Bayraqdan geyim olmaz! - Xoş təsir bağışlamır

Professor: "Şalvarda bayrağın əks olunması düzgün deyil" 



Amma köynəklərdə bayraqdan istifadə etmək olar



Hərbi-vətənpərvərlik mövzularında mahnı oxuyan bəzi müğənnilər kliplərində bayraq rəngində olan paltarlardan istifadə edirlər. İctimaiyyət arasında da bayraq əks olunmuş müxtəlif paltarlar geyinən insanlara rast gəlmək mümkündür. Lakin onların bu addımı cəmiyyətdə birmənalı qarşılanmır. Bayraq təsviri olan geyimləri təqdir edənlərlə yanaşı, qəti şəkildə buna qarşı çıxanlar da var.

Millət vəkili Hikmət Babaoğlu da parlamentin ötən iclaslarının birində bayrağımızın istifadə qaydasından danışıb. Deputat bildirib ki, hər cəmiyyətin özünün qəbul etdiyi dəyərlər var: “Məsələn, bir sıra Avropa ölkələrində bayraqdan geyim forması kimi istifadə ənənəsi var və bu, heç kəsi qıcıqlandırmır, ictimaiyyət arasında mənfi rəy formalaşdırmır. Düşünürəm ki, cəmiyyətin ümumi ictimai rəyi necədirsə, onunla hesablaşmaq lazımdır. Azərbaycan cəmiyyəti nə qədər mühafizəkardırsa, bir o qədər də liberaldır. İctimai rəyin qızıl ortada olması çox yaxşı haldır. Əgər Azərbaycan cəmiyyəti desə ki, “bayraqdan geyim olmaz” bununla hesablaşmaq lazımdır”. 



Müzakirə olunan məsələ ilə bağlı “Şərq”ə fikirlərini bölüşən türkoloq-alim, professor Firudin Cəlilov hesab edir ki, müəyyən istisnalarla bayrağımızı hər yerdə istifadə etmək lazımdır:

“Əlbəttə, münasib ortamlarda, yəni görünən, diqqət çəkən yerlərdə milli atributlarımızı təbliğ etməliyik. Ancaq geyim məsələsində müəyyən məqamlara diqqət yetirmək lazımdır. Məsələn, köynəklərdə, koftalarda, göbəkdən yuxarı geyimlərdə bayraqdan istifadə etmək olar. Ancaq şalvar və bu tipli geyimlərdə bayrağımızın əks olunması xoş təsir bağışlamır. Üzərində bayraq təsviri olan köynəklərdən birini 1980-ci illərin sonlarında mənə bağışlamışdılar. Hərdən geyinirdim, ləzzət edirdi”. 

Professor bildirib ki, bayrağımızı sevməli və sevdirməliyik:

“Yaxşı olar ki, şagird formalarında, məktəb çantalarında və kitabların üzərində bayraq əks olunsun. Gözümüz hara baxsa, üçrəngli bayrağımızı görək. Bayrağın müəyyən əşyaların və geyimlərin üzərində təsvirinin əleyhinə deyiləm. Ancaq geyimlərdə elə etməliyik ki, bayrağımız göbəkdən aşağı enməsin”.