Güneyli soydaşlarımız mübarizəni davam etdirməli və molla rejimini hərəkətə keçməyə məcbur etməlidirlər
Güney Azərbaycanda yerləşən Urmiya gölü tamamilə quruyub. Dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb. Xatırladaq ki, daha əvvəl İran rəsmiləri görülən tədbirlər nəticə verməsə, gölün yayın axırına qədər quruyacağını bildirmişdilər. Onu da bildirək ki, Tehran administrasiyası gölün bərpası üçün 6 milyard dollar büdcəli böyük ekoloji layihəyə başlasa da, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb. Urmiya gölünün tam qurumasından sonra həkimlər ekoloji problemin bölgədə fəlakətlərə səbəb olacağı barədə xəbərdarlıq ediblər. İran Daxili Xəstəliklər Mütəxəssisləri Cəmiyyətinin İdarə Heyətinin sədri İrəc Xosroniya gölün qurumasından sonra duz fırtınalarının daha da artacağı, bölgələrdə yaşayanlar arasında tənəffüs, təzyiq və xərçəng xəstəliklərinin çoxalacağını bildirib.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Urmiya gölünün tam quruması xəbəri, doğrudan da, olduqca böyük faciənin təsdiqidir. Ekspert vurğulayıb ki, bu göl Güney Azərbaycandan olan soydaşlarımızın birlik, həmrəylik rəmzlərindən biri idi:
"Urmiya əyalətində yaşayan azərbaycanlılar üçün isə bu göl həm də həyat, yaşam mənbəyi idi. Kənd təsərrüfatı və maldarlıqla, bağçılıqla məşğul olan urmiyalılar məhz bu gölün suyundan, ekosistemindən yararlanırdılar. Lakin bütün bunlar artıq tarixə çevrilib. Urmiya gölünün quruması bölgədəki azərbaycanlıların həyatlarını alt-üst etdi.
Bəzi bədxahlarımız Ürmiya gölünün tamamilə qurumasına görə həm də Azərbaycan və Türkiyəni günahlandırırlar. Onların iddiasına görə, guya biz bu gölün qurumasının qarşısının alınması üçün heç bir təşəbbüs göstərməmişik. Hərçənd ki, Azərbaycanın bir çox ekspertləri, politoloqları, qeyri-hökumət təşkilatları, ictimai fəalları və kütləvi informasiya vasitələri Urmiya gölünün tamamilə quruyacağı ilə bağlı dəfələrlə "SOS" siqnalı veriblər, molla rejimini məsuliyyətli davranmağa çağırıblar və gölü xilas etməyin yollarını da göstəriblər. Lakin əfsuslar olsun ki, bütün bu çağırışlar və təkliflər molla rejimi tərəfindən qulaqardına vurulub. İranın molla hakimiyyəti Urmiya gölünə qarşı cinayətkar münasibət bəsləyib".
Siyasi şərhçi hesab edir ki, Urmiya gölünün üzləşdiyi ekoloji fəlakətə görə məsuliyyət tamamilə İranın mövcud klerikal hakimiyyətinin üzərinə düşür:
"Məhz fars-molla rejiminin son 20 il ərzində Urmiya gölünə qarşı qərəzli münasibəti, laqeydliyi və naşılığı üzündən bu göl öz tarixi mövcudluğunun ən ağır ekoloji fəlakəti ilə üzləşib. Gölə axan çayların qarşısının qəsdən kəsilməsi, habelə su ehtiyatlarının düzgün idarə olunmaması, qeyri-rasional kənd təsərrüfatı fəaliyyətləri və nəhayət, iqlim dəyişiklikləri Urmiya gölündə suyun sürətlə tükənməsinə, quruma prosesinin katastrofik səviyyədə sürətlənməsinə səbəb oldu. İran hakimiyyəti Urmiya gölünün xilası ilə bağlı prosesi düzgün idarə etməyi bacarmadı. Ya da bunu qəsdən istəmədi. Budur, faciəli nəticə göz qabağındadır. NASA-nın son görüntülərinə əsasən, göldəki sonuncu su sərhədlərinin izlərinin praktik olaraq tamamilə yoxa çıxdığı aydın şəkildə görünür. Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Təşkilatının, Urmu Su Hövzəsi İdarəsinin, Urmu Gölünün Bərpası Qərargahının rəsmiləri və eləcə də Urmiyanın İran parlamentindəki nümayəndəsi Salman Zakir gölə axıdılacaq su payının normal miqdarda təmin edilməyəcəyi halda, Urmu gölünün tamamilə quruyacağı barədə hələ illər öncədən, aylar öncədən xəbərdarlıq etmişdilər. Lakin molla rejimi bu xəbərdarlıqları eşitmək istəmədi. Urmiya gölü molla rejiminin yanlış idarəçiliyinin qurbanına çevrildi".
Ə.Hüseynova görə, acınacaqlı duruma baxmayaraq, o gölü xilas etmək üçün hələ də fürsət var:
"Urmiya gölünü bərpa etmək və gölün quruması nəticəsində bölgənin ekosisteminin məhv olmasının qarşısını almaq mümkündür. Güneyli soydaşlarımız mübarizəni davam etdirməli və molla rejimini Urmiya gölünün bərpası üçün hərəkətə keçməyə məcbur etməlidirlər. Güney azərbaycanlıların birlik və həmrəyliyi tarixi gölün yenidən bərpa olunmasında həlledici rol oynayacaq".