"Briyaniyanın baş naziri durub əhaliyə müraciət edir ki, hazırlaşın, yaxınlarınızı itirəcəksiniz"
"Dünyanın bir nömrəli mövzusu olan koronavirus bəlası bəşəriyyəti təhdid etməkdədir".
Bunu "Sherg.az"a açıqlamasında Londondan yenicə qayıdan Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib.
Hüquq müdafiəçisi bildirib ki, dünyanın hər yerində bu virusa qarşı mübarizə tədbirləri aparılmaqdadır:
"Hər gün yüzlərlə insan bu virusdan dünyasını dəyişir. İllərdir dünyanın ən inkişaf etmiş ölkələri sayılan Avropa qitəsində qurbanların sayı daha çoxdur. Bu da düzgün idarəetmənin olmadığını və vətəndaşlarla hökumətlərin yalnış təmaslarının təzahürüdür. Hər gün 700-800 nəfər təkcə İtaliyada dünyasını dəyişir. Çünki zamanında İtaliya bu virusa qarşı ciddi tədbirlər görmədi və artıq bu ölkə üçün çox gecdir".
Ekspertə görə, Azərbaycan virusa yoluxma qeydə alınmamışdan öncə ciddi profilaktik tədbirlər görməyə başlayıb:
"Təbii ki, bizim ölkədə də bu virusa yoluxmalar var və olacaq. Bu, dünyanın hələ tam öyrənib qurtula bilmədiyi bir bəladır.
Amma burada diqqəti çəkən məqam Azərbaycan dövlətinin bu virusa reaksiyasıdır. Mən bu yaxınlarda Böyük Britaniyadan qayıtmışam. Orada indiyə kimi 5 mindən çox insan koronavirusa yoluxub və 300-ə yaxın insan artıq bu virusdan dünyasını dəyişib. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Britaniya ən inkişaf etmiş iqtisadiyyatına və qabaqcıl səhiyyə sisteminə malik bir ölkədir. Briyaniyanın baş naziri durub əhaliyə müraciət edir ki, hazırlaşın, yaxınlarınızı itirəcəksiniz. Yəni, bu boyda ölkənin birinci şəxsi belə bu virusla mübarizəyə hazır deyil".
Ə.Şahidov vurğulayıb ki, Azərbaycan ilk günlərdən mübarizə sahəsində diqqəti çəkən ölkələrdən oldu:
"Nəticədə dünya ölkələri sırasında ən az yoluxma halı məhz Azərbaycanda müşahidə olunmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin koronavirusla bağlı silsilə addımlar atması - Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və bu qurumun fasiləsiz rejimində çalışması, bütün dövlət və hökumət qurumlarının səfərbər olunması, effektiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və ən əsası da vətəndaşlarla lazımi profilaktik tədbirlərin aparılması Azərbaycanda bu virusa yoluxmanın aşağı səviyyədə olacağını indidən proqnozlaşdırmağa əsas verir. Burada ən böyük məsuliyyət də biz vətəndaşların üzərinə düşür. Məsələn, Londondan qayıtdıqdan sonra evdən bayıra çıxmıram və ətraf aləmdən özümü təcrid etmişəm. Məncə, bütün vətəndaşlarımız bu qaydalara ciddi riayət etməlidirlər".
Hüquq müdafiəçisinə görə, panikaya düşməyə gərək yoxdur:
"Azərbaycan güclü dövlətdir, sistemli şəkildə addımlar atılır və bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. Bədnam qonşularımız da bu virusdan daha çox əziyyət çəkən ölkələr sırasındadır. Bizdən 4-5 dəfə çox insan Ermənistanda bu virusa yoluxub. İnanıram ki, ölkə başçısının qətiyyətli mövqeyi sayəsində xalqımız bu bəladan ən az itkilərlə qurtula biləcək. Bu günlər dövlət və vətəndaş həmrəyliyini görməkdəyik. Bu sınaqdan da layiqincə çıxacağımıza inanıram. Allah Azərbaycanımızı qorusun!".