Maska möhtəkirlərinə cəza:“Dövlətin tədbirlərini gözdən salırlar”

“Təəssüf edirik ki, vəziyyətdən sui-istifadə edənlər var. Bu isə nə insanlığa, nə də kişiliyə sığır” 

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”. Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. Prezident qeyd edib ki, bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər: “Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.



Dövlət başçısının xəbərdarlığını “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, indiki məqamda bu cür dələduzluq edənlərə min lənət olsun.  Ekspertin sözlərinə görə, onlar ən ciddi şəkildə cəzalanmalıdır: 

“Bir tərəfdən insanlar tanımadığı adam belə yardım əlini uzadır. Gənclər qapı-qapı gəzərək kimsəsizlərə, yaşlı insanlara əl tuturlar, onların ehtiyaclarını ödəyirlər. Digər tərəfdən isə bu cür dəllallar ortaya çıxır. Çox təəssüf edirik ki, camaatın çıxılmaz vəziyyətindən sui-istifadə edənlər var. Bu, insan xarakteridir, dəyişməsi mümkün deyil. Ona görə də qanunsuz əməllərə əl atanlar, karantin dövründə öz mənafeləri naminə iş görənlər ən ağır formada cəza almalıdır. İnsanların hazırda daha çox üz tutduğu məkan apteklərdir. Dövlət də əlindən gələn hər şey edir, qurumlar fasilə vermədən fəaliyyət göstərir. İmkan vermək olmaz ki, üç-beş işbaz fürsətdən istifadə edərək dövlətin gördüyü təqdirəlayiq tədbirləri gözdən salsınlar. Onların bu hərəkəti nə insanlığa, nə də kişiliyə sığır”.