“Müdafiə naziri , general-polkovnik Zakir Həsənovun “Azərbaycan Ordusu daim təlimlər keçir. Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır” fikri heç şübhəsiz ki, daxili auditoriyaya yox, ilk növbədə məhz erməni generalitetinə ünvanlanıb”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, nazirin bu bəyanatı rəsmi İrəvana təsirsiz ötüşməyəcək:
“Paşinyan və onun müharibə ritorikası ilə çıxış edən güc nazirləri yəqin ki, general-polkovnik Z.Həsənovun bəyanatını öz aralarında, məhdud çevrədə müzakirə edəcəklər. Əslində nazirimizin tez-tez belə bəyanatlar verməsinə ehtiyac var.
Hətta Z.Həsənovun ritorikası indikindən daha sərt olmalıdır. Ermənistan hakimiyyəti və ictimaiyyəti Azərbaycanın müharibə bəyanatlarının arxasındakı real gücü hiss etməlidir. Çünki Paşinyanın populist açıqlamaları və siyasi-diplomatik səriştəsizliyi üzündən sülh danışıqları prosesi faktiki olaraq dalana dirənib.
Odur ki, biz hazırki mürəkkəb situasiyada erməni hərbi-siyasi isteblişmentini yalnız güc nümayişi yolu ilə reallıq hissinə qaytara bilərik. Həmçinin, Qarabağ məsələsinin həllində konkret addımlar atmağa vadar edərik”.