- Rövşən Abbasov: "Həmin illər ərzində buradan milyonlarla ton filiz çıxarılıb naməlum istiqamətə aparılıb"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışı zamanı Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzur meşələrinə vurduğu ağır zərərlərdən, törətdiyi ekoloji terrordan da danışdı.
Prezident qeyd etdi ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında ümumilikdə 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan olunub və qanunsuz kəsilərək satılıb. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinə Kəlbəcər və Laçın rayonlarını boşaltmaq üçün 2–3 həftə vaxt verildiyi müddətdə də ermənilər həmin meşələri qəsdən yandırıblar. Prezident qeyd edib ki, işğal dövründə qarşı tərəf üçün ən "qiymətli" iki məsələ var idi: birincisi, Azərbaycan təbiətini tamamilə məhv etmək, ikincisi isə santexnika cihazlarını söküb özləri ilə aparmaq. İlham Əliyev bu hərəkətləri kəskin tənqid edərək bildirib ki, Azərbaycan təbiətinin məhv edilməsi işğal dövrünün ən ağır nəticələrindən biridir.
Prezident İlham Əliyevin müşavirədə Qarabağ regionundakı meşələrin qırılmasına dair real faktlar təqdim etdiyini deyən ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirdi ki, 2011 və 2019-cu illərdə Ağdərə rayonu, Gülyataq kəndi yaxınlığında meşə qırğınlarına aid peyk görüntüləri var. Ekoloq bu görüntüləri sosial şəbəkə hesabında paylaşıb:
- Əlimizdə bu görüntülər var. Peyk görüntülərində Ermənistanın Heyvalı yatağında nəinki meşəni məhv etdiyi, hətta orada iri buxarlandırıcı hovuz tikildiyi də aşkar görünür. Həmin illər ərzində buradan milyonlarla ton filiz çıxarılıb naməlum istiqamətə aparılıb. Torpağın isə güclü çirklənməsi baş verib. Bu hovuzda çox təhlükəli maddələr yığılıb. Ümumiyyətlə, əlimizdə belə faktlar çoxdur. Orada bir “göl” olub ki, təhlükəli tullantılar poliqonu idi. Zəhərli maddələr başlıca olaraq ora yığılırdı".
Ekoloq hesab edir ki, Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdikləri ekoloji cinayətlər, o cümlədən ekosid faktları, onların törətdikləri müharibə və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsi kimi hər bir xırdalığına qədər, yüksək peşəkarlıqla sənədləşdirilməli, beynəlxalq ictimaiyyətə çatdırılmalı və daim gündəmdə saxlanılmalıdır.