Həkimdən SOS: “ Karantinin yumşadılması riskdir, ikinci dalğa..." - Tələsirik ! 

“Hələ respublika ərazisində soyuq hava kütləsi "hökmranlıq edir". Yəni infeksiyanın yayılması üçün əlverişli şərait var”



Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib. 

  Beləliklə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən bir çox iş yerlərində və xidmət sahələrində fəaliyyət bərpa olunacaq.  Eyni zamanda “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayacaq.

 Bu, evdə qalmaqdan usananların ürəyincə olsa da, bir çoxları üçün  narahatlıq yaradır. 



Qərarı "Sherg.az"a dəyərləndirən həkim- allerqoloq Şahvələd Məmmədov narahatlığa əsas olduğunu düşünür: 

"Bu, riskdir. Ola bilsin, tələsirik. Xəstəliyin ikinci dalğasının gəlməsi də mümkündür. Məncə, mayın 4-nə, yəni karantin rejimi başa çatana kimi gözləməkdə fayda var. Həm də havalar yavaş- yavaş isinir. Hələ respublika ərazisində soyuq hava kütləsi "hökmranlıq edir". Yəni infeksiyanın yayılması üçün əlverişli şərait var. Deməli, bir az da gözləməliyik. Onu da deyim ki, Operativ Qərargah bu qərarı veribsə, deməli, nələrisə düşünüb, ölçüb- biçib. Yumşalma əks- nəticə versə, yenidən çevik formada lazımi tədbirlərin görüləcəyinə inanıram".