Qan Turalı: "Onları Yazıçılar Birliyində saxlamağın nə mənası var?"

"Üzvlər arasında elələri var ki, heç ədəbiyyat dərsliklərindən xəbərləri yoxdur"



Dünən Yazıçılar Birliyinin 85 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Tədbirdə Yazıçılar Birliyinin nümayəndələri, tanınmış qələm sahibləri iştirak etdilər. Dəvət olunanlar sırasında bu qurumun üzvü olmayan ədiblər də olub. Belələrindən biri də yazıçı Qan Turalıdır. O, şəxsi səbəblərə görə yubiley tədbirində iştirak edə bilməsə də, dəvətə görə təşkilatçılara Sherg.az vasitəsilə təşəkür edib:

“Bildiyimə görə, Yazıçılar Birliyinin elə nümayəndələri var idi, tədbirə dəvət olunmamışdı. Mən heç vaxt birliyin üzvü olmamışam. Yəni bəzi yoldaşlardan fərqli olaraq nə oradan qovulmuşam, nə də sonradan öz xoşumla çıxmışam. Ancaq sağ olsunlar ki, məni diqqətdə saxlayıb, dəvət etmişdilər. Əfsuslar olsun ki, iştirak edə bilmədim”.

Yazar bununla yanaşı 85 illik AYB haqqında qısa fikirlərini səsləndirib: 

“Bu, qurum müasir dövrün tələblərinə uyğunlaşmalıdır. Mən Yazıçılar Birliyinin mövcud olmasının tərəfdarıyam. Bəziləri kimi onun ləğv olunmasını istəmirəm. Ancaq gərək birliyin ruhu yenilənsin. Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcidin də bir dəfə dediyi kimi, üzvlər arasında elələri var ki, heç ədəbiyyat dərsliklərindən xəbərləri yoxdur. Elə isə onları Yazıçılar Birliyində saxlamağın nə mənası var? Mənə elə gəlir ki, Yazıçılar Birliyinin üzvlərinin sayını xeyli azaltmaq və daha ciddi işlər görmək lazımdır. Dediyim kimi, əsas məsələ budur ki, Yazıçılar Birliyi müasir dövrün tələblərinə cavab versin. Bunun üçün isə əsas məsələlərdən biri kadr islahatlarının həyata keçirilməsidir”.

Kənan Novruzov