Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Nikol Paşinyanın 1994-cü ildən bəri Bakı ilə danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı barədə bəyanatı ATƏT-in Minsk qrupunun buraxılması üçün zəmin hazırlayır. Bunu erməni politoloq Qriqor Balasanyan deyib. O bildirib ki, 95 faiz əmindir ki, bu bəyanatlarla Paşinyan Minsk qrupunun buraxılması üçün hazırlıqlara başlayır: "Bu, həm də Prezident İlham Əliyevə Ermənistanın onun növbəti tələbini təmin etməyə hazır olduğuna işarədir”. Balasanyanın fikrincə, Qarabağ münaqişəsinin əslində aşkar həlli yox idi:
“Ermənistan və “artsax” Azərbaycanın ərazi bütövlüyünü əsas götürməkdən imtina edirdi, Azərbaycan isə Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımağa razı olmurdu. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə münaqişənin uzunmüddətli dondurulması idi”.
Baş nazir Paşinyan isə bildirir ki, Ermənistanın keçmiş prezidentləri altı ildir onunla uzaqdan mübahisə edirlər: “Keçmiş prezidentlər deyirlər ki, mənimlə mübahisə edəcəkləri heç nə yoxdur, amma altı ildir mənimlə uzaqdan, “təhlükəsiz məsafə”dən mübahisə edirlər. Mübahisə edəcək bir şeyiniz yoxdursa, işinizə baxın, hər dediyimi nümayəndələrinizlə, tanışlarınızla, dostlarınızla, bəzən evdə, bəzən də xarici tanışlarınızla götür-qoy etməyin. Əgər mübahisə edirsinizsə, gəlin arqumentləri xalqın qabağına qoyun, tələsik “diplomatik sözlər” səsləndirməyək, onsuz da insanların çoxu o dili bilmirlər”.
Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın keçmiş hakimiyyətlərinin 1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqları Qarabağın Azərbaycana qaytarılması üzərində apardıqlarını açıqlayıb. Baş nazirin sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb və bütün digər proseslər yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib. Paşinyan bunu sübut etmək üçün əvvəlki prezidentləri debata çağırsa da, Ter-Petrosyan, Köçəryan və Sərkisyan təklifi qəbul etməyiblər. Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya televiziyasına müsahibəsində növbəti dəfə sülhlə bağlı Bakının tələblərini gündəmə gətirib və vurğulayıb ki, İrəvan Konstitusiyanı dəyişdirməli və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətə razılıq verməlidir.
AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Şərq"ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Rusiya televiziyasına verdiyi müsahibə, əslində, Azərbaycanın xarici siyasət kursunun bir daha bəyanı idi. Ekspertin sözlərinə görə, ölkə başçısının müsahibəsində əsas tezisləri içərisndə təbii olaraq Azərbaycanın təhlükəsizlik məsələləri, sülh danışıqları, Cənubi Qafqazda gedən təhlükəli proseslər, həmçinin Ermənistanın silahlanması idi:
"Müsahibədə bir daha sülh sazişinin imzalanmasında əsas əngəlin ATƏT-in Minsk qrupunun buraxılmasının və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması olduğu vurğulandı. Təəssüf ki, bu obyektiv reallıqları erməni cəmiyyətində yanlış olaraq Azərbaycanın diktəsi və şərti kimi qələmə verilir. Ona görə də erməni cəmiyyətinin buna reaksiyası aqressivdir. Paşinyan da mövcud aqressiyadan və onun nəticələrindən çəkindiyi üçün konkret və qətiyyətli addımlar atmaqdan ehtiyatlanır. Qorxur ki, tələb olunanları həyata keçirərsə, himayədarlarının qəzəbinə tuş gələ bilər. Xüsusən, Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların əleyhinədir və gərginliyi artırmaqla məşğuldur".
Analitik vurğulayıb ki, Cənubi Qafqazda Rusiyanı əvəzləməyə çalışan Fransa elə həmin yarıtmaz və gorbagor olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir:
"Ermənistan özünü beynəlxalq ictimaiyyətə "sülhpərvər" imicdə göstərməyə çalışsa da, sülh sazişini imzalamaqda maraqlı deyil. İrəvan çox ciddi və sürətli şəkildə silahlanır, müdafiə qabiliyyətini artırır, regiona kənar oyunçular cəlb edir. Ermənistanın yüksək səviyyəli rəsmi şəxslərinin verdikləri bəyanatlardan belə məlum olur ki, ən azı 2028-ci ilədək Konstitusiya dəyişikliyi ilə bağlı referendum olmayacaq. Bu o deməkdir ki, sülh sazişi də imzalanmayacaq. Həmin müddətədək Ermənistan sülhü imitasiyası edəcək. Minsk qrupunun buraxılması məsələsini də yubadacaqlar. Baş nazir Paşinyan adətən öz çıxışları ilə həmişə olduğu kimi yenə də cəmiyyəti çaşdırmaqla məşğuldur".