Nə olsun ki, özü həkimdir? – Azər Maqsudovun müalicə üçün xaricə getməsi normaldır

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun müalicə almaq üçün xarici ölkələrdən birinə getməsi xəbəri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bəzi saytların yaydığı informasiyaya görə, baş toksikoloq hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması - red) keçirib. 

Xəbərin sosial şəbəkədə müzakirə mövzusuna, hətta lağlağı obyektinə çevrilməsinə səbəb isə tanınmış tibb işçisinin müalicə məqsədi ilə xaricə üz tutması olub. 

Məsələyə münasibət bildirənlər iddia ediblər ki, əgər baş həkim Azərbaycan səhiyyəsinə etimad göstərmirsə, deməli ölkədə bu sahədə durum heç də yaxşı deyil.



Adil Qeybulla: “Tibb sahəsində elə analizlər var ki, onların dəqiq cavab üçün daha peşəkar və təcrübəli mütəxəssislərə baş vurmaq zərurəti yaranır”


Xəbərə verilən reaksiyaları Sherg.az-a dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla məsələyə bu cür yanaşmanın doğru olmadığını düşünür. 

Professorun sözlərinə görə, ehtiyac yarandığı təqdirdə bəzi xəstəliklərlə bağlı xarici ölkələrin mütəxəssislərinə müraciət edilməsi normaldır: 

“Sözün düzü, mən də həmin xəbəri sizin kimi mətbuatdan oxumuşam. Bildiyim qədərilə sözügedən həkim fiziki baxımdan hər zaman normal olub. Həkim olanda nə dəyişir ki? O da insandır, xəstələnə bilər. Tibb sahəsində elə analizlər var ki, onların dəqiq cavab üçün daha peşəkar və təcrübəli mütəxəssislərə baş vurmaq zərurəti yaranır. Genetik mutasiya və bəzi başqa analizlərin dəqiq anlaşılması çox mürəkkəb olur. Biz özümüz də bəzi məqamlarda xəstənin analizlərini Türkiyəyə, yaxud başqa ölkələrə göndəririk. Yəni zəruri hallarda həkim də olsa, bəzi insanların xarici ölkələrin qabaqcıl səhiyyə sisteminə müraciəti normal haldır”.