Əhalini cərimə ilə qorxudurdular: Şirkətlərin mənzil sığortası ajiotajına “nöqtə qoyuldu”

“Sığorta şirkətləri tərəfindən ötən ilin sonundan aparılan kampaniyaya son qoyuldu”.  Sherg.az-ın xəbərinə görə, bu barədə iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. 

Ekspert bəyan edib ki, sığorta şirkətləri əhalini qorxudurdu ki, evini sığortalamayan cərimələnəcək: 

“Biz isə deyirdik ki, 8 il ərzindən tədbir görülməyibsə, dövlət birdən-birə, xəbərdarlıq etmədən, maarifləndirmə aparmadan bunu etməyəcək. Dünənki müşavirədə cənab Prezident dediklərimizi təsdiqlədi: “...Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin...”.



İqtisadçı: “Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir”


İqtisadçı bəyan edib ki, daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik müzakirə mövzusudur: 

“Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir. Amma sığorta icbari qalsa belə, yaxında əhalinin xərclərinin minimallaşdırılması ilə bağlı mühüm təkliflə çıxış edəcəyəm. Hər bir halda sığorta şirkətlərinin acgöz niyyətləri reallaşmayacaq!”.