Kəskin proqnoz vermək doğru deyil: Su ehtiyatlarının böyük ölçüdə azalması müşahidə olunmur

Azərbaycanda kənd təsərrüfatı sahəsində su çatışmazlığı müşahidə olunur. Bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. Nazirin sözlərinə görə, qlobal iqlim dəyişikliyi kontekstində dayanıqlı antropogen risklər var: “Artıq bu səpkidə ölkəmizdə bir sıra çətinliklər müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi su tələb edir. 

Ölkəmizdə olan çayların 70 faizi su mənbəyi hesab olunur. İqlim dəyişikliyinə əsasən, su resurslarımız 15 faiz azalıb və 2050-ci ilə kimi hələ 15 faiz də azalması proqnozlaşdırılır”. M.Babayev bildirib ki, hazırda Xəzər dənizində və çaylarda su səviyyəsinin azalması müşahidə olunur. 



“Effektiv suvarma sistemi qura bilsək, kənd təsərrüfatının iqlimdən asılılığı azalar”


Nazirin xəbərdarlığını “Şərq”ə dəyərləndirən kənd təsərrüfatı sahəsi üzrə ekspert Qadir Bayramlı deyib ki, qlobal iqlim dəyişikliyi müşahidə olunur. Ancaq indiki halda Azərbaycan üçün faciəli durum yoxdur. İqtisadçı bildirib ki, bəzən alimlər proqnoz verirlər ki, 5-6 ay quraqlıq göstərilir. Lakin iki-üç həftədən sonra temperatur iqlim normalarına yaxınlaşır. Ona görə də bu cür kəskin proqnozlar vermək doğru deyil: 

“Qlobal istiləşmə Azərbaycanın yerləşdiyi coğrafi regiona digər bölgələrə nisbətən daha az təsir göstərir. Qütblərdə buzların sürətlə əriməsi Avropanın sahil bölgələrinə mənfi təsir göstərir. Dəyişən iqlimin Azərbaycana kiçik təsiri ola bilər. Lakin Azərbaycanda su ehtiyatlarının böyük ölçüdə azalması halı müşahidə olunmur. Yəni, bunlar kənd təsərrüfatına və ümumi iqtisadiyyata təsir edəcək rəqəmlər deyil. Problem ondadır ki, Azərbaycan Çin, Rusiya, Kanada, Braziliya kimi şirin su ilə zəngin olan ölkə sayılmır. Amma Afrikanın su qıtlığı çəkən ölkəsi də deyilik. Əgər Araz, Kür, Samur, Alazan, Tərtər və s. su mənbələrindən səmərəli istifadə etsək, su resursları kifayət edər”. 

Mütəxəssis vurğulayıb ki, bizdə suyun istifadə mexanizmi yanlışdır, suvarmada itkilər çoxdur: 

“Bunun da bir neçə səbəbi var. Birincisi, əhalinin özü suyun qənaətlə işlədilməsinə biganədir. Həmçinin, suvarma şəbəkəsinin önəmli hissəsi sovet zamanında qurulub və bəziləri sıradan çıxıb. Su sızıntıları böyük ölçüdə itkiyə səbəb olur. Hətta bəzi bölgələrdə su itkisi 30 faizin üzərindədir. Suvarma sistemi də aşağı səviyyədədir. Bir çox ölkə artıq damcılı suvarma sisteminə keçib. Damcılı sistemin tətbiqi suya qənaət edilməsinə imkan yaradır. Almaniya kimi ölkədə heç vaxt məişət suyu ilə maşın yuyulmur. Yuyanları böyük məbləğdə cərimələyirlər. Avropa ölkələrinin çoxunda evlərdə işlədilən şirin su müəyyən qurğularla təmizlənir və yenidən işlədilir. Bizdə isə belə qurğular yoxdur”. 

Q.Bayramlı ümumən kənd təsərrüfatı sahəsində mövcud olan bir sıra problemlərdən də danışıb: 

“Ekspertizadan intensiv üsula keçməliyik və sığortanı tətbiq etməliyik. Bütövlükdə aqrotexniki tədbirlərin səviyyəsi yüksəldilməlidir. Təəssüflər olsun ki, fermerlərimiz suvarma və gübrələmə sahəsində yetərli bilgilərə sahib deyillər. Kür-Araz ovalığında yerləşən rayonlar üçün yeni suvarma mexanizmləri işlənib hazırlanmalıdır. Dağətəyi bölgələrdə dəmyə üsulu ilə müəyyən məhsulları yetişdirmək mümkündür. Amma aran rayonlarında daimi suvarma zərurətdir. Effektli suvarma sistemi qura bilsək, kənd təsərrüfatının iqlimdən asılılığını azalda, məhsulların çeşidlərini artıra bilərik. Bu məsələnin üzərində ciddi düşünmək lazımdır. Çarəni vaxtında tapmalıyıq”.