Virusun inkubasiya müddəti 10-72 saat ola bilir
Türkiyədə bir neçə aydır norovirus yayıldığı təsbit edilib. Bağırsaq infeksiyası olan norovirus ishala gətirib çıxarır. Virus daha çox payız aylarında aktivləşir. Bunun səbəbi virusun soyuq havalara dayanıqlı olmasıdır. Qastroentrologiya üzrə mütəxəssis, doktor Xəlil Dəyərtəkin virusa qarşı önləmlərdən danışıb və önəmli məsləhətlər verib. Bağırsaq infeksiyaları bakteriya, parazit və viruslardan qaynaqlanır. Amma bəzən qəbul edilən dərmanlar, ya da stress ishala səbəb ola bilir.
Doktor bildirib ki, norovirus “Caliciviridae” ailəsindən olan, RNT tərkibli virusdur. Dünyada 90 faiz hallarda bakteriyasız keçən mədə-bağırsaq epidemiyalarının səbəbkarı məhz norovirus törədicisi sayılır. Virus xəstə ilə birbaşa təmasdan, yoluxmuş qida məhsullarından əsasən fekal-oral yolu ilə ötürülür. Bu hal “bağırsaq qripi” də adlandırılır.
İlk olaraq norovirus özünü 1968-ci ildə Ohayo ştatının Noruolk şəhərində, ibtidai məktəb şagirdləri arasında kəskin baş qaldırmış mədə-bağırsaq pozğunluqları ilə büruzə verdiyinə görə ingilislər tərəfindən adlandırılıb. Günümüzə qədər eyni simptomlu çoxsaylı xəstələnmə halları mövcuddur.
Təcili Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında bağırsaq infeksiyalarına təkçə yay mövsümündə deyil, payız-qış aylarında da rast gəlindiyini dedi.
Ş.Məmmədov bildirdi ki, Norovirus törədicisinin səbəb olduğu mədə-bağırsaq pozğunluğu mövsümi xarakterli olub əsasən payız-qış aylarında baş qaldırır və ürəkbulanması, qusma, ishal əlamətləri, qarın nahiyəsində olan ağrı ilə özünü büruzə verir. Virusun inkubasiya müddəti 10-72 saat ola bilir. Simptomlar bir və iki gün ərzində özünü göstərməyə başlayır, bir neçə gün davam edir. Bir qayda olaraq xəstəlik öz-özünə sağalır. Həkim məsləhət görür ki, qidalara, qidalanma gigiyenasına ciddi fikir verilməlidir. Payız-qış aylarında bədənin immuniteti getdikcə zəiflədiyindən orqanizmin viruslara yoluxma riski də artır.