“Vaqifi Rusiyaya satılmaqda suçlamaq...”

İsmayıl Umudlu: “O, ilk növbədə çox güclü bir dövlət xadimi, diplomatdır”

“Vaqif müdrik siyasətçi olub. O, Qarabağ xanlığının siyasətini müəyyənləşdirən bir şəxs idi”


  “Molla Pənah Vaqifin varlığı deyil, məhz yoxluğu Qarabağ dövlətinin Çar Rusiyasının tabeliyinə keçməsinə şərait yaradıb. M.P.Vaqifin  Çar Rusiyasına  meyilliliyi, hər hansı təması olmayıb”. 
 
Bu fikirləri “Sherg.az”a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin böyük elmi işçisi İsmayıl Umudlu bildirib.

 Molla Pənah Vaqif niyə gündəmə gəlib, məlumdur. Şuşada keçirilən Vaqif Poeziya Günləri bu tarixi şəxsiyyət ətrafında yenə də müəyyən söz-söhbətlərin yaranmasına səbəb olub. Vaqif Qarabağın Rusiyanın tabeliyinə keçməsində yenə də, israrla günahlandırılır. Tarix isə yanlışlıqları qəbul etmir. Molla Pənah Vaqifin “rusiyapərəst” obrazının yaranmasında əlbəttə ki, Səməd Vurğunun “Vaqif” dramı aparıcı rol oynayıb. Əlbəttə, dahi şair o dövrün tələbləri çərçivəsində Rusiyanı “sülhpərvər” göstərib. Və uzun  illər sovet oxucusu da bunu Səməd Vurğunun əsəri sayəsində belə qəbul edib. Həqiqəti bilənlərin susdurulduğu bir vaxtda sovet məktəblisi tarixi həqiqətləri hardan biləcəkdi ki?!.  Ona görə də “Vaqif” dramındakı Molla Pənah Vaqif obrazı az qala bolşevik təəssüratı yaradırdı. Amma nə qədər örtülü saxlansa da, bir gün tarix dirçəlir və bütün gerçəkliyi ilə özünü büruzə verir. Zaman yetişdi və kimin kim olduğu, o dövrün tarixi hadisələri də olduğu kimi aydınlığa çıxdı. Lakin məsələ burasındadır ki, Molla Pənah Vaqif şəxsiyyəti ətrafında mübahisə və müzakirələr periodik olaraq ortaya çıxır. Olsun. Bu da tarixi həqiqətlərin bir daha öyrənilməsi üçün imkandır. 
 

 İsmayıl Umudlu qeyd etdi ki, Klassik Azərbaycan şairləri arasında Molla Pənah Vaqifin adı çəkilərkən ilk yada düşən şeirləri – gözəlləmələri olur. Halbuki Vaqif ilk növbədə dövlət xadimi olub. Şeir, qoşma yazmaq isə onun, belə demək mümkünsə, hobbisi olub: 

- Mənim üçün Molla Pənah Vaqif ilk növbədə dövlət xadimidir. Həm də çox güclü bir dövlət xadimi, diplomatdır. Vaqifin şairliyi isə ikinci plandadır. Qarabağ xanlığı müstəqil bir dövlət idi.  Ona xanlıq yox, dövlət deyilməlidir. Çünki Qarabağ dövləti dövlətçiliyin bütün atributlarına malik idi. Dövlətin başçısı – xan nominal hakim idi. İdarəçiliyi isə vəzirlər həyata keçirirdi. Vaqif isə indiki idarəetmə sistemi ilə uyğunlaşdırsaq baş nazir səviyyəsində idi. Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyev də Şuşada Vaqifin məqbərəsinin açılışı zamanı onu dövlət xadimi kimi xarakterizə etmişdi. Bu, ermənilərə bir mesaj idi ki, Qarabağ dövləti olub və onun vəziri – baş naziri də Molla Pənah Vaqif olub. Lakin məlumdur, sovet vaxtı Vaqifin məqbərəsinin ucaldılmasına ancaq onun şairliyi önə çəkilərsə icazə verilə bilərdi. Ona görə də Sovet illərində Vaqif daha çox klassik şair kimi tanıdılıb. Cənab Prezident İlham Əliyev də işğaldan azad edilmiş Şuşada Vaqifin bərpa edilmiş məqbərəsi önündə çıxış edərkən onun dövlət xadimi olmasını vurğuladı. 

  İ.Umudlu qeyd etdi ki, Vaqifi guya Rusiyaya satılmaqda, rusiyapərəst olmaqda suçlamaq diletantların peşəsidir. Tarixçilər Vaqifin kim olduğunu da bilir, o zaman cərəyan etmiş hadisələri, Qarabağda, ümumən Qafqazda yaranmış ictimai-siyasi vəziyyəti də yaxşı bilirlər: 

- Vaqif müdrik siyasətçi olub. O, Qarabağ xanlığının siyasətini müəyyənləşdirən bir şəxs idi. Faktiki xanlıqların böyük hissəsi Qarabağ xanlığının nəzarəti altında idi. Bunlar Vaqifin hesabına idi. O zaman Vaqif Qafqazda məşhur siyasətçilərdən biri sayılırdı. 1783-cü ildə “Georgiyevsk traktatı”nın bağlanması münasibətilə Tiflisdə böyük mərasim təşkil olunmuşdu.  Vaqif  də xanlığın vəziri kimi Tiflisə gedir. Tarixdən məlumdur ki, Gürcüstan Rusiyanın himayəsini qəbul etmişdi artıq. Vaqif də vəziyyəti öyrənmək, təftiş etmək üçün Tiflisə səfər edir. Vaqif Qafqazda Rusiyanın ekspansiyasını görürdü.  Həmin mərasimdə ruslar Qarabağ xanlığının da Gürcüstan kimi Rusiyanın himayəsinə keçməsini təklif edirlər. Amma Vaqif  yayındırıcı cavablar verir. Dahi yazıçımız  Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanında çox dəqiq təsvir edilib. Mərasimdə nəzakət əlaməti olaraq qonaqlara müxtəlif hədiyyələr təqdim olunur, o cümlədən də Vaqifə. Bunlar diplomatik protokolda çox normal bir haldır.  Vaqif, əslində Qarabağın işğal təhlükəsi altında olduğunu görürdü. Məhz bu səbəbdən Osmanlı İmperiyası ilə əlaqələr də qurulmuşdu. Vaqif 1787-ci ildə Əhməd ağa Şıxıoğlu və Məhəmməd Əfəndini Qarsa göndərib, Osmanlı imperiyası ilə danışıqlar  aparılması üçün. Amma o illərdə Osmanlının durumu da müsbət deyildi, beynəlxalq vəziyyət Osmanlının əleyhinə idi deyə, Qarabağın yenidən Osmanlının himayəsinə keçməsinə risk edilmədi.

Sonrakı hadisələr məlumdur. Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu, Vaqifin həbsi, İbrahim xanın Car-Balakənə getməsi, Qacara sui-qəsd, daha sonra da Vaqifin öldürülməsi... İbrahim xan Qarabağa qayıdanda ətrafında Vaqif kimi müdrik bir siyasətçi artıq yox idi və hadisələrin sonrakı gedişatı Qarabağın Rusiyanın tabeliyinə keçməsinə münbit şərait yaratdı. Nəhayət, Kürəkçay müqaviləsinin imzalanması ilə Qarabağ dövlətinin süqutu rəsmiləşmiş oldu. Yəni Vaqifin varlığı deyil, əksinə, yoxluğu Qarabağın Rusiyanın tabeliyinə keçməsinə səbəb oldu. Bu kədərli  hadisələrdə parlaq bir sima var, o da Vaqifdi. Molla Pənah Vaqif Azərbaycan siyasi tarixində mühüm rolu, mövqeyi olan dövlət xadimidir. Vaqifi bir şair, klassik olaraq ədəbiyyatımıza qazandıransa Firudin bəy Köçərli, Səməd Vurğun və başqaları olub.

 Vaqifin Çar Rusiyası ilə hər hansı bağlantısı, Rusiyaya rəğbəti olmayıb. Bunu iddia edənlər tarixi bilməyən, tarixi həqiqətləri də görmək istəməyənlərdir.