Dənizə çirkab, zəhərli, bəlkə də kimyəvi tərkibli tullantı suları axıdırlar - Ekoloqdan SOS

  • Dənizin səviyyəsi enib deyə, borular indi görünür. Bəlkə də suyun altıyla nə qədər belə borular çəkilib. Bəlkə də 10 ədəd belə boru çəkilib

Xəzərin Şıx çimərliyi ərazisində dənizə çirkab sularının axıdıldığını əks etdriən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərə əsasən dənizə axıdılanı sadəcə “çirkab suyu” adlandırmaq, çirkab sözünə hətta təhqir sayıla bilər.

Çirkab odur ki, suyla təmizlənə bilir. Dənizə axıdılansa, qara lehmə kimi bir şeydir ki adını qoya bilmirik. İçindən axıdılan qara lehmə kimi özü də qap-qara olan boru Xəzərin canına salınmış qara əjdahaya oxşayır. Bu nədir, niyə belə edilir? 

Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında illər öncə Şıx ərazisində eynilə bu cür halın şahidi olduğunu və bu barədə açıqlama verdiyini xatırladı: 

- Suyun altıyla çəkilən belə borular Xəzərdə çoxdur. Sədərək tərəfdə bu cür borulardan dənizə qara lehmə axıdıldığını dəfələrlə görmüşəm, çəkmişəm, paylaşmışam. Çəkilişlə də getmişik o əraziyə. Orada nəsə zavod tikilirdi, bizi yaxına buraxmadılar. Borulardan 20-30 metr dənizin içinə vururlar. Nə qədər deyirik, göstəririk, nəticəsi yoxdur. Sanki kar, kordular. Yiyəsi çıxmır ortaya. Öz işlərini görürlər, istədiklərini edirlər, dənizə baxın belə çirkab, zəhərli, bəlkə də kimyəvi tərkibli tullantı suları axıdırlar. Sonra da palçıqlı su yosunlara qarışaraq sahilə çıxır, sahili də, çimərliyi də məhv edir. 

Ə.Əliyev qeyd etdi ki, bu boruların görünməsi dənizin səviyyəsinin enməsinin nəticsədir: 

- Dənizin səviyyəsi enib deyə, borular indi görünür. Bəlkə də suyun altıyla nə qədər belə borular çəkilib. Bəlkə də 10 ədəd belə boru çəkilib, suyun altıyla. Dənizin səvyyəsi enməmişdi, suyun altında qalırdılar, görünmürdü. İndi dənizin səviyyəsi enib, bəzi yerlərdə boruların boynu qalıb açıqda, görünür. Elə hey pülüyür suya. Əgər dövət orqanları bu mənzərəni görüb qarşısını almırsa, deməyə söz qalmır. Təəssüf.