Həkim RƏYİ: “Virusla bağlı iddiaları ortaya atıb əhali arasında təşviş yaratmaq doğru deyil”


Koronavirusun ən qorxulu cəhəti insandan insana yoluxmasıdır



Son günlər  dünyanın diqqəti Çində baş qaldıran yeni koronavirus epidemiyasına yönəlib. Sürətlə yayılan və artıq xeyli adamın ölümünə səbəb olan bu koronavirus hazırda bir nömrəli qlobal təhdidə çevrilməkdədir. Dünyaya yayılmaqda olan virus, həmçinin ABŞ, Almaniya və Fransa da daxil olmaqla bir çox ölkədə aşkar edilib. Xəstəliyin hansı yollarla yoluxduğuna dair elmi araşdırmalar hələ də davam edir.

Həkim-infeksionist Vasif Əliyevin "Şərq"ə açıqlamasına görə,  koronaviruslar daha əvvəldən  bilinən və həkimlərə məlum olan  bir RNT virusdur. 

Onlar yuxarı tənəffüs yollarının bütün virus infeksiyalarının on faizinə səbəb olub. Bir çox epidemiyalara səbəb olan bu  xəstəlik öz-özünə gedir, amma indi həkimlər koronavirusun əvvəllər məlum olmayan genetik növlərini aşkar ediblər.  Ekspert əlavə edib ki, indi virusun mənbəyi heyvanlar, yarasalar hesab olunur:



Vasif Əliyev: “Azərbaycanda bu virusa yoluxma halı müşahidə edilmir. Ölüm faktlarına gəldikdə isə onu deyim ki, qrip virusu da ölümə səbəb ola bilər”


- Bu virusun insandan insana keçmə qabiliyyətinin olduğu məlumdur. Onun əsas simptomları yüksək temperatur, tez yorulma, bəlğəmli öskürəkdir.
Daha çox heyvanlarda görülməsinə baxmayaraq insanlarda da xəstəlik törədə bilirlər. Koronavirus ilk dəfə dekabrın sonlarında Vuhanda dəniz məhsullarının  qeyri-qanuni satışını həyata keçirən bir marketdə satıcı işləyən  4 nəfərdə aşkarlanıb. İlkin simptomları da ağciyər infeksiyasının (pnevmoniya)  əlamətləridir. Yanvarın 7-si isə həmin virusun  koronavirus ailəsindən olduğu aşkarlanıb və məlum olub ki, 2002-ci ildə yayılan SARS ( Şiddətli kəskin tənəffüs çatışmazlığı)  və 2012-ci ildə  yayılan Yaxın Şərq respirator sindrom (MERS) virusu ilə yüzdə yetmiş  oxşarlıq var. Amma  o virus deyil. Yeni yayılan bu virus da koronavirus ailəsinin başqa bir növüdür. Bu virus əvvəllər də insanlarda xəstəlik törədib. Bu xəstəlik isə  bildiyimiz qrip virusu kimi qızdırma, zökəm və ishal əlamətləri ilə özünü göstərib.  5-7 gün ərzində davam edən bu virusa qarşı xüsusi bir  vaksin olmayıb, digər simptomatik dəstək  müalicə ilə keçib. SARS, MERS və koronavirusun indi yayılan növü daha daha çox heyvanlarda  görüldüyü üçün qida vasitəsilə insanlara keçdiyi güman edilir. Daha aydın desək, Vuhandakı marketdə satılan canlı dəniz məhsullarından insanlara keçib. Sonradan isə həmin marketdən alış-veriş edən insanların ailə üzvlərində bu xəstəliyin əlamətləri aşkarlanan zaman insandan insana  keçməsi üzə çıxdı. Əslində, bu virusun ən qorxulu cəhəti də də məhz budur. Virus insandan insana keçən zaman  yayılma arealı daha da genişlənir. 

- Ölkədə Çindən gətirilən mallara qarşı da bir qorxu yaranıb.  Bu məhsullar virus daşıyıcısı ola bilərmi?

 - Xeyr, burada təşviş yaradacaq bir hal yoxdur. Karqo ilə gətirilən malların göndərilməsi  günlərlə vaxt aparır, gömrükdə  saxlanılır. Bu müddət ərzində isə  şübhəsiz  ki, həmin virus canlı qala bilməz. Əgər koronavirusa yoluxan bir xəstə hansısa bir paltarın və ya məhsulun üstünə asqırdığı anda başqa biri ondan istifadə etdiyi halda yoluxma baş tuta bilər. 

- Əhali arasında koronavirusun Azərbaycanda artıq yayılması, hətta ölənlərin olması ilə bağlı söz-söhbət yayılıb. 

- Azərbaycanda bu virusa yoluxma halı müşahidə edilmir. Ölüm faktlarına gəldikdə isə onu deyim ki, qrip virusu da ölümə səbəb ola bilər. Qriplə koronavirusun əlamətləri bir-birinə bənzədiyinə görə, adi qrip virusundan və ya  pnevmaniyadan ölən hər xəstənin epidemiyaya yoluxmasını iddia etmək absurddur.   Diaqnostik təsdiq olmalıdır.  Araşdırma lazımdır ki, qripdən ölən  xəstə  yaxın müddət ərzində Çinə və ya yaxın bölgələrə səyahət edibmi? Və yaxud da Çindən gələn biri ilə təması olubmu? Əks halda koronavirusla bağlı iddiaları ortaya atıb əhali arasında təşviş yaratmaq doğru deyil. 

- Yeni “2019-nCoV” koronavirus epidemiyasının diaqnostik alətlər dəsti Azərbaycana gətirilib. Bunu necə dəyərləndirirsiniz? 

- Düşünürəm ki, virusa yoluxan şəxslərin hospitalizasiyası üçün  diaqnostik alət  dəstinin ölkəmizdə olması kifayət qədər müsbət haldır. Artıq şübhəli xəstələr bu alət vasitəsilə yoxlanılacaq və onlarla təmasda olan digər şəxslər 2-14 gün ərzində nəzarətdə saxlanılacaq. 

- Əgər koronavirusun Azərbaycanda yayılması aşkarlanarsa, ölkə səhiyyəsi mübarizə apara biləcək? 

- Bildiyim qədəri ilə koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər gücləndirilib. Bir neçə xəstəxanada  uşaqlar və böyüklər üçün  xüsusi yerlər ayrılıb. Kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib. Amma hər şey virusun epidemiya, yoxsa pandemiya olacağından asılıdır. Epidemiyaya qarşı Rusiya, Amerika kimi ölkələr belə acizdir.