- "O, dünənə qədər dəfələrlə yazaraq Qurban Qurbanovun nə qədər böyük məşqçi olduğunu göstərib. Dəfələrlə onu tərifləyib, çox böyük mütəxəssis adlandırıb"
Sabiq deputat Etibar Əliyevin "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşımı sosial mediada və futbol ictimaiyyətində müzakirələrə səbəb olub. Paylaşımda səsləndirilən fikirlər Qurban Qurbanovun fəaliyyətinə və Azərbaycan futbolundakı roluna dair müxtəlif reaksiyalar doğurub.
İdman eksperti Kənan Məstəliyev Sherg.az-a mövzu ilə bağlı fikirlərini bölüşüb:

"Etibar Əliyevin etdiyi sadəcə böyük səhv deyil, böyük ədəbsizlikdir. Düşünürəm ki, Etibar Əliyev Qurban Qurbanovun hesabına gündəmə gəlməyə çalışır.
Çünki Qurban Qurbanov elə bir zirvədir ki, Etibar Əliyev onun yanında heç yoxdur. Azərbaycan futbolu tarixini dəyişmiş, Azərbaycan futbolunda ən böyük uğurlara imza atmış Qurban Qurbanov kimi bir şəxsə bu formada sataşmaq, bu cür sözlər yazmaq yolverilməzdir.
Belə bir sözü Etibar Əliyevin yazdığını heç müzakirə etmək belə istəmirəm. Çünki bu, müzakirə olunası mövzu deyil. Müzakirə olunası məsələ Etibar Əliyevin bununla özünə xal qazanmağa, gündəmə gəlməyə və özünü nəsə hesab etməyə çalışmasıdır.
Həmin Etibar Əliyev dünənə qədər dəfələrlə yazaraq Qurban Qurbanovun nə qədər böyük məşqçi olduğunu göstərib. Dəfələrlə onu tərifləyib, çox böyük mütəxəssis adlandırıb. İndi isə bir məğlubiyyətə görə bu cür mövqe sərgiləyir".
Ekspert futbolda məğlubiyyətin də normal qarşlanmalı olduğunu söyləyib:
"Biz heç kimdən ömür boyu qalib gəlməsini gözləyə bilmərik. Bu, nə fiziki, nə də prinsip etibarilə mümkündür.
Qurban Qurbanov uzun illərdir Azərbaycan futboluna xidmət edir. Milli komandada baş məşqçi olub, “Qarabağ” Futbol Klubunun baş məşqçisi kimi mümkün olan ən böyük tarixləri yazıb. Azərbaycan futbolu tarixinin ən güclü məşqçilərindən biridir, dəfələrlə Azərbaycanın ən yaxşı məşqçisi seçilib.
Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif olunmuş məşqçidir. Yəni Azərbaycan futbolunda mümkün olan bütün titulları və uğurları qazanıb.
Belə bir insana bir məğlubiyyətə görə bu sözləri ünvanlamaq düzgün deyil. Etibar Əliyevin yazdıqlarını oxudum. Bu, ayıbçılıqdır. Başqa söz deyə bilmərəm. Bu, sadəcə ayıbçılıqdır".