Çempionlar Liqasının ikinci turunda “Real Madrid” səfərdə “Roma”nı 4:3 hesabı ilə məğlub edib. Matçın 83-cü dəqiqəsindən sonra vurulan qollarla geridönüş edən Madrid təmsilçisinin qələbəsində Arda Gülər mühüm rol oynayıb.
Sherg.az xəbər verir ki, Türkiyə millisinin üzvü komandasının son iki qolunda məhsuldar ötürmələr edib. Onun künc zərbələrindən yaratdığı təhlükəli vəziyyətlər İspaniya mətbuatının diqqətini çəkib.
“Marca” nəşri Arda Gülərin meydana daxil olması ilə oyunun tamamilə dəyişdiyini yazıb. Nəşrin fikrincə, futbolçunun sol ayağı ilə yerinə yetirdiyi künc zərbələri “Real Madrid”in geridönüşündə həlledici olub.
“AS” qəzeti isə türkiyəli futbolçunun oyuna daxil olması ilə komandanın ritm qazandığını vurğulayıb. Nəşr Ardanın heyətdəki ən yaradıcı yarımmüdafiəçilərdən biri olduğunu qeyd edib və onun ehtiyat oyunçular skamyasında qalmasını tənqid edib.
“Sport” nəşri Ardanı geridönüşün təşkilatçısı adlandırıb. Qəzetin yazdığına görə, Madrid təmsilçisi baş məşqçinin uğursuz ilkin planına baxmayaraq, əvəzetmələrdən sonra oyunun taleyini dəyişməyi bacarıb.
“El País” isə Arda Gülərin dəqiq künc zərbələrindən cəmi yeddi dəqiqə ərzində üç qolun yarandığını bildirib. Nəşr türkiyəli futbolçunun komandanı yenidən canlandırdığını vurğulayıb.
“OK Diario” və “Mundo Deportivo” da Arda Gülərin meydana daxil olmasının qarşılaşmanın gedişinə ciddi təsir göstərdiyini yazıblar. İspaniya mətbuatının ümumi qənaətinə görə, gənc futbolçu “Real Madrid”in möhtəşəm geridönüşünün əsas qəhrəmanlarından olub.