“İstiqlal yazıları” kitabının təqdimatı keçirilib

Klassik Azərbaycan jurnalistikasının əsas simalarından olan Xəlil İbrahimin  istiqlal dövrünü əhatə edən yazılarının bir hissəsi bu kitabda oxuculara çatdırılıb 


Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru olmuş, görkəmli jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahimdən bəhs edən və onun yazılarının toplandığı “İstiqlal yazıları” kitabının təqdimatı keçirilib. Kitabın tərtibçisi və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, rəyçi tarixçi-alim, professor Solmaz Rüstəmova-Tohididir. 



 
Kitabda qeyd olunub ki, klassik Azərbaycan jurnalistikasının əsas simalarından olan Xəlil İbrahim (1892-1938) bir sıra mətbu nəşrlərdə çalışıb, dövrün tanınmış publisistləri sırasında ön yerlərdə adı çəkilib. Həyatı və fəaliyyəti indiyədək epizodik araşdırılan, 1937-ci ilin repressiyasından yaxa qurtara bilməyən X.İbrahimin yaradıcılığının öyrənilməsinə bu gün çox böyük ehtiyac duyulur. Vurğulanıb ki, "İqbal", "Yeni İqbal", "Açıq söz", "Bəsirət", "Azərbaycan", "Kommunist" və digər nəşrlərdə elm, təhsil, mədəniyyət və teatr sahəsində aktual problemləri qələmə alan X.İbrahimin ən çox diqqəti özünə cəlb edən publisistik irsi Cümhuriyyət dövrünə təsadüf edir. Müəllifin bu dövrdə onlarla silsilə məqaləsi, reportajı, siyasi təhlilləri "Azərbaycan" (1918-1920) qəzetində dərc olunub. X.İbrahimin istiqlal dövrünü əhatə edən yazılarının bir hissəsi bu kitabda oxuculara çatdırılıb. 



Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib. Bildirib ki, Azərbaycan jurnalistikasının əsasını qoyanlardan olan görkəmli publisist-jurnalist Xəlil İbrahimdən bəhs olunan “İstiqlal yazıları” kitabı çox dəyərli nəşrdir: “Kitab müxtəlif illərdə yayılmış məqalələrin toplusudur. Tanınmış jurnalist, tənqidçi və tərcüməçi Xəlil İbrahim 1892-ci ildə Şuşada doğulub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində alıb. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçərək təhsilini orada davam etdirib. O, 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlayıb. Birinci Dünya müharibəsi illərində, beynəlxalq məsələlərə, müharibənin dəhşətlərinə həsr olunmuş “Dəhşətli yanğın qarşısında”, “Alban inqilabı”, “Kənd həyatından səhnələr” və bir sıra ictimai-siyasi publisistik məqalələrlə çıxış edib. 1919-cu ildə X.İbrahim “Azərbaycan” qəzetinin yaradıcılarından biri və baş redaktoru olub. Bu illərdə o, Azərbaycan milli teatr və mədəniyyətinin inkişafı, həmçinin problemlərilə bağlı onlarla məqalə, resenziyalarla çıxış etmiş, dil islahatı, terminoloji lüğətlərin hazırlanması, Azərbaycan əlifbası problemləri, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak edib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və respublikada kommunist rejimi qurulduqdan sonra X.İbrahim müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan xalqının inkişafı ilə bağlı müxtəlif problemlər haqqında 1923-1930-cu illərdə məqalələrlə qəzetlərdə çıxış edib. Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A.Tolstoyun və bir sıra başqa Qərbi Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, 1937-ci ilin noyabrında amansız repressiya dəhşətlərinin qurbanı olub”.

 
Tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı yeni nəşrdən bəhs edərək, onun necə ərsəyə gəlməsindən danışıb. Bildirib ki, bu gün biz Cümhuriyyətimizin qurucularından və həmin dövrün ən parlaq simalarından biri olan Xəlil İbrahimin işığına yığışmışıq: “Bu gün bu işıqlı insan haqqında Azərbaycan ictimaiyyətinin yetərincə məlumatı yoxdur. O, bir müddət “Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışıb. X.İbrahim milli mətbuatımızın, publisistikamızın və Cümhuriyyət ideyalarının formalaşmasında çox böyük rolu, xidməti olan bir şəxsiyyətdir. Onun hətta teatr sahəsində teatrşünaslıqla bağlı dövrün qəzetlərində çox mükəmməl məqalələri, təhlilləri var. Bu gün burada təqdim olunan “İstiqlal yazıları” kitabında X.İbrahimin “Şuşadan yazılar”, “Şuşadan məktublar” adlı bir neçə məqalələri də yer alır. Bu məqalələri o, 1916-cı ildə “Açıq söz” qəzetində yazmağa başlayıb və sonradan bunu “Azərbaycan” qəzetində davam etdirib. O, həmçinin “Kommunist” qəzetində də bir neçə silsilə yazılarla çıxış edib. O, Cümhuriyyət ideyaları ilə yaşayan insan idi. Bu kitabda da onun Cümhuriyyət, İstiqlal yazıları yer alıb”.

Professor, tarixçi-alim Solmaz Rüstəmova-Tohidi belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq, X.İbrahimin publisistikasından söz açıb. O deyib: “Xəlil İbrahim çox zəngin biliyə sahib insan idi. Onun dilçiliklə, Azərbaycan ədəbi dilinin qaydaları ilə bağlı yazılarını xüsusən qeyd etmək olar. 1926-cı ildə keçirilən Türkoloji Qurultayının təşəbbüskarlarından biri də X.İbrahim idi. O, həmçinin Türkiyə Azərbaycan münasibətlərində qardaş yardımlaşmalarına dəstək verən publisistik yazılarla çıxış edən insan idi. Onun mədəniyyət problemləri ilə bağlı yazıları da xüsusi əhəmiyyət daşıyır”.
Tədbirdə çıxış edən digər natiqlər - M.Ə.Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, professor Tofiq Məlikli, "Mədəniyyət" jurnalının baş redaktoru Zöhrə Əliyeva da yeni çap olunmuş kitab və Xəlil İbrahim haqqında fikirlərini bölüşüblər. Xəlil İbrahimin nəvəsi Lalə Nəcəfova da çıxış edərək kitabı ərsəyə gətirənlərə öz təşəkkürünü bildirib.