Avropada təsirini göstərən isti hava dalğası Türkiyəyə çatıb. Mütəxəssislərin proqnozuna görə, bu gün, sabah və çərşənbə günü ölkənin bir çox bölgəsində havanın temperaturu mövsüm normasını 6-7 dərəcə üstələyəcək.
Meteoroloq, Orhan Şen bildirib ki, xüsusilə Mərmərə, Egey, Qərbi Qara dəniz və Mərkəzi Anadolunun qərb hissələrində qarşıdakı 72 saat kritik keçəcək. O, vətəndaşları həm həddindən artıq istilərə, həm də meşə yanğınları riskinin artmasına qarşı diqqətli olmağa çağırıb.
Professorun sözlərinə görə, Avropa üzərində formalaşan və “omeqa bloku” adlandırılan atmosfer sistemi isti havanı uzun müddət bölgədə saxlayıb. Hazırda bu hava kütləsi Balkanlar üzərindən Türkiyəyə doğru hərəkət edir.
Ən yüksək temperaturun Egey bölgəsində müşahidə olunacağı gözlənilir. Xüsusilə Aydın şəhərində termometrlərin kölgədə 42 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Həmçinin İzmir, Manisa və Denizli şəhərlərində də temperaturun mövsüm normasından xeyli yüksək olacağı bildirilir.