Mərkəz direktoru səbəbi həmin uşaqların vaxtından əvvəl doğulması ilə izah edir
Azərbaycanda dünyasını dəyişən 18 yaşadək uşaqların sayı və onların ölüm səbəbləri açıqlanıb. 18 yaşadək uşaqların ölümünün əsas səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Bu səbəbdən keçən il 1001 nəfər dünyasını dəyişib.
Sonrakı yerləri sinir və tənəffüs sistemi xəstəlikləri tutur. 2018-ci ildə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından uşaq dünyasını dəyişib.
Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədovanın "Şərq"ə açıqlamasına görə, insanlar çox vaxt diri doğulmuş uşaqla yaşama qabiliyyəti olan uşağı səhv salırlar:
“Qadının hamiləliyinin 22-ci həftəsindən yuxarı müddətdə və ya 500 qram çəkidə doğulan uşaqda ciftin ayrılıb-ayrılmamasından asılı olaraq qeyri-iradi hərəkət varsa, ona diri doğulmuş uşaq deyirlər. Vaxtından əvvəl doğulan uşaqların baş beyini, ürəyi, ağciyəri, böyrəkləri və tənəffüs sistemi yetişmədiyi üçün həmin uşaqların sağlamlığı risk faktoru daşıyır".
Sevinc Məmmədova: “22 həftədən 32 həftəyə qədər müddətdə doğulmuş uşaqların 70 faizində isə perinatal ölüm baş verir”
37 həftəsinə qədər doğulan uşaqların vaxtından əvvəl doğulmuş uşaq sayıldığını vurğulayan S.Məmmədova deyib ki, 22 həftədən 32 həftəyə qədər müddətdə doğulmuş uşaqların 70 faizində isə perinatal ölüm baş verir. Bu, Azərbaycanın rəqəmi deyil, beynəlxalq rəqəmdir. Qalan 30 faiz uşaqlar isə qüsurlu olurlar:
“Əsasən ağciyər, göz, eşitmə qabiliyyəti və sairdə problem olur. 28 həftəlik müddətdə doğulan 1 kiloluq uşaqda beyin inkişaf etmir, göz görmür, qulaq eşitmir. Biz onları müalicə etməyə başlayırıq, amma müalicə zamanı qaraciyərdə, böyrəklərdə problem yaranır. Bu cür uşaqların özünüqoruma qabiliyyəti də yoxdur.
İmmunitet 1500 qramlıq uşaqlarda formalaşır. Ona görə də, bu cür uşaqlar sağalana kimi küvezdə saxlanılır. Yarımçıq doğulan uşaqların bədənində immunitet zəif olduğundan müqaviməti zəif olur və infeksiyalara tez yoluxur”.
Bu cür uşaqların müalicəsinin çox çətin olduğunu qeyd edən Perinatal Mərkəzin direktoru deyib ki, elə uşaq var, 800 qramdır, amma sağlam anadan doğulub və o, sağalır: “Elə uşaq da var, 1500 qramlıqdır, amma problemli anadan doğulub. Bu uşaqlar infeksiyadan belə özlərini qoruya, bədən temperaturunu saxlaya bilmirlər. Bu uşaqları idarə etmək çox çətindir”.
Günay Rəsulova: “Yarımçıq doğulmuş uşaqlarda tənəffüs beyin mərkəzləri tam formalaşmadığına görə, nəfəs durması ani körpə ölümünə gətirib çıxara bilər”
Pediatr Günay Rəsulova da uşaq ölümlərinin əsas səbəbinin perinatal dövrdə meydana çıxan problemlər olması faktı ilə razılaşıb:
“Perinatal dövrdə meydana çıxan problemlər dedikdə vaxtından əvvəl doğulmalar, düşüklər və anadangəlmə inkişaf qüsurları nəzərdə tutulur. Bəzən doğuş travmaları da uşaq ölümünə səbəb ola bilir. Az çəkili və yaxud yarımçıq doğulmuş uşaqlarda tənəffüs beyin mərkəzləri tam formalaşmadığına görə, nəfəs durması ani körpə ölümünə gətirib çıxara bilər. Bundan başqa, bir sıra infeksiyalar da ani körpə ölümünün səbəbləri arasındadır".