Ədəbiyyat mövzusunda layihə 

“Vətəndaş Tribunası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrantlar müsabiqəsinin qaliblərindən biri kimi “Müasir Azərbaycan ədəbiyyatının önəmli nəsr nümunələrinin ölkədə və xaricdə tanıdılması” layihəsini icra etməyə başlayır.
Layihəni dəyərləndikləri üçün Agentliyin rəhbərliyinə və ekspertlərinə təşəkkürümüzü bildiririk.
Layihənin fəaliyyət planı üzrə yazıçılar Mehriban Vəzirin “Gövhər ağa Cavanşir”, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” və Kəramət Böyükçölün “Çöl” romanlarının təbliği və tanıdılması nəzərdə tutulur. Bu romanlar haqqında müəlliflərin iştirakı ilə reklam çarxlarının çəkilib sosial şəbəkələrə və mediaya yerləşdirilməsi, yazıçılarla oxucu görüşlərinin təşkili, əsərlər və yazıçıların yaradıcılığı haqda materialların xarici ölkə ədəbiyyat resurslarına təqdim olunması və digər tədbirlər nəzərdə tutulur. Layihənin icrası zamanı adıçəkilən romanlar müxtəlif platformalarda müzakirə ediləcək, müasir Azərbaycan ədəbiyyatı haqqında fikir mübadiləsi aparılacaq, ədəbi nəsillər arasında yaradıcılıq ənənələrinin inkişafı və problemləri haqqında mütəxəssis və ekspert rəyləri ortaya qoyulacaq. 
“Gövhər ağa Cavanşir” romanı Qarabağ hökmdarı İbrahimxəlil xanın qızı Gövhər ağanın həyatı haqqındadır. Romanda 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyasının Azərbaycan torpaqlarını addım-addım işğal etməsilə gələn böyük milli faciənin Qarabağ xanəgahı və onun sakinlərinin həyatından necə keçdiyi ustalıqla qələmə alınmışdır. 
“Arzulardan sonrakı şəhər” romanı erməni təcavüzü nəticəsində öz doğma yurd-yuvasından qaçqın düşmüş bir ailənin həyatından bəhs edir.   Artıq tarixə çevrilməkdə olan bu proseslər bədii üslub və detallarla sadə müsəlman ailənin misalında təqdim olunur. Arxa-dayağı olmayan yaşlı qadın öz yeniyetmə nəvəsi ilə amansız həyat gerçəklərinin pəncəsində qalır. O, müharibə zonasında yerləşən kəndlərindən şəhərə köçür, lakin şəhər də müharibədən o qədər uzaqda deyil. Atəş səsləri daim eşidilir və getdikcə yaxınlaşır. Roman fransız və ingilis dillərində də nəşr edilmişdir.
“Çöl” romanı tərəkəmə həyatı haqqında gənc müəllifin epik janrda işlədiyi ilk əsərdir. Romanda əsasən heyvandarlıqla məşğul olan tərəkəmə ailəsinin, onun patriaxal həyat tərzi və adət-ənənələrinin müasir dövrün virtual sürətləri altında dağılması təsvir olunur. Bir neçə dəfə təkrar nəşr olunmuş bu əsər böyük oxucu rəğbəti qazanmışdır.