“İnsanların smartfon telefonlardan asıllığı böyük və ciddi bəladır”. Bunu Sherg.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib.
Mütəxəssis bildirib ki, bu məsələ yeni nəslin normal böyüməsinə, formalaşmasına təhlükəli zərbələr vurur:
“Təəssüf ki, indi yer üzündə öz mahiyyəti etibarı ilə dağıdıcı qüvvələr var. Onlar da belə bir vəziyyətin yaranmasında maraqlıdırlar. Amma belə bir vəziyyətin yaranmasına daha çox təsir edən əhali arasında məlumatsızlıq, bu məsələdə naşılıq və avamlıqdır. Axı smartfonların öz təyinatı var. Hər bir vasitədən onun təyinatına görə istifadə edəndə o, faydalı olur. Təyinatına uyğun olmadan istifadə isə çox təhlükələr yaradır. Smartfonu uşaqlara verən daha çox tənbəl və avam analardır. Onlar 2 yaşı tamam olmamış körpəyə smartfon verirlər ki, onun başı qarışsın, ağlamasın və anasına hansı işlərdəsə mane olmasın. Çox zaman bu işlərin özü elə sosial şəbəkələrdə laqqırtı vurmaqdan ibarət olur”.
Əhməd Qəşəmoğlu: "Smartfonu uşaqlara verən daha çox tənbəl və avam analardır"
Alim vurğulayıb ki, uşaq ana bətnində formalaşdığı kimi, eyni zamanda anadan olandan sonra da sosial mühitdə normal formalaşmalıdır:
“Amma smartfon bu təbii formalaşmaya ciddi mane olur. Ən əvvəl uşaq şüalanır. Məsələ ondadır ki, uşaq bütün günü smartfona sadəcə baxmır. Həm də oradan müxtəlif, xüsusi olaraq dağıdıcı xarakterdə hazırlanmış cizgi filmlərindəki əcayib, əsəblərə fəsadlar verən musiqi eşidir. Onun milli mənəvi kodlarının üzərinə sanki suvaq çəkilir. Ortaya mənəvi, psixoloji olaraq zədələnmiş yeni nəsl çıxır. Onlar bir qayda olaraq real həyata laqeyd olurlar. Vətənpərvərlik hissləri zəif olur, psixoloji durumları gərginləşir”.
Sosioloq əlavə edib ki, mövcud vəziyyətdən çıxış yolu TV-lərdə, sosial şəbəkələrdə problemə qarşı ciddi kompaniya aparmaqdır:
“Valideynləri maarifləndirməkdir. TV-lərdəki şit, mənəvi olaraq ziyanlı olan verilişlər əvəzinə bu mövzuda, başqa sosial problerimizlə bağlı daha çox reytinq gətirə bilən verilişlər hazırlamaqdır”.
Qeyd edək ki, yeniyetmələrin dörddə birində smarfondan - ağıllı telefondan asılılıq müşahidə edilir: smartfondan uzaq qalmaq onlarda psixoloji diskomfort yaradır - onlar əsəbi olurlar və panika keçirirlər. Bundan başqa, belə yeniyetmələr ekran qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər. Bu narahatedici qənaəti Londonun Kings College Universitetinin araşdırmaçıları səsləndiriblər. Alimlər xəbərdarlıq edirlər ki, belə asılılıq psixoloji sağlamlığa ciddi zərər vura bilər.