"May ayında bəzi günlərdə qısamüddətli leysan yağış yağacağı gözlənilir"
May ayı da gəldi, amma havalar düzəlmir. Yenə də qeyri-sabit hava şəraiti davam edir. Bu gün səhət saatlarında Bakıda və Abşeron yarımadasında yağış hava müşahidə edilib. Yağıntılar qısa müddətə ara verir, sonra təkrar başlayır. Mart ayının son ongünlüyündən bu yana havalar əsasən yağıntılı keçir. Bəzən havaların bu şəkildə soyuq, küləkli və yağıntılı keçməsinə ABŞ-İsrail-İran qarşıdurmasının səbəb olduğu, Ərəbistan yarımadasındakı ölkələrin də münaqişəyə cəlb olunması fonunda iqlimə təsir edən amillərin süni şəkildə yaradıldığı rəyləri səslənir.
Lənkəran Dövlət Universitetinin baş müəllimi, meteoroloq Cavidan Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, iqlimə kənar müdaxilələr mülahizəsi əsassızdır: 
- Kənar müdaxilənin havaların qeyri-sabit keçməsinə bu dəfə dəxli yoxdur. Ötən il hətta iyun ayında qeyri-sabit hava şəraiti davam edirdi. Hazırda isə havaların qeyri-sabit, yağıntılı keçməsi Türkiyədəki tsiklonun atmosfer cəbhələri ilə bağlıdır. Bu, temperaturun iqlim normasından bir qədər aşağı düşməsinə səbəb olur. Lakin qarşıdakı günlərdə temperaturun günbəgün yüksələcəyi gözlənilir. May ayında temperaturun iqlim normasından 1-2 dərəcə yüksək olacağı ehtimal edilir. Amma ay ərzində bəzi günlərdə qısamüddətli leysan yağış yağacağı gözlənilir.
Meteoroloq bildirdi ki, may ayında havaların soyuq keçməsi ilk dəfə deyil. Son 4 ildə may ayı daha çox qeyri-sabit keçir:
- 2002-ci ildə may ayında gündüz Bakıda havanın temperaturunun 9 dərəcə olmağı yaxşı yadımdadır. Sadəcə, bu hallar daha qısamüddətli olurdu, 1-2 gün çəkirdi. 2003-cü ildə iyun ayı çox soyuq keçdi. Lerikdə hətta qar yağmışdı, iyun ayında. Bakıda da temperatur kəskin enmişdi. Bu il isə may ayında havaların ümumən iqlim normasına yaxın olacağı proqnozlaşdırılır.