arasında atəşkəs rejimi olsa da, İkinci Qarabağ müharibəsində qazandığımız zəfərdən sonra Ermənistan mütəmadi şəkildə təxribatlarına davam edib. Bu da erməni hərbi-siyasi rəhbərliyinin heç də konstruktiv mövqe tutmaq istəmədiyini göstərir. Kənar qüvvələr sülh müqaviləsinin bağlanmasını əngəlləmək üçün kifayət qədər təzyiq edirlər. Nəticədə də düşmən ölkə müstəqil qərar qəbul edə bilmir. Erməni cəmiyyəti çox gözəl başa düşür ki, sülh müqaviləsi bağlansa, Zəngəzur dəhlizi və Ermənistan-Türkiyə sərhədi açılsa, bu, iqtisadi yüksəlişə gətirib, çıxaracaq. İqtisadi yüksəlişlər isə stabilliyə aparan yoldur. Bu da insanların sosial problemlərinin həllində çox müsbət rol oynaya bilər. Amma Ermənistanda gedən proseslər göstərir ki, Sovetlər Birliyi dağılsa da, müstəqillik əldə edilsə də, rəsmi İrəvan həmişə asılı olub. Rəsmi İrəvanın əlindən bu və ya digər güclərin sifarişini yerinə yetirməkdən başqa heç nə gəlmir. Belə olduğu halda, Ermənistanın hərbi-siyasi rəhbərliyinə kim gəlsə də, yenə erməni xalqının yox, xarici qüvvələrin marağını təmin etməklə məşğul olacaqlar. Düşmən tərəfin qələbəmizdən 2 il keçməsinə rəğmən, sülh müqaviləsini bağlamaqdan boyun qaçırmasının səbəbi onları hakimiyyətə gətirən qüvvələrin bunu istəməməsidir. Paşinyan özü də dəfələrlə yekun sülhün imzalanmasının tərəfdarı olduğunu bildirib".
Ekspert regionda Ermənistandan istifadə edərək, vəziyyəti gərgin saxlamaqda maraqlı qüvvələrin çox olduğunu diqqətə çatdırıb:
"Sülh müqaviləsinin imzalanmasına həm Rusiya, həm də Qərb mane olur. Azərbaycan Ermənistanın təxribatlarının qarşısını almaq üçün lazımi addımları atır. Sülh müqaviləsinin bağlanması yolunda əlindən gələni edir. Vaşinqton görüşünü Azərbaycanın öz maraqlarını daha da möhkəmləndirilməsi və sülh müqaviləsinin bağlanmasına doğru getməsi kimi qiymətləndirmək mümkündür. Ona görə də Dövlətimiz yaranmış vəziyyətdə geosiyasi arenada gedən prosesləri nəzərə alaraq, ehtiyatını, təhlükəsizliyini tam şəkildə qorumalıdır".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.Qəsdən törədilən təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Azərbaycan Ordusunun bölmələri qəti cavab tədbirləri görür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.