Ağrı dağı ilə bağlı həyəcan təbili: 100 ildə buzlaq sahəsi 3 dəfə azalıb

Türkiyənin Ağrı dağında buzlaqların sürətlə əriməsi yeni risklərlə bağlı narahatlıq yaradıb. Ağrı İbrahim Çeçen Universitetinin professoru Faruk Kaya bildirib ki, dağın zirvəsini örtən buzlaq sahəsi son bir əsrdə kəskin şəkildə azalıb.

Onun sözlərinə görə, 1900-cü illərin əvvəllərində təxminən 15 kvadratkilometr olan buzlaq sahəsi hazırda peyk ölçmələrinə əsasən 5 kvadratkilometrə qədər kiçilib. Keçmişdə buzlaq vadiləri 3600 metrədək enirdisə, hazırda buzlaqların sərhədi təxminən 4900 metrə çəkilib.

Sherg.az xəbəbər verir ki, professor Ağrı dağında 1840-cı ildə baş vermiş böyük fəlakəti də xatırladıb. Həmin hadisə nəticəsində Ahura vadisində 1300-1700 nəfərin öldüyü bildirilir. Alimlər fəlakətin səbəbləri ilə bağlı müxtəlif fikirlər irəli sürürlər: zəlzələ və mümkün vulkanik aktivliyin yaratdığı sürətli qar-buz əriməsi, yaxud nəhəng qaya-buz kütləsinin vadidə hərəkəti.

Kaya bildirib ki, son illərdə Ahura vadisində buzlaq mənşəli palçıq axınları və daşqınlar yenidən müşahidə olunur. 2021-ci ildə və 30 iyul 2026-cı ildə də Ağrı dağında buzlaqların əriməsi nəticəsində palçıqlı sel və daşqınlar qeydə alınıb.

Alim Ağrı dağı, Cilo, Süphan və Kaçkar kimi buzlaqlı dağların davamlı peyk müşahidəsi altında saxlanılmasını və riskli ərazilərdə yerləşən yaşayış məntəqələrinin vəziyyətinin yenidən qiymətləndirilməsini təklif edib.

O, Türkiyədə Himalaylardakı kimi böyük buzlaq gölü partlayışının gözlənilmədiyini, lakin iqlim dəyişikliyi fonunda buzlaq qopmaları və qaya uçqunları riskinin yerli səviyyədə artdığını vurğulayıb.